İran parlamentinin deputatı Məhəmməd Mehdi Zahidi Tehran şəhərində yerləşən küçələrdən birinə Corc Floydun adının verilməsini təklif edib.

TASS xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.

“Mən kapitalist və irqçi Qərb sisteminə etiraz olaraq, Tehran küçələrindən birinə Corc Floydun adının verilməsini təklif edirəm”, – deyə M.Zahidi qeyd edib.

Xatırladaq ki, mayın 25-də C.Floyd saxta əskinaslarla ödəniş edilməsi şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.