Xarici Xidmət İnstitutu (FSİ) deyilən bir qurum maraqlı tədqiqat aparıb. Qurum Azərbaycan türkcəsini 61 dil arasında çətin öyrənilən dillərin 4-cü kateqoriyasına salıb. 5-ci və sonuncu, ən ağır dil qrupunda isə Çin, Koreya, yapon və ərəb dilləri yer alıb.
Hər millətə sözsüz ki, öz dili doğma və əzizdir. İstər hindu olsun, istərsə də ingilis və ya firəng. Hər millətin mənsubu da ana dilini dünyada ən gözəl, ən yaxşı anlaşılan, ən tez öyrənilən sayar. Hərçənd Çin, Koreya, yapon və ərəb dilləri həqiqətən mənimsənilməsi daha çətin, əlifbası mürəkkəb dillərdir. Türk (Azərbaycan) dilinə gəlincə, dilçilər onu kifayət qədər axıcı, tələffüzü çətin olmayan, hətta musiqi dili hesab edirlər…
Bir şey də var ki, çətin və ya asan mənimsənilməsindən asılı olmayaraq dil – millətin aynası, kimlik şərti, varlıq qarantıdır. Dil yoxsa, millət də yoxdur. Zira, insanın qan yaddaşı ana dili ilə birbaşa bağlıdır. Kim hansı dildə dil açırsa, həmin millətin nümayəndəsidir. Ardınca 10 başqa dil öyrənsə belə, nəticə dəyişməyəcək.
Qoy heç kim də inciməsin: əgər azərbaycanlı bir körpə rusca, ingiliscə dil açırsa, o, artıq azərbaycanlı deyil, olmayacaq. Rusdilli, ingilisdilli də deyil. Elə rusun, ingilisin özüdür ki var – gözünün, saçının rəngi fərqli olsa da. Buna görə əlbəttə, günahkar körpə yox, onu öz kökündən qoparıb başqa kökə calaq edən manqurt valideyndir.
Vətənsevən valideynlər isə qəm eləməsin: azərbaycanca orta təhsil alıb əcnəbi dildə ali təhsilə yiyələnmək tam mümkündür. Təvazökarlıqdan uzaq olmasın, biri elə sadiq bəndəniz: bu sətirlərin müəllifi Bakıda azərbaycanca orta məktəbi (kimya-biologiya liseyini) bitirib Leninqradda (Sankt-Peterburqda) ali tibb təhsili alıb. Əsas odur ki, qafada bir şey olsun. Yoxsa, 5 dil bilsən də faydası olmayacaq…
İbrətamiz bir fakt: ötən il Rusiya telekanallarının birində əkiz rus uşağının taleyi ilə bağlı veriliş getmişdi. Onlardan biri körpə ikən uşaq evindən övladlığa götürülərək ABŞ-a aparılmış, digəri Rusiyada qalmışdı. Amerikaya aparılan təbii ki, ingiliscə dil acmış, sırf Amerika mühitində böyümüşdü. Amma əkizlər zahirən bir-birinə oxşasa da, illər sonra görüşəndə tam fərqli iki insan təəssüratı yaratdılar – biri əsl amerikalı, o biri isə xalis rus kimi özünü aparır, danışırdı. Amerikalı “rus” bircə dəfə də demədi ki, o rusdur. O, doğurdan da artıq rus deyildi, özünü rus kimi hiss eləmirdi – rus kimi doğulsa da…
Özümüzə qayıdaq. Bizdə rusdilli azərbaycanlılar az deyil. Onlar azərbaycanca dil açsalar da, ruscaya üstünlük verənlərdir. Bir çox hallarda bunlar azərbaycanca danışanlardan daha vətənpərvər olurlar. Misal üçün, Azərbaycan Xalq Cümhuriyyətinin Fətəli xan Xoyski (baş nazir), Əlimərdan bəy Topçubaşov (xarici işlər naziri, parlamentin sədri) kimi böyük şəxsiyyətləri məhz rusdillilər olublar. Onlar dilimizdə çox çətin yazıb oxuyub, danışıblar. Amma Məmmədəmin Rəsulzadə ilə birgə Cümhuriyyətin bel sütununu təşkil edən, Azərbaycan xalqına misilsiz xidmət göstərən böyük simalar kimi tarixə düşüblər.
Sözümüzün canı odur ki, ana dilini bilmək nə qədər vacibdirsə, hələ hər şey demək də deyil. Daha önəmlisi dildən millətə, dövlətə xidmət vasitəsi kimi istifadə eləməkdir. Yoxsa ki, “Arım var, amma eşşək arısı…”
O ki qaldı Azərbaycan dilinin ingilis auditoriyası üçün qəliz mənimsənilən olmasına, bu, dərd deyil. Hər necə olmasa, bizimlə eyni qrupda rus, gürcü dili və mənfur ermənilərin dili də var. Əsas odur, ana dilimiz yox, özümüz Qərb auditoriyası üçün anlaşılan olaq!
Məsələn, Qarabağ məsələsində Qərb əfsuslar olsun ki, ermənilərin “dili”ni daha yaxşı başa düşür. İş də ondadır ki, bizdən ötrü başlıca hədəf dünya üçün başa düşülən dildə danışmağımız olmalıdır. Buna “siyasi dil” deyin, “diplomatik dil” deyin, fərq eləməz. Əsas odur ki, dünya dilimizi çətin anlasa da, Azərbaycanı, onun dərdini yaxşı anlasın.
Bizi anlamaq isə zor deyil. Yetər ki, anlada bilək. Düstur çox sadə: bundan ötrü özümüzü dünyaya, xüsusən də ingilisdilli auditoriyaya yaxşı tanıtmalıyıq. Qüsurlarımızı deyil, üstünlüklərimizi təbliğ eləməliyik, mədəni dünyanın ortaq dilində danışmağa çalışmalıyıq.
Özünü dünyaya daha yaxşı tanıdanları isə daha yaxşı başa düşürlər – problemləri ilə birgə!..