“Bəli, Parij şəhəri Əqrəb bürcünün altında vaqe imiş, əməl tamamdır. Bu bürcün təsirindəndir ki, bu şəhərdən heç vaxt bəla əskik olmaz”
(Mirzə Fətəli Axundov, “Hekayəti-Müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” pyesindən)
Fransada sarı jiletlilərin üsyanları davam etməkdədir. Bildiyiniz kimi, bu inqilabi hərəkat artıq iki aya yaxındır davam edir, hökumət tələbləri yerinə yetirsə belə qurtarmır. Doğrudur, sonuncu aksiyada – ötən bazar iştirakçı sayında əməllicə azalma olmuşdur, Makron müəllimin hökuməti də ümid edir ki, Yeni il bayramı yaxınlaşdığından növbəti aksiyalara daha az adam gələcəkdir və mitinqlər yavaş-yavaş sönüb gedəcəkdir. Hələliksə vəziyyət gərgindir. Ölkə iqtisadiyyatına 10 milyard avroya yaxın zərər dəyib, Paris və Fransa lap Müsyö Jordanın dediyi kimi, “dağılır, xarab olur”.
Ancaq burada Fransa hökumətinin əfəlliyi, müsbət dünya təcrübəsindən, misal üçün, Azərbaycandan öyrənməməsi rolunu oynayır. Özü də maraqlıdır ki, sanki hadisələrin başlanma günü də Azərbaycan təcrübəsinə işarə edirdi. Sarı jiletlilərin ilk böyük etiraz aksiyası 17 noyabrda olmuşdu, bu isə bildiyiniz kimi, bütün dünyada azərbaycanlıların Milli Dirçəliş Günü sayılır. 1988-ci ilin məhz 17 noyabrında uca millətimiz Bakının Lenin meydanında fasiləsiz etiraz aksiyalarına başlamışdır, nəticədə sovet hakimiyyəti yenidən bərpa olunmuşdur. Əla bayramdır, hamıya qismət olsun, Hər xalqa Nemət, Əbülfəz, Sabir, Ənvər müəllim kimi liderlər, Yurd hərəkatı kimi gənclər təşkilatları qismət olsun, ilahi, amin!
Təsadüfi deyildir ki, hazırda fransız xalqı bütün dünyada “İlin xalqı” elan olunubdur, aksiya iştirakçıları isə bəyan edir ki, əgər Makron imkan versə Eyfel qülləsini yarım millimetr qızılla örtərik. Ümumiyyətlə, Makronun bambılı olduğunu elan ediblər.
Bir də ona fikir verməliyik ki, hazırda sarı jiletlilər hərəkatının bir dənə də lideri yoxdur. Camaat başıpozuq formada meydanlara çıxır. Bəlkə bu səbəbdən Makron aksiyaları dağıtmaqda çətinlik çəkir. Sən bunlara çoxlu lider qayır, qoy bir-birilərini qırsınlar da bə! Lidersiz müxalifət, sarımsaqsız xaş – heç fərq eləməz, ikisi də mənasız şeydir. Əgər sarı jiletlilərin 3-4 dənə radikal lideri olsaydı onlar hakimiyyətə gəlmək üstündə davaya başlayardılar. Biri deyərdi ən güclü sarı jiletlilər mənim tərəfdarım – Marseldən gələnlərdir. O biri deyərdi, qaqaş (ya da müsyö), çaşma, Bordo ayağa qalxanda siz harada idiniz. Üçüncü lider səhər normandiyalıların, axşam strasburqluların yanında olmaqla aranı elə qatardı ki, Napoleon dirilib gəlsə Fransanı birləşdirə bilməzdi. Biz Azərbaycan müxalifətinin təcrübəsindən bilirik, lider vacib şeydir. Özü də bizim iqtidarın Fransa hökuməti ilə münasibətləri həmişə yaxşı olub. Bu baxımdan, Emmanuel Makronun Azərbaycan hakimiyyətindən yardım istəməməsi qeyri-adi haldır. Neçə dənə lazımdırsa, o qədər müxalifət lideri ixrac edə bilərdik. Pay verərdik lazım gəlsə. Mitinqi dağıtmağa qazdan, sudan da böyründə bonus olaraq. Vaxtilə gürcülərə vermişdik.
Hərçənd insaf naminə fransızların probleminin daha dərin olduğunu yazmalıyıq. Lap müxalifət üçün lider göndərdik, qaz verdik, bəs bunları hara yığmalı? Məsələ odur ki, Parisdə “Məhsul” stadionu yoxdur. Heç Motodrom və Qələbə kinoteatrı da. Düzdür, Zəfər tağının adı bir az uyğun gəlir, ancaq adında tağ deyirsən. Kinonun qabağı olmalıdır, yoxsa kino çəkmək çətin olur. Hərçənd, babat lider olsa bazar günü “Hamınız Zəfər tağının qabağında oturun, bu gündən burdayıq” deyib aranı qarışdıra bilərdi.
Qaldı sarı jiletə, bizdə bunu geyinənlər əsasən zənən xeylaqlarıdır, küçə süpürürlər, nazir nəvələri, rəis uşaqları, topal futbolçular (hamısına neft puluyla Lamborgini, Ferrari-zad alıb vermişik, çünki yeriyə bilmirlər) isə onları vurub öldürürlər. Görünür, Fransada nazir nəvələrinə, topal futbolçulara maşın vermək üzrə dövlət proqramı yoxdur. Makron bunu fikirləşsin. Dünya çempionu olan futbolçu sənə lazımdırmı? Əvəzində Paris xaraba qalır. Ver maşını altına, qoy sarı jiletliləri qovalasın.
Zinəddin Zidanı Kann-Paris trasına yol polisinin rəisi qoymaq da yaxşı olardı. Görüm orda hansı sarı jiletli benzinin qalxmasına etiraz edərdi. Kəlləni qoyardı ağzının üstündən, Materazzi kimi uçurdardı.
Dövlətçilik ayrı şeydir, hər yerdə olmur.