“Könüllünün öz/əl kitabı”, hüquq üzrə fəlsəfə doktoru, dosent Adilov Nadir Adil oğlunun (Nadir Adilman) müəllifliyi ilə yazılan kitab, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) də dəstəyi ilə 13.000 tirajla nəşr edilib. Bu günədək 9000 oxucuya kitab ödənişsiz olaraq təqdim edilib.
Kitabda diqqət çəkən məsələlərdən biri gənclərin psixoloji ruhunu motivasiyaedici maliyyə savadlılığının öyrənilməsi, rəqəmsal savadlılıq məsələlərinə də toxunulmasıdır. Eyni zamanda müəllif könüllü valideynlərini də unutmur və onlara övladlarının könüllülük fəaliyyəti yolu ilə inkişaf etmələri metodlarına da çatdırır.
Kitab işgüzar inkişafında, karyerasında müvəffəqiyyət qazanmaq istəyən, istər cəmiyyətdə, istərsə də kollektivdə könüllü olaraq ilk addımlarını atan gənclərə, o cümlədən hazırda könüllü olan tələbə və gənclərə, həmçinin onların valideynlərinə, təşkilati fəaliyyətlərinə könüllü cəlb etmək istəyən qurumlara, bu qurumların könüllülərlə işləyən əməkdaşlarına ünvanlanıb.
Kitab statusundan, yaşından, cinsindən asılı olmayaraq, könüllü olmaq istəyən və indiyədək bu şansı tapmayan hər kəsin gələcək fəaliyyəti üçün yazılması xüsusi əhəmiyyətə malikdir. Çox önəmlidir ki, kitabda könüllülük fəaliyyətinin tarixinə, davamlı dəyər kimi formalaşmasına xüsusi bir fəsillə önəm verilir. Eyni zamanda müəllif könüllülük hərkatında Milli Könüllü təsisatlarının da rolunu xüsusi olaraq vurğulayır.
Kitabda eyni zamanda Beynəlxalq təcrübədə könüllülük, fərdi və işgüzar inkişaf üçün könüllülüyün önəmi qeyd edilir. Bacarıqlar sayəsində arzuların ifadəsi və planlaşdırma məsələləri geniş olaraq izah edilir. Kitabda BMT-nin Könüllülük Proqramı tərəfindən rəsmi təqdim edilmiş və mühüm əhəmiyyət daşıyan məlumatlar da yer alıb. Eyni zamanda Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa İttifaqı, Avropa Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı və bu qəbildən olan təşkilatlarda könüllü olmağın prosedurları barədə də geniş məlumat verilib.
Həmçinin, müəllif könüllülük fəaliyyətinin gənclər üçün peşəkar inkişafında sosial şəbəkələrin imkanlarından sağlam istifadə və işgüzar inkişafa nail olma məsələlərini də xüsusən qeyd edir.
Kitab ödənişsiz olaraq yayılır və satıla bilməz.
KOBİA, Bakı şəhərində fəaliyyət göstərən kitab mağazaları, kafelər vasitəsi ilə kitab əldə etmək istəyən gənclər arasında ödənişsiz əsaslarla yayılıb. Həmçinin kitabı Özsüt kafe və restoranlar şəbəkəsindən də əldə edə bilərsiniz.
Dr. Nadir Adilman eyni zamanda işgüzar inkişaf yazarı və biznes mentordur. O bundan başqa bir neçə kitabın, “Gəncsən? Başla!”, “Məqsədlisən?!”, “O gələcək” kitablarının müəllifidir. Bu kitablar Azərbaycan kitab bazarında bestseller hesab edilir və ən çox satılan əsərlər siyahsındadır. Onun kitabları yaxın zamanlarda Fransa, İspaniya və Rusiyada kütləvi tirajla nəşr ediləcəkdir.