1976-cı ildə ildə Albert Spaqqiari və onun dostları maraqlı bir hadisəyə qarışdılar. Hər kəsi heyrətlər içərisində buraxan bank soyğununu edən Spaqqiari əslində bir fotoqraf idi. Onun özünə görə normal qazancı və yolunda gedən bir həyatı var idi. Əvvəllər bir neçə xırda kriminal hadisəyə qarışsa da, Fransada qurduğu bir foto studiyası ilə həyatını davam etdirirdi. Lakin bir neçə il keçdikdən sonra Spaqqiari Fransada yerləşən ”Société Générale” bankını soymaq qərarına gəldi.
O, bu soyğun üçün dəstə yığıb, işə başladı. Soyğunçular bankın yaxınlığında yerləşən kanalizasiya sistemindən tunel qazmağa başladılar. Bu tuneli qazmaq üçün xeyli vaxt və zəhmət sərf olundu. Cəmi 8 metrlik tuneli 2 aya qaza bilmişdilər. Spaqqiari isə bu soyğunçuların lideri kimi davranırdı. Onların gündə neçə saat yatmalarını, nə yeyib-içəcəklərini müəyyən edirdi. Hətta onlara iş bitənə kimi spirtli içkiləri və siqareti də qadağan etmişdi.
Nəhayət, dəstə üzvləri bankın kassası olan hissəyə gəlib çatmışdılar. Onlar təsadüfən buraya cümə günü çatdılar. Şənbə və bazar günləri bank işləmədiyi üçün soyğunçular iki gün içində rahat şəkildə bankı soydular. 400-ə yaxın kassanı açan soyğunçular indiki hesablamaya görə təxminən 29 milyon avroya yaxın pul oğurlayaraq yoxa çıxdılar.
Həftənin ilk iş günü gəlib mənzərənni görənlər üçün Spaqqiari bir qeyd buraxmışdı: “Sans Armes, ni Violence, ni Haine”(Nə silahlar, nə şiddət, nə də nifrət olmadan).
Oğurlanan miqdar o qədər çox idi ki, o günə qədər edilən ən böyük bank soyğunçuluğu sayılırdı. Fransız polisi apardığı araşdırmalardan bir müddət sonra dəstə üzlərindən birinin sevgilisini tapdı. Polis tərəfindən saxlanılan qadın Spaqqiari daxil olmaqla, bütün dəstə üzvlərini ələ verdi. Albert Spaqqiari hava limanında həbs edildi.
O, ilk öncə susma haqqından istifadə etdiyini deyib, heç bir şey danışmadı. Sonra həbsxanadan qaçma planı quran Spaqqiari polisləri heyrətamiz oyuna saldı. O, polislərə yalandan gizli təşkilatlar ilə işbirliyi içərisində olduğunu və hər şeyi danışacağını dedi.
Yalandan ağlına gələn işarələrlə şifrəli mesajlar uyduraraq bir sənəd hazırlayıb, polislərə təqdim etdi. Həmin sənədlər məhkəmə hakiminə çatdırıldı. Lakin hakim də şifrələrdən bir şey anlamadığı üçün Spaqqiarinin yanına gətirilməsini tələb etdi.
Onun iş otağına gətirilən Spaqqiari ancaq tək hakimlə qaldığı zaman hər şeyi danışacağını demişdi. Onun istəyini yerinə yetirən hakim isə başına gələcəklərdən xəbərsiz idi.
Hakim onun şifrələr haqqında danışacağını gözlədiyi anda Spaqqiari qəfildən özünü pəncərədən aşağı atdı və bir maşınının üzərinə çırpıldı. Dərhal ayağa qalxıb, naməlum motosiklet sürücüsü ilə oradan uzaqlaşdı. Ondan sonra polis bir daha onu tapa bilmədi. Qaçış planı polisləri və hakimi heyrətlər içərisində qoymuşdu.
Bu qaçış planında daha bir maraqlı detal var. Belə ki, Spaqqiari pəncərədən özünü ataraq əzdiyi avtomobilin sahibinə vurduğu zərər üçün 5 min funt sterlinq pul yollamışdı. Bu soyğun haqqında bir neçə film və kitab da hazırlanıb.
Turan Oruc,
Musavat.com