Qazaxıstanda Azərbaycan vətəndaşı qanunsuz yerə məhkum edilib – İDDİA
Azərbaycan vətəndaşı Azər Quliyev Qazaxıstan hüquq-mühafizə orqanları tərəfindən silah qaçaqmalçılığında ittiham olunur.
Bu barədə “Minval.info“ya A. Quliyevin həyat yoldaşı Emiliya Quliyeva məlumat verib.
E. Quliyeva həmçinin ittihamların əsassız olduğunu, özünün və həyat yoldaşının Qazaxıstan polisi tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qaldığını bildirir. O, deyir ki, hər şey Azər Quliyevin İran vətəndaşı olan Həsən Seyyidi adlı bir nəfərlə tanışlığından başlayıb.
Sonuncu ondan Qazaxıstanın Aktau şəhərindən yük qəbul etməli olduğunu, bunun üçün isə ona müəyyən məbləğdə pul lazım olacağını bildirib. İstintaqın versiyasına görə, bu tarixdən sonra tərəflər yükdaşımanın detallarını “Whatsapp” yazışmalarında müzakirə ediblər.
E. Quliyeva qeyd edib ki, Azər Quliyevin qəbul ediləcək yükün təyinatından ümumiyyətlə xəbəri olmayıb. Sözü gedən yük dekabrın 12-də Aktau şəhərinə çatdırılıb. İstintaqın versiyasına əsasən, tərəflər yükün hər yeşiyi üçün İran vətəndaşı olan şəxsə 500 manat ödəməklə bağlı razılığa gəlib. İddiaya əsasən, dekabrın 15-də A. Quliyevə buna görə 1000 manat ödənilib. Emiliya Quliyevanın sözlərinə görə, 2018-ci ilin fevralında Qazaxıstanın Aktau şəhərində həbs olunan Azər Quliyev istintaq müddətinə çoxsaylı fiziki və mənəvi təzyiqlərlə üzləşib, ondan etirafedici ifadələr işgəncə altında alınıb.
Azər Quliyevin işi üzrə qərar sentyabrın 21-də Aktau Şəhər Məhkəməsi tərəfindən elan olunub. Qərara əsasən, o 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E. Quliyeva vurğulayıb ki, günahsız yerə həbs cəzası çəkən həyat yoldaşının azadlığa buraxılması üçün mübarizəsini bundan sonra da davam etdirəcək.