“Uşaqlarımın gözünün qarşısında bıçağı boğazıma dirəyib, deyirdi ki, indi başını kəsəcəm. Uşaqlar ağlaşaraq yalvarıb, qoymayıblar”.
BAKU.WS xəbər verir ki, bu sözləri ərinin sinəsini sındırıb şikəst etdiyi Mətanət söyləyib.
Rusiyada yaşayan Mətanət həyat yoldaşı tərəfindən vəhşicəsinə döyülüb. Vəziyyəti ağırlaşan qadın həkimə müraciət edib. Döş sümüyünün qapalı sınığı diaqnozu qoyulub. Xəstəxanada həkimlər qadının aldığı xəsarətlərlə bağlı polisə məlumat vermək istəsələr də, Mətanət ərindən qorxduğu üçün buna razı olmayıb.
O, Azərbaycandan atasını çağırıb və atası ilə birlikdə “Səni axtarıam” proqramına çıxıb.
Mətanətin danışdıqları hər kəsi dəhşətə gətirib. Əri mütəmadi olaraq onu döyüb və müxtəlif bədən xəsarətləri yetirib. Qadının sinəsilə yanaşı onurğasında və bədəninin digər hissələrində zədələr var. Sonuncu zədə səbəbindən Mətanət karsetlə gəzir. Onun döş sümüyünün sınığının bitişməsi uzun zaman alacaq.
Qadın proqrama əlindən alınan üç azyaşlı uşağının geri qaytarılması üçün müraciət edib. Uşaqlar 5, 4 və 2 yaşındadırlar.