“Nərbala baxdı ki, dərviş atın qabağına ət qoyub, aslanın qabağına dən töküb, quşun da qabağına ot qoyub. Tez, götürüb dəyişdirdi, əti aslana, otu ata, dəni də quşa verdi. Heyvanların üçü də səslənib Nərbalaya ”sağ ol” dedilər”.
(“Ağ atlı oğlan”, Azərbaycan xalq nağılı)
Baş epidemioloq İbadulla müəllim ictimai təzyiqlər qarşısında davam gətirməyərək vəzifəsindən istefa vermişdir və hal-hazırda uca millətimiz epidemiya qarşısında köməksiz qalmışdır. Axı bizdə rəhbər olmayanda, göstəriş verilməyəndə camaat adi şirinçay da hazırlaya bilmir, gəl gör, bu boyda zırıltı koronavirus pandemiyası olsun. Real hadisədir, 1930-cu illərdə Azərbaycan SSR-də kolxoz quruculuğu zamanı Laçın rayonu tərəfdə bir bəyi tutub sürgünə göndərirlər, var-dövlətini də kolxoza qatırlar, qoyun sürüləri-filan olur guya kəndlilərin. Bir il çəkmir, bütün sürü qırılır, it-bata düşür, xəstəliyə tutulur, nə bilim, dağdan uçur və sairə. Raykomdan komissiya gəlir, camaatı yığıb deyir: “Niyə sürünün axırına çıxdınız, axı bəyin vaxtında elə bu sürünü siz özünüz otarır, saxlayırdınız, artırırdınız?” Camaat deyir: “Onda bəy bizə göstəriş verirdi, bilirdik nəyi necə eləməliyik”.
Bəli, ağa deməyəndə dərəyə sürmək alınmır, mən hesab edirəm, İbadulla müəllimin yerinə təcili kimisə qoymaq lazımdır, yoxsa olan-qalan rəiyyət də asqırıb-öskürüb qırılacaqdır, ölkəmizdə kommunizm quruculuğunu, Cocuq Mərcanlı kosmodromundan Marsa yollanan ilk zəhmətkeşlərimizi görməyəcəkdir.
Özü də İbadulla müəllim yetərincə koloritli adam idi, istənilən açıqlaması adamın kefini açır, üzünü güldürürdü. Gülüş isə immuniteti gücləndirən, epidemiyanın qarşısını alan əsas vasitələrdən biridir. Yerini doldurmaq çətin olacaqdır. Elə İbadulla müəllimə hücumların səbəbi də “rayonda yas yerindəyəm, heç bir şeydən xəbərim yoxdur” açıqlaması olmuşdu. Guya rəhbərin hər şeydən xəbəri olmalıymış. İndi yerinə eləsi gələr ki, heç telefonunuza cavab verməz, qalarsınız dızıldaşa-dızıldaşa – Tağı müəllim demişkən. Yeri gəlmişkən, MTN Eldar Metro Tağının 3 milyon dollarını hələ qaytarmayıbdır, yadımızdan çıxarmayaq.
İbadulla müəllim istefa açıqlamasında bizim üçün yeni bir informasiya da verdi, deyir, onsuz baş epidemioloq vəzifəsinə görə pul almırdım, ictimai vəzifə idi. Maraqlıdır. Bəs bu ölkənin pulları, sərvətləri görəsən hara gedir ki, axırda hamının pulsuz işlədiyi məlum olur? Artistindən jurnalistinə, məmurundan oliqarxına qədər hər kəs axırda “canımı xalqın yolunda qoymuşam, təmənnasız şəkildə” söyləyir. Əlbəttə, mən İbadulla müəllimə inanıram, bunu sözgəlişi, ümumi olaraq yazıram. Hamının Azərbaycan naminə, el üçün yaşadığı ərazidə doğulduğuma görə qürur duyuram. Şair demişkən, qoy millətdə ruh yaşasın!
Hərçənd, qızılgülün də üstündə tikan olur, hər gözəlin bir eybi vardır-zad… Dünən prokurorluq növbəti ciddi korrupsioneri – Dövlət Nəfəs Alətləri Orkestrinin bədii rəhbəri Lütfi müəllimi yaxalamışdı. Sən demə, Lütfi müəllim uzun illər orkestrdə saxta ştatlar açıb maaşları cibinə qoyurmuş. Misal üçün, dövlət elə bilirmiş onun ansamblında 10 zurnaçalan vardır, lakin əslində 5 zurnaçalan olurmuş. Yaxşı, bəs bu dövlət müəllim niyə ansambl çalanda zurnaların səsinin az çıxmağına fikir verməyibdir? Axı beş zurnaçı ilə on zurnaçı arasında müəyyən səs fərqi olmalıdır. Yəqin zurnası çalınan əhvalatlar, toy-bayram tədbirləri həddindən artıq səs-küylü, analoqu olmayan, regiona sığışmayan şəkildə aparılıbdır, nəticədə biz ümumi kakofoniya (söyüş deyil, “pis və qarışıq səslər” deməkdir) içində zurnaçıların sayına diqqət eləyə bilməmişik. Əşşi, əsas odur indi bədii rəhbərin özünün zurnasını çaldılar. Bizə bu lazımdır. Gec olsun, güc olsun. Qoy ədalət zəfər çalsın. Zurnada.
Bir maraqlı paralel də korrupsiyanın nəfəsli ansamblda tapılmasıdır. Nəfəslə bağlı pandemiya dövründə korrupsiya zərb alətləri ansamblından çıxa bilməzdi. Əsl mistikadır. Pirə nəzir verməliyik.
Nəsə, bu yazının muzıkası elə bil çox oldu, buna görə İbadulla müəllimə son dərin minnətdarlığımı bildirib, nöqtəni qoymaq istəyirəm. Kaş vaxtında saxta zurnaçıların adına yeyilən pulları İbadulla müəllim kimi həkimlərə (müəllim kimi həkim – təzə kəşfimdir) verəydilər, o zaman bizim epidemiyalardan qorxumuz olmazdı.