“Gözəl qalmaq üçün plastik və estetik əməliyyat etdirmirəm. Pəhriz saxlayıram, düzgün qidalanıram, idmanla məşğul oluram və səkkiz saat yatıram. Çalışıram ki, ət və ət yeməkləri yeməyim”.
Oxu.Az xəbər verir ki, bunu məşhur estrada müğənnisi Dilarə Kazımova “MTV Azərbaycan” telekanalında yayımlanan “Ulduzun vaxtı” şousunda deyib.
Gözəllik sirlərini izləyicilərlə bölüşən sənətçi tezliklə daha bir qalmaqallı və açıq-saçıq fotosessiya təqdim edəcəyini bildirib:
“Karantində fotoqraf Ruslan Nəbiyevin kamerası önünə keçdim, açıq-saçıq və cəsarətli şəkillər çəkdirdim. Mənim bütün dəlisov ideyalarımı Ruslan həyata keçirir. Yaxın günlərdə yeni şəkillərimlə gündəmə damğa vuracağam”.
Son zamanlar səhnə geyimlərində tərzini dəyişən sənətçi təbii xəzdən hazırlanmış paltarları xoşlamadığını söyləyib:
“Heyvanları çox sevirəm. Bizdə hava o qədər soyuq olmur ki, təbii xəzdən hazırlanmış geyimlərdən istifadə edəsən. 15 il öncə bir dəfə xəzdən hazırlanan kürk geyindim. Anladım ki, mən o heyvanı əzizləmək, sığallamaq istəyirəm, üstümdə onu ölü vəziyyətdə daşımaq yox. Kişi kostyumlarını sevməyə başlamışam. Bilirəm ki, bu tip geyimlər mənə çox yaraşır”.
Verilişin gedişatında D.Kazımova əhvalını qaldırmaq üçün özü ilə danışdığını açıqlayıb:
“Stressə düşən insan tez xəstələnir. Əhvalım olmayanda özümlə danışıram. Ən vacibi odur ki, özünü müsbət notlara kökləyəsən. Hər şeyin yaxşı olacağına inanasan.
Pozitiv olmaq mütləqdir. Hamıya efir vasitəsilə səslənib deyirəm ki, neqativdən uzaq olun. Heç kimlə dava etməyin”.