Nevropotoloq Lalə İbrahimova koronavirusla mübarizənin incə nüanslarını açıqlayır 

Bu günlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirusla mübarizə davam edir. Xüsusən də həkimlər fövqəladə rejimdə, gecə-gündüz çalışırlar. İnsanlarımıza həm şəfa verən, həm də bu durumdan çıxış yolu göstərən şəxslərdir onlar. Bu müharibədə ön cəbhədə vuruşaraq öz həyatlarını da riskə atırlar.

Mərkəzi Gömrük hospitalının həkim nevroloqu və qadınlardan ibarət A milli futbol komandasının həkimi Lalə İbrahimova da bu günlərdə “ön cəbhə”də olanlardandır. Musavat.com-un suallarını cavablandırarkən L.İbrahimova həm koronavirusla bağlı ölkəmizdəki ümumi vəziyyət, həm də bu durumdan çıxış yolları barədə danışıb.

– Ölkədə koronavirusla mübarizə gedən ərəfədə siz də, ixtisasınız nevropotologiya ilə bağlı olsa da, bir həkim olaraq bu mübarizəyə qatıldınız. Doktor, bütün həkimlər səngərdə vuruşmağa çıxmalıdırmı?

– Əlbəttə. İxtisasından asılı olmayaraq ağ xalat geyinən bütün mütəxəssislər ön cəbhədə iştirak etməlidir. Çünki hamı 6 il tibb təhsili alır, sonra konkret sahə üzrə ixtisaslaşır.

-Özünüz də yoluxmaqdan qorxursunuzmu?

-Bəli, mən də, hamı kimi bu virusa yoluxmaqdan qorxuram. Lakin məni daha çox ölkəmizdə gün-gündən bu virusa yoluxanların sayının artması, xəstəxanaların dolması qorxudur. Əvvəllər yaşlıların və yanaşı xəstəlikləri olanların ağır vəziyyətə düşməsini görsək də, indi cavan, heç bir problemi olmayanların ağır vəziyyətə düşməsi daha çox narahatedicidir.

“Virusla insan arasında zəncirin qırılması o zaman baş verəcək ki...”

-Ölkədə koronavirusla mübarizə istiqamətində yetərli baza və təcrübə varmı? Həkimlərimiz, səhiyyə sistemi bu sınaqdan üzüağ çıxa bilirlərmi?

-Yetərli bazanın olub-olmaması sualına mən cavab verə bilmərəm. Bu suala TƏBİB cavab verə bilər. Təcrübəyə gəlincə, bu virus tibb aləminə məlum deyil və bütün ölkələr bir-birinin təcrübəsindən istifadə edir. Biz də həmçinin, qonşu ölkələrin təcrübəsindən yararlanırıq.

Bizim həkimlərdən ibarət müxtəlif qruplarımız var və o qruplarda, xaricdə, təmas xəttində mübarizə aparan həkimlər də var. Pandemiya elan ediləndən həkimlərimiz bu virus haqqında həmin qruplarda müzakirələr aparır, maksimum məlumatlanmağa çalışır və araşdırırlar. Həkimlərimizin və səhiyyəmizin bu məsələdən üzüağ çıxması məsələsinə gəlincə, əlbəttə ki, əgər insanlar karantin rejiminə ciddi şəkildə əməl etsələr, virusla insan arasında zəncirin qırılması baş verəcək, pandemiya yumşaq keçəcək və biz həkimlər də yoluxmuş bütün insanlara lazımi yardımı edə biləcəyik. Əks halda, biz çox acınacaqlı vəziyyətlə qarşılaşa bilərik. Buna görə də hər kəs çox məsuliyyətli olmalıdır.

– İnsanlar karantinin və virusun neqativ təsirlərinə məruz qalmamaq üçün nələr etməlidir?

-Karantin müddətində insanlar bir sıra məsləhətlərə riayət etməsələr, sağlamlıqlarında narahatlıqlar yarana bilər. Bunlara bütün gün sosial şəbəkələrdə olmaq, gecələr yatmamaq və hərəkətsizlik aiddir. COVİD 19 pandemiyasi insanlarda stresin yaranmasına səbəb olub. Məlumatların çoxluğu və daim yenilənməsi informasiya yüklənməsinə, mənfi informasiya stressinə gətirib çıxarır. İnformasiya stressi insanlarda hər gün fasiləsiz olaraq sosial şəbəkələrdə 3 saatdan artıq vaxt keçirməsi nəticəsində hədsiz dərəcədə informasiya ilə yüklənməsinin sonucu olaraq yarana bilər. İnformasiya stressi özünü fizioloji səviyyədə yuxu pozğunluğu, yorğunluq, baş ağrısı, intellektual zəmində yaddaşın zəifləməsi, konsentrasiyanın pozulması, emosional səviyyədə qəzəb və depressiya ilə özünü biruzə verir. Həmçinin stres zamanı kortizolun səviyyəsi yüksəlir, toxumaların bu hormona qarşı həssaslığı aşağı düşür və beləliklə, iltihab əleyhinə maddələr az sintez edilir. Nəticədə orqanizm üzülür, immunitet zəifləyir. Mən karantin dövründə insanlara məsləhət görürəm ki, sosial şəbəkələrdə material oxuyan zaman hər 45 dəqiqədən bir aktiv fasilə etsinlər, COVİD 19-la bağlı bütün məlumatları rəsmi qurumlardan oxusunlar, oturduqları otağın havasını tez-tez dəyişsinlər, uşaqları ilə ünsiyyət qursunlar, gecələr yatsınlar, ailə üzvləri ilə birlikdə idman etsinlər və Operativ Qərargahın verdiyi bütün tövsiyələrə əməl etsinlər. Verilən tövsiyələrə əməl etmək təhlükəsizliyimiz, xroniki xəstəliklərin kəskinləşməməsi və tez bir zamanda pandemiyaya qalib gəlməyimiz üçün çox önəmlidir.

-Görürük ki, vəziyyət çox ciddidir. “Bu gün-sabah virusa yoluxacam” təlaşı ilə insanlar həm də psixoloji gərginlik həddinə çatırmı?

-Yoluxmalar artdıqca insanlar ailələrində, yaxınlarında, iş yoldaşları arasında yoluxanları gördükcə yoluxma qorxusu artır və əlbəttə ki, gərginlik də artır.

“Virusla insan arasında zəncirin qırılması o zaman baş verəcək ki...”

-Yeri gəlmişkən, siz həm də qadınlardan ibarət milli futbol komandasının həkimisiz. Koronavirusla mübarizədə idmanın faydalarından danışdıq az öncə. Futbol oyunları nə zaman başlayacaq?

-Operativ Qərargah nə zaman icazə versə, məşqlər və oyunlar o zaman bərpa olauncaq.

-Doktor, bəzi insanlar koronavirusun olmasına inanmır, bunu şişirdilmiş hesab edir, yalan kimi dəyərləndirir. Necə düşünürsüz, bu inamsızlıq həm də bir psixoloji problem ola bilərmi? Gözümünüzn qabağında bu qədər insan yoluxarkən, dünya bu problemlə üz-üzəykən inamsızlıq nümayiş etdirənlər, bu inamsızlığı yayanlar hansı psixoloji halın daşıyıcılarıdır?

-Əslində bu hal bütün xalqlarda belə olub. İnsanlar ilk əvvəl inanmayıblar, sonra yoluxma sayı artıb. Xəstələri ağır vəziyyətdə gördükdən sonra inanıblar. Bu mərhələni bütün xalqlar keçib. Bizim xalqımız da eyni mərhələni keçir. Sadəcə, başqalarının etdiyi səhvlərdən nəticə çıxarmaq lazım idi. İndi müdrik, dərin düşünən insanlar nəticə çıxarıb inanırlar. Səthi düşünən insanlar isə yalan sayıb inanmırlar. Hətta lazımsız istiqamətdə təbliğat da aparırdılar. Dövlət bunu nəzarətə aldı.

Sevinc Telmanqızı
Musavat.com