Uzun sürən və dərin müşahidələrimə əsasən deyə bilərəm ki, biz inteqrasiyaya meylli camaatıq. Bu xüsusda elə bir inadkarlığımız yoxdur.
Düzü, hələ dəqiqləşdirməmişəm ki, bu, bizim minusumuzdur, yoxsa plyusumuzdur. Demək çətindir. İkisi də ola bilər – necə deyərlər, 50:50-yə.
Odur, bax, xəbər var ki, Moldova əhalisinin yarıdan çoxu (53 faizi) ölkənin Avropaya inteqrasiyasının, Avropa Birliyinə üzv olmağın tərəfdarıdır.
Bu o deməkdir ki, sabah o ölkədə inteqrasiya referendumu keçirilsə, moldovanlar Avropanı seçəcəklər (Avropa onları seçəcəkmi, seçməyəcəkmi, bu ayrı məsələdir).
Bəs bənzər referendum və ya sorğu bizdə keçirilsə, necə olar?
Məncə, bu məsələ bizdə referendumun birinci turunda həll olmaz, Ukraynadakı seçkilər kimi ikinci tura qalar.
O səbəbdən ki, bizdə Avropaya inteqrasiya tərəfdarı olanlarla yanaşı, Rusiyaya, İrana, Türkiyəyə, hətta Ərəbistana inteqrasiya olunmaq istəyənlər də çoxdur.
Qardaş Türkiyə ilə bağlı məsələ aydındır, ağzımızda qardaş deyirik. Zatən, Türkiyə ilə bir xeyli dərəcədə inteqrasiya olunmuşuq – gediş-gəliş, abi-qardaş, abla-bacı, eş-yoldaş büsatları yetərincədir.
100 il əvvəl “Azərbaycanın əbədi səadəti Rusiya ilə bağlıdır” deyən klassik inqilabçımızın açdığı cığırla getmək istəyənlər də çoxdur və ilin bəzi fəsillərində xeyli güclənirlər. Camaat da bəzən nostalji hisslərinə qapılır, deyir, sovetin vaxtında eləydi, beləydi…
Amma mat qalmalı işdir, nədən bizimlə bərabər sovet vaxtında, həm də hamıdan yaxşı yaşayan Baltikyanı ölkələrin sakinləri o nostaljiyə qapılmırlar, sovet davası döymürlər.
Ya onlar qədirbilməz və nankordurlar, ya biz palan olmağa eşşək axtaran adamlarıq. Ya da tamam başqa cürdür, latışlar, estonlar, litovlar onları müstəmləkəyə çevirən, istismar və repressiya edən dövlətin yamanlıqlarını unutmurlar, biz isə yada salmırıq.
Uyğun rəy sorğusu keçirilsə, məlum olacaq ki, ukraynalıların da yarıdan çoxu Avropaya inteqrasiyanın tərəfdarıdır. 5-6 il qabaq elə bir sorğu keçirilmişdi və məlum olmuşdu ki, ukraynalıların yarıdan azı Avropaya inteqrasiyanın tərəfdarı deyil, Rusiyaya inteqrasiyanın tərəfdarıdır.
Nəticədə belə oldu ki, əhalinin yarıdan çoxu Avropaya inteqrasiya yoluna çıxaraq uzun məsafə qət etdikləri halda, yarıdan az hissə – Donetsk, Luqansk mahallarının camaatı kəsdirmədən keçərək Rusiyaya inteqrasiya olundular. (İndiki dövrdə işğala bəzən “inteqrasiya” deyirlər).
Bəli, inteqrasiyanın belə xətalı məqamları da var. İndi moldovanların “Avropa, Avropa” dediklərinə baxmayın, iş ciddiləşsə, Dnestr çayının sahillərində elə bir qovğa-mərəkə başlayacaq ki, Kişinyovda yekə-yekə kişilər ortaya çıxıb “Avropa, bizi xilas et” deyə çığırışacaqlar.
Ən yaxşısını ermənilər edir. Onların indiyəcən yeritdiyi inteqrasiya siyasəti yekəpər ayının kölgəsinə sığınmaq idi, hətta bəzən ayının kölgəsini görüb elə bilirdilər, öz kölgələridir. 3 il əvvəl bu vaxtlar Qarabağ tərəfdə bizim əsgərlər onların qoparağını götürəndə “bizi xilas edin” deyə Moskvaya yalvar-yapış elədilər, amma şələləri bellərinə düz gələndən sonra Kremlə dirsək göstərdilər, indi inteqrasiya olunmaq üçün yeni kölgə axtarırlar. Başqa vaxt hövsələsizlik edən rus bu dəfə gözünü qıyıb, əlini də qaşqasına qoyub müşahidə edir, səbrlə gözləyir ki, görsün, Qurgen kişinin fikri nədir.
Əlbəttə, özbaşına olsalar, ermənilərin də əksəriyyəti, moldovanlar kimi, Avropaya inteqrasiyanı və Avropa İttifaqına üzvlüyü dəstəkləyər. Amma reallıq başqadır. Onun adı İvan, qızar, tutar divan.
Məndən olsa, biz Avropaya inteqrasiya olunmalıyıq. Adamlar yaşamağın, inkişaf etməyin, dava-şavadan qaçmağın çəmini tapıblar. Özümüzü yaxşı aparsaq, bizə də öyrədərlər.
Əslində biz Avropaya səsə salmadan, əl altından, yavaş-yavaş, dosta-düşmənə sezdirmədən inteqrasiya olunmalıyıq. Maşallah, xeyli sayda inteqrasiya olunanlarımız var. Görürük ki, bizim ölkə, dövlət olaraq Avropaya inteqrasiyamıza imkan vermirlər, çalışırıq, prosesi fərdi qaydada, tək-tək aparaq. Hələlik uğurlu gedir.