6-7 il əvvəl bir reportyorumuz vardı, insanların işinə yaramağı çox sevərdi. Harda bir yaramazlıq görsə, biganə qalmazdı, xəbər hazırlayar, ya da əlaqədar strukturlara zəng edər, xəbər verərdi. Məsələn, olurdu ki, onun mindiyi avtobusda sürücü qəza vəziyyəti yaradırdı, qaqam işi belə qoymurdu, Nəqliyyat Nazirliyinə zəng edir, məsuliyyətsiz sürücünün cəzalanmasına çalışırdı. Marketdən alınan mallar xarab çıxıbsa, yenə dinc durmazdı, ən azı sosial şəbəkədə şəkil-filan paylaşardı.
Bir də onda duyuq düşdük ki, tay-tuşları zarafata salaraq, ona “işverən” deyirlər. Gənc reportyor əvvəl-əvvəl bu sözdən pisikirdi, “işverən” adlandırılmaq istəmirdi. Bir dəfə məndən soruşdu ki, hocam, bu elədiklərim işverənlik kateqoriyasına aid edilə bilərmi. Dedim, qətiyyən elə deyil, sən çox xeyirxah işlər görürsən. Almaniyadan, o biri Avropa ölkələrindən misal çəkdim, dedim, bax, orda kimsə kamera və yol polisi olmayan yerlərdə qayda-qanunları pozsa, insanlar onun avtomobilinin nömrəsini yazıb lazımi yerə bildirirlər, yaxud biri evdə arvad-uşağını döysə, qonşular dərhal şikayət edirlər və s. “Səninki xoşməramlı işverənlikdir, caizdir, uşaqların dediyini ürəyinə salma” dedim.
Ondan sonra o, deyilənlərə əhəmiyyət vermədi, peşəsinə uyğun olaraq fəaliyyətini davam etdirdi, ictimai maraqlar naminə xeyli iş gördü (baxın, bilə-bilə “iş verdi” yazmadım). Hətta əlinə yeni bir iş düşəndə telefonu götürür, “indi bir işverənlik edəcəm” deyir, gülür, nömrəni yığırdı.
Bir də var, mərdiməzarlıq, 3-5 manat pula görə gizli-gizli işverənlik etmək. O başqa kateqoriyadır. Məsələn, tut və zoğal yetişən yerlərdə gedib polisə “qonşum araq çəkir” demək adi işverənlik deyil, kafirlikdir, kollaborasionistlikdir. Yaramaz adam, sən zəhmətkeşi araq imtahanına niyə çəkirsən, rızqına niyə bais olursan, o, arağı öz şəxsi istehlak tələbatı üçün çəkir axı, boğazından artacaqmı ki, satıb pul qazansın…
Bu hadisəni başqasının mal-heyvanını oğurlayıb gətirən qonşunun əməli ilə eyniləşdirmək olmaz. O başqa söhbətdir. Kimsə oğrunu, cibgiri ifşa edirsə, olar. Amma bunu da peşəyə çevirmək, hamını güdmək və verməyə iş axtarmaq qəbih hərəkətdir.
Başqa bir kateqoriyadan olan işverənlik də var. Buna da özünümüdafiə xarakterli işverənlik demək olar. Bizim kənddə bir sakit, eyni zamanda cığal, öcəşkən biri vardı. 4-5 adamın oturduğu yerdə hələm-hələm söhbətə qarışmazdı, amma tipi eləydi ki, mütləq kimsə onunla məzələnmək istəyərdi. Belə olanda o, həmin şəxsə ağır (var-yox) söyüş söyərdi. Söyərdi və döyülərdi. Döyülərdi və milisə qaçardı. Milislər gəlib döyəni tutar, 500-1000 manat pulunu alardı. Belə hadisələr çox olmuşdu. Hamı ondan gen gəzirdi, deyirdilər, toxunmayın, işverəndir. Uşaqlar danışır ki, bir dəfə sahə müvəkkili kəndin ortasında onunla rastlaşıb, deyib, çoxdan görünmürsən, əmoğlu, iş-zad yoxdurmu. Bu da saf adam, deyib, niyə yoxdur, iş başımdan aşır, ot çalıram, taya basıram, su suvarıram, dana saxlayıram… Sahə müvəkkili başını bulayıb, “o işi demirəm” deyə pərt-pərt çıxıb gedib.
O gün ard-arda bir neçə adamın ictimai naqisliklərə, qayda pozuntularına qarşı çıxış edənləri, əsasən də jurnalistləri “işverən” adlandırması bir çox həmkarlarımızın xətrinə dəyib. Amma nahaq yerə. Kim nə deyir, özü üçün deyir. Hətta klassik mənada işverənlik etmək onların etdiklərindən abırlı işdir.
Bu terminin necə ortaya çıxması isə mübhəm məsələdir. Qardaş türklər sahibkarlara, iş yeri açanlara “işverən” deyirlər. Bir ara az qala biz də sahibkarlara elə bir ad qoyacaqdıq, müvafiq qanun da hazırlanmışdı, amma deputat Madər Musayev mərdiməzarlıq elədi, ömründə ilk (yeganə) dəfə parlamentdə çıxış edərək dedi ki, Murtuz müəllim, bu “işvərənnik söhbəti yaxçi döyül, başqa bir söz tapaq”. Beləcə, gül kimi omonim məhv oldu, “işverən” termini inhisara alındı.
Amma eybi yox, jurnalistlər xalqın maraqları üçün iş verə-verə, alçaq adamların işini bura-bura bu sözün kir-pasını yuyub, onu yaxşı terminə çevirəcəklər. Əslində hamı yaxşı mənada, mən deyən kimi, işverənlik etsə, ölkə çox qabağa gedər. İşverənliyi instititusinal etmək, ona konseptual yanaşmaq lazımdır. Xalqın nicatı bundadır – tam ciddi deyirəm.