Ermənistanda baş verən hadisələr ekspert çevrələrinin getdikcə daha çox diqqətini çəkməkdədir. Və təsadüfi deyil ki, “Vesti FM” radiostansiyası (Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkətinə daxildir) özünün populyar olan “Bıvşiye”(“Sabiqlər”) verilişinin mövzusunu Ermənistana həsr edib. Veriliş “Armeniya: 37 qod v miniature” (Ermənistan: miniatürdə – 37-ci il”) adlandırılıb.

Rusiyalı jurnalist, radio aparıcı, yazıçı və ictimai xadim Armen Qasparyan Media.az-a verdiyi müsahibədə bildirib ki, “Vesti FM”də yayımlanan “Bıvşiye” (“Sabiqlər”) verilişində o, və həmkarı Aleksey Martınov hadisələrin belə məcrada inkişaf edəcəyini proqnozlaşdıran ilk şəxslərdən olublar.

“Niyə biz belə bir proqnoz verdik? Öncə hakimiyyət (Ermənistan hakimiyyəti – red.) deyirdi ki, korrupsiya sxemlərini araşdıracaqlar. Lakin bu, olduqca özünəməxsus şəkildə təqdim edildi. Və biz proqnozlaşdırırdıq ki, hər şey siyasi xarakter daşıyacaq.

Sirr deyil ki, Nikol Paşinyan həbsdə olub və baş verənlərə görə qisas almaq hissi ilə yaşayır. Digər tərəfdən, biz ən pessimist proqnozlarımızda belə bütün bunların nəyə çevrilə biləcəyini təsəvvür edə bilməzdik”, – Armen Qasparyan deyib.

“Xəbər səhifəmə daxil olub görürəm – kimlərinsə ittihamları irəli sürülüb, kimlərinsə fəaliyyəti şübhə altına alınıb. Fasiləsiz proses baş verir, lakin mən ən əsasını görmürəm: Bəs Ermənistanda korrupsiyaya qarşı mübarizə necə aparılır? Korrupsiyanın aradan qaldırılması haqda çox söhbətlər olub.

Lakin bu sonu görünməyən şübhələr, həbs, məhkəmə işlərində əsas komponent (antikorrupsiya-red.) ortadan itdi. Mənim qorxum var ki, anlayışların dəyişməsi baş verir. Və budur, hamı həbsləri, iddiaları müzakirə edir, amma həqiqi sualları heç kim verməyəcək: Buna əhəmiyyət verilməyəcək, maraqlananlara isə göstərmək olar: Baxın, biz necə mübarizə aparırıq, “geniş miqyaslı təmizləmə prosedurları aparılır”.

Lakin bütün bunlar ötən əsrin 30-cu illərinin siyasi repressiyalarını xatırladır”.

Mənim böyük şübhələrim var ki, orada (Ermənistanda.red.) heç kim “zərərverici” elan olunmaqdan sığortalanmayıb. Əgər bu həqiqətən belədirsə, Nikol Paşinyan ciddi risk edir. O, əsas qaydanı unudur: inqilab hər zaman öz qurucularını yeyir. Biz hələ bütün bunların beynəlxalq ictimai rəydə necə göründüyü barədə danışmırıq”.

– Ermənistan KİV-ləri, Teleqram kanallar, sosial şəbəkələr Ermənistanın Baş nazirinin ölkədə korrupsiya yoxdur, onun sadəcə təzahürlərinin qalması haqda açıqlamasını şərh ediblər. Hökümətlə razılaşmayanları isə (bu açıqlamanı Tiqran Karapetyanın “Mənim addımım” blokundan olan deputatlardan biri səsləndirib) məhv edəcəklər?

– Bilirsiniz, mən işləriminlə əlaqədar, çox da insanların sözlərinə inanan adam deyiləm. Əməllərə baxmaq istərdim. Lakin ortada heç bir praktiki fəaliyyət görmürəm.

Əlbəttə, cəmiyyətin əhval-ruhiyyəsindən xəbərdar olmaq üçün onun içərisində olmaq lazımdır. Lakin mən Ermənistan vətəndaşı deyiləm, vətənim olan Rusiyada böyüyüb boya-başa çatmışam. Ermənistanın korrupsiyaya qalib gəldiyini əminliklə deyə bilmərəm. Lakin nə isə mənə deyir ki, edilən açıqlamalar (Nikol Paşinyanın-red.) medianın dəstəyini qazanmaq üçün həyata keçirilən piar-aksiyadır.

İndi isə keçək təhdidlərə – “məhv edərik” və s. Çox aydın məsələdir. Onlar inqilab ediblər və bu inqilab, tarixi məntiqə görə, müdafiə olunmalıdır. Bundan başqa, bütün bu inqilabi ictimaiyyət öz “termidor”unu (Yakobin diktaturasının ləğvi ilə nəticələnən və XIX əsrdə Fransa inqilabına son qoyan Termidorian çevrilişi – red.) yaratmağa çalışır.