“Qızımın göndərdiyi şəkillərlə təsəlli tapıram” - Həbs olunan musiqiçi – VİDEO

ARB TV-nin “Rezonans” proqramında bu dəfə 1973-cü il təvəllüdlü, Cəbrayıl rayonunda, müəllim ailəsində doğulub, Beyləqan rayonunda yaşayan Məmmədzadə Ramil Famil oğlu öz həyat hekayəsini danışıb.

Məmmədzadə Ramil Famil oğlu – Məhkum (12 il 6 ay): “1973-cü ildə Cəbrayıl rayonunda, müəllim ailəsində doğulmuşam. Beyləqan rayonunda böyüyüb boya-başa çatmışam. Ailədə 9 uşaq olmuşuq.

Özüm də ailəliyəm, 4 övladım var. Türksoyluyam, millətimi, dinimi, dövlətimi sevənəm. Musiqiyə böyük həvəsim və sevgim var. Musiqidən əgər bir damla da götürmüşəmsə nə xoş mənə. Qarmon ifa etməyi çox sevirəm.

Həbsim məni musiqidən, ailəmdən, sevdiklərimdən uzaq saldı. Mənim həbsxanada yeganə təsəllim qızımın mənim üçün hazırladığı fotoalbom və qarmonumdur. Darıxanda, sıxılanda “Rezonans”ın həbsxanada olan studiyasına gəlib qarmon ifa edirəm. Mənə o vaxtlar böyük sənətkarlar demişdilər ki, sənin səsin də var, mütləq oxu. Ara-sıra oxuyuram da. Fikrim var ki, azadlığa çıxanda musiqi sənətini davam etdirim.

Ailəmi Rusiyanın Surqut vilayətinə göndərdim ki, oradakı iki otaqlı evi satıb gəlsinlər, burada bir iş quraq, ev alaq. Sonra orada infliyasiya oldu, pulun dəyəri düşdü deyə alınmadı. Hətta Azərbaycana gəlməyə də imkanları yoxdur. Maddi sıxıntılar içərisindəyəm. Anam yaşlı qadındır, 70 yaşı var, pensiya alır. 2 uşağım anamla qalır, ikisi isə həyat yoldaşımın himayəsində, Surqutdadır.

Həbsdə olduğum müddətdə heç gözləmədiyim adamlardan diqqət, dəstək gördüm, yanıma gəldilər və ara-sıra gəlirlər də. Lakin gözlədiyim adamlar var ki, onlar hələ də gəlmirlər. Qızım da gəlir yanıma.

Həbsxana həyatı məni çox sıxır. Müddət də çox uzundur. Həbsxana həyatına dair şeir də yazmışam. Heç kimə bura düşməyi arzulamıram, lakin heç kim də bu həyatdan sığortalanmayıb, hamının başına gələ bilər.

Burdakı məhkum yoldaşlardan biri də musiqiçidir. Onunla birlikdə Qarabağ atlarına musiqi də bəstələmişik. Sağlıq olsa, həbsxanadan çıxmağıma ömrüm yetsə çıxandan sonra məhkum yoldaşımla məclislərə gedib musiqiçi kimi ömrümü yaşamaq istəyirəm”.