Doğrusuna qalsa, mən indiyədək professor adı daşıyan eşşək görməmişəm.
Kənd yerlərində heç vaxt eşşəyə “Professor”, “Doktor”, “Alim”, “İnspektor” adı qoymazlar, uzağı “Boz eşşək”, “Sarı ulaq”, “Şıllaq atan uzunqulaq” adı qoyarlar.
İstisnalar da ola bilər. Məsələn, bizim qonşuluqda uşaqlar öz eşşəklərinə “İqnatyuk” deyirdilər. Onlar bu adı ya hansısa filmdən götürmüşdülər, ya da hansısa kitabdan.
Amma ali məktəbdə oxuyarkən “Eşşək” adı daşıyan professor görmüşəm. Pis adam deyildi, bir az qaba, qırmızı adam idi, sözü şappadan deyib, qəlb qırmağı vardı, ona görə də tələbələr ona o adı qoymuşdular: “Eşşək Hətəm” (təbii ki, ad dəyişdirilib).
Həmin müəllimin belə adlandırılmasının başqa bir səbəbi də o idi ki, universitetimizdə o adda iki professor vardı və tələbələr söhbətlərində onları bir-birindən ayırmaq zərurəti hiss edir, bu zaman ləqəblərdən yararlanırdılar. O biri Hətəmin də ləqəbi “Qızıl” idi – “Qızıl Hətəm”. Bu ləqəb heç də onun qızıl-zinət əşyaları həvəskarı olmasını ehtiva etmirdi, müəllimin qızıl xasiyyəti vardı, tələbələri imtahanda kəsib incitmirdi, hamını yola verirdi. Belə müəllimlər isə tələbələr üçün “qızıl adam” sayılır.
Əslində elə bir kənd olmaz ki, orada adının qabağına “Eşşək” ayaması taxılmayan ən azı bir adam olmasın. İki-üç də ola bilər. Məsələn, olur ki, “eşşəklikdə” ad çıxarmış yaşlı adamla yanaşı, təzə dənzərmiş bir qaba gənc də olur, ona da “Bala eşşək” ləqəbi qoyulur.
Bir iş var ki, heç kəs bu cür ləqəb daşıyanların üzünə qarşı o sözü deyə bilməz. Qan düşər. Nəsillər bir-birinə girər. Mərifətsizlik edib kiməsə “eşşək” deyən adamı eşşək sudan gələnə qədər döyərlər. Birincisi, o cür ləqəb daşıyanlar adətən arıq-sısqa olmurlar, ləqəblərinə uyğun olaraq cantaraq olurlar. İkincisi, onlar br az qanacaq-qabiliyyət sarıdan kasad olduqları üçün təkbətək qovğalardan qalib çıxmaq şansları böyükdür.
Bir həqiqət də var ki, hər adama bu ləqəbi yapşdırmaq olmaz. Eşşəyə haqsızlıq olar. Bu məzlum heyvanda o qədər qabalıq, mərifətsizlik, acgözlük, köntöylük yoxdur, ona görə. Dilsiz-ağızsız heyvandır, arabaya qoşurlar, belinə iki dənə 40 litrlik su bidonu şəlləyirlər, müqavimət göstərmədən, ağzının zibilini dağıtmadan, bir “toş” əmriylə hara desən gedir.
Bəzən də çox elmli, qanacaqlı, mülayim xasiyyətli adama “eşşək” deyirlər. Təhqir etmək üçün. Nə var, nə var, bu adam özünü müdafiə etmək üçün üstünə cumanların ünvanına bir-iki kəlmə ağır söz deyib. Əgər adam dinməsə və “it hürər, karvan keçər” məsəlinin hikmətinə uysa, onda da deyəcəkdilər ki, danışmağa dili yoxdur, ona görə də peysərə verir. Amma danışdı, oldu “eşşək”.
(Yeri gəlmişkən, Azərbaycanın ictimai-siyasi fəallarının leksikonunda ən çox səslənən ifadələrdən biri də məhz “it hürər, karvan keçər”dir – gündə 150 dəfə, bütün polemikalarda işlədilir).
Belə görürəm, yaxınlarda AMEA-nın dilçiləri yığışaraq “eşşək” sözünü də yasaqlayacaqlar. Vallah, belə bir şey etsələr, haqları var. Nədən ki, insanlar öz gönüqalınlıqlarını, mərifətsizliklərini, inadkarlıqlarını ifadə etmək üçün məhz eşşəyin adından istifadə edir, müsbət xarakterli ev heyvanının reputasiyasına xələl gətirirlər.
Düzdür, eşşəyin də yersiz yerə anqırmağı, lazım olmayan yerlərdə ağnamağı var, amma inanın ki, insanlar bu hərəkətləri qat-qat çox və dəfələrlə tez-tez edirlər.
Gündəmdə dolaşan son videoqalmaqalda səslənən “professor adı daşıyan eşşək” ifadəsinə gəlincə, deyə bilərəm ki, adı çəkilən şəxs heç də elə biri deyil, çoxdan tanıyıram. Adam, türkün sözü, sivri dillidir, lap ətiacı da demək olar, amma duyarlı və mərifətli adamdır, yaxşı yazı-pozusu, yumoru da var. Lap deyək ki, bir az emosionaldır. Emosionallıq isə sırf insana xas özəllikdir. Siz heç emosional eşşək görmüsünüz? Bu, olsa-olsa, yaz aylarında, cütləşmə dövründə ola bilər və bu hadisə ictimai əhəmiyyət kəsb edən bir şey deyil.
Ona görə də gərək özünə siyasətçi deyən, ziyalı adı daşıyan adamlar rəqibləri haqqında danışarkən, sözləri çəpləşən kimi belə epitetlərdən istifadə etməsinlər. Yenə də özləri bilərlər, amma vaxt gələcək, 15-20 ildən sonra o polemikada iştirak edənlərin siyasi-bioloji varisləri hansısa diskussiyada bir-birinə belə deyəcəklər: “O vaxt canlı yayında dədən dədəmə eşşək demişdi”…