Xəbər belədir: “Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun həyat yoldaşı Haya bint əl Hüseyn ölkədən qaçıb”.
Hadisənin detalları da var və əsl həqiqət o təfərüatlarda gizlənir. Ancaq bu təfərrüatlar məsələnin mahiyyətini dəyişmir.
Əsas məsələ budur: qızıl saraylarda lüks yaşayış belə insanların azad həyata olan sevgisini azaltmır. Çünki bu həyat bülbül olub qızıl qəfəsdə yaşamaq kimi bir şeydir. Necə ki, bülbül havada pərvazlanmaq, ağac budağında oturub cəh-cəh vurmaq istəyir, insan da azad cəmiyyətə qarışmaq, sərbəst hərəkət etmək, nəzarətsiz yaşamaq istəyir.
Fəqət bu xüsusda da bəzi məqamlar var. Baxaq, görək, Haya bint əl Hüseyn Londonda yaşayan kasıb ərəb qızı olsaydı və bir gün Məhəmməd bin Rəşid əl Məktum ona elçi düşsəydi, o zaman Haya azad Londondan çıxıb qapalı BƏƏ-yə gələrdimi, şeyxin arvadı olmağa razılıq verərdimi?
Əlbəttə, gələrdi və adı çəkilən şeyxin arvadlarının ikinci onluğuna düşməyə belə razı olardı. Çünki hazırda dünya üzərində yüz minlərlə bu niyyətdə olan qadınlar var və onlar komfortlu, zəngin həyata qovuşmağın yolunu bunda görürlər.
Demək, burada əsas məsələ heç də azadlığa canatma hadisəsi deyil. Əsas istək zənginliyə qovuşduqdan sonra azad olmağa, buxovlardan qurtulmağa can atmaqdır. Adam kasıbdırsa, imkansızdırsa, kölə olmağa razıdır, varlıdırsa, geniş imkanlara malikdirsə, nədən kölə olmalıdır? O, mütləq varidatının azad ölkədə, ürəyi istəyən kimi xərcləməyə, həyat sevinclərini qorxu-ürküsüz dadmağa çalışacaq.
Özümüzdən götürək. Məlum olduğu kimi, Londonda, Praqada, Parisdə xeyli varlı soydaşımız yaşayır. Onların bir çoxu vaxtilə ölkəmizdə yüksək mənsəbli məmurlar olub, dövlət büdcəsindən, xalqın cibindən asudə şəklildə çırpışdırmalar edərək hüdudsuz varidat toplayıblar və indi malik olduqları qara sərvəti xarici ölkələrdə bildikləri kimi xərcləyirlər.
Onlarla yanaşı, İsveçdə, Norveçdə, Hollandiyada, Belçikada, Almaniyada və başqa ölkələrdə xeyli sayda yeni həyata sıfırdan başlayan mühacirlərimiz də var. Onların əli milyonlarla oynamasa da, pis-yaxşı, öz ağıl və fərasətləri hesabına özlərinə bir güzəran qurublar, asudə yaşayırlar.
Birincilər də bu ölkədən bir çamadanla çıxmışdı, ikincilər də. Birincilərin çamadanı pul-parayla doluydu, ikincilərin çamadanında əsasən libaslar vardı.
Birinciləri azad ölkəyə aparan səbəb heç də azadlıq eşqi, demokratik mühitin yaratdığı üstünlüklər deyil, onları oraya öz ölkələrində oğurladıqları milyonları sərbəst şəkildə xərcləmək ehtirası aparıb. Onlar bilirlər ki, öz ölkələrində qalsalar, bir gün oğurladıqları milyonların haqq-hesabını soruşanlar olacaqdı.
İkincilər isə öz ölkələrində işsiz-gücsüz qaldıqları, sabaha inamlarının öləzidiyi üçün azad ölkələrə sığınıblar və hər şeyi abzasdan, təzə sətirdən başlayıblar.
Bu baxımdan BƏƏ şeyxinin arvadı Haya bint əl-Hüseynin mühacirliyi ilə bizim keçmiş məmurların (və övladlarının) mühacirliyi identikdir. Bizim ikinci kateqoriyadan olan mühacirlərimizin durumu isə Suriyadan, Yəməndən, Liviyadan bir çamadanla çıxanların halına uyğundur.
Avropada, Amerikada elə tamahkar nazirlər, deputatlar, məmurlar var ki, onlar Azərbaycan kimi ölkələrdə yaşayıb-işləməyi (əlbəttə ki, yüksək vəzifələrdə) çox istərdilər. Çünki bu halda onların qarşısında qorxusuz-ürküsüz milyonlar toplamaq şansı açılır. Parlaq misal da var. ABŞ kimi dünya hegemonu olan bir dövlətin səfiri Stenli Eskudero səlahiyyət müddəti başa çatandan sonra ölkəmizdən getmədi, qaldı, iş qurdu, milyonçu oldu.
Bəs, Cənubi Karolina ştatının Çarlston şəhərində yaşayan, avtomobil təmiri secində çilingər işləyən başqa bir Stenli Eskudero gəlib Azərbaycanda eyni işdə işləmək istərdimi? Əsla istəməzdi. Hər halda belə bir presedent qeydə alınmayıb. Demək ki, birinci Eskuderonu bizim kimi ölkələrə cəlb edən sərvətdir. İkincini isə öz ölkəsində saxlayan isə azadlıq eşqidir.
Bəs çilingər Eskuderoya Azərbaycanda bir neçə ilə milyonçu olacağına dair təminat versələr necə, o, alətlər dolu portativ çamadanını sexdə buraxıb bizim ölkəyə gələrdimi? Əlbəttə, gələrdi. Bəlkə yüzdə bir halda gəlmək istəməyənlər də ola bilər, amma bu, istisna haldır və qaydanı pozmur.
Bu da onu göstərir ki, azad ölkələrdə sərbəst yaşamaq ehtirası bir qədər şişirdilmiş amildir. Əsas məsələ zəngin, firavan, sıxıntısız, asudə yaşamaqdır. Yer üzünün insanlarının əsas instinkti budur. İnsan zəngin kölə və ya azad səfil olaraq yaşamaq seçimi qarşısında qalsa, yüzdə doxsan doqquz halda birincini seçər. O bir faizin içinə isə azad sənətkarlardan tutmuş fanatiklərə qədər çox adam yerləşər.
Haya bint əl Hüseyn öz zəngin kölə həyatından ona görə qaçdı ki, əlində, hesabında 40 milyon var. Pulsuz olsa, qaçmazdı. İndi o, asudə və zəngin qadın olmağın xəyallarını qurur. Qadın xəyallarının dalınca qaçıb.