Ailem.az-ın müsahibi ASAN Radionun aparıcısı Kəmalə Onurdur.
– Kəmalə xanım, artıq “Ayna” adlı qadın verilişi ilə dinləyicilərin qonağı olursunuz. Veriliş yalnız qadınlara həsr olunub, yoxsa bütün dinləyici auditoriyasına xitab edirsiz?
– ASAN Radionun fəaliyyətə başladığı ilk dövrlərdən mən də bu radionun efirindəyəm. Əvvəl səhər efirinin aparıcısı idim. Amma zamanla hiss etdik ki, bizim auditoriyanın içərisində qadınlar daha çoxdur və onlara da xitab etmək lazımdır. Çünki buna ehtiyac var. Ona görə də ötən həftədən etibarən başladıq qadınlar üçün layihə etməyə. Çox düşündük ki, necə etmək olar? Buna qədər də öz karyeramda qadınlarla bağlı bir çox verilişlər etmişəm. Qadınların maarifləndirilməsi üçün edilən hər şey, mənə elə gəlir ki vacib və lazımlıdır. Ona görə bizim “Ayna” verilişi də sırf bunun üçün nəzərdə tutulub. Amma təkcə bizə qadınlar deyil, kişilər də qulaq asır. Çünki qadınların danışdığı hər şey kişilər üçün maraqlıdır. Biz belə düşünürük.
– “Ayna” digər radiolarda yayımlanan qadın verilişlərindən hansı məziyyətinə görə seçilir?
– Təbii ki “Ayna” verilişi digər radiolardakı qadınlarla bağlı verilişlərdən seçilir. Biz bir qədər dövlət xidmətlərinə yönləndirilmiş, onlarla ixtisaslaşdırılmış radio olduğumuz üçün, adətən çalışırıq ki, təkcə bizim verilişlərimiz əyləncədən ibarət olmasın. Həm də içərisində maarifləndirmə olsun. Buna görə müxtəlif reportajlar hazırlayırıq, bir radionun dili ilə qadınlara aid nə varsa, izah etməyə çalışırıq. Başladığımız bu həftə ərzində maraqlı qonaqlarımız da olub. Məsələn, qonaqlarımızdan biri millət vəkili Qənirə Paşayeva idi və onunla qadınlara dair çox maraqlı mövzulara toxunduq. Mənə elə gəlir ki, qadınlar nə qədər maarifləndirilsə də buna daha çox ehtiyac var. Çünki onların əksəriyyəti nə iş qadınıdır, nə də təhsilləri var. Buna görə də çalışırıq ki, bizim radionun səsini eşidən bütün qadınları az da olsa maarifləndirək, sosial mesajlar verək.
– Sizcə, bu gün Azərbaycan qadını hansı məsələlərlə bağlı daha az məlumatlıdır?
– Biz məsələyə hərtərəfli yanaşırıq. Məsələn, qadınların öz hüquqlarını bilməməkləri bir çox problemlərə səbəb olur. İzah etməyə çalışırıq ki, təhsilli olmaları, öz hüquqlarını bilmələri həyatları üçün çox önəmlidir. Verilişdə psixoloq, hüquqşünas məsləhətləri olur. Həmçinin müxtəlif dövlət qurumları, onların həyata keçirdiyi aksiyalar, şiddətdən qorunmaları üçün olan xidmətlər barədə efirdə məlumat verməyə çalışırıq. Ümumiyyətlə, bizim verilişdə dinləyicilər sosial mövzularla bağlı bütün suallarına cavab tapacaqlar. Biz burada təkcə qadınların yox, həm də kişilərin məlumatlandırılmasını nəzərdə tutmuşuq. Çünki, hansısa zorakılığa məruz qalan, öz hüquqlarını bilməyən qadınlar da var, kişilər də…
– Bəs veriliş, qadınlar tərəfindən necə qarşılandı?
– Veriliş ilk buraxılışından qadınlar tərəfindən çox böyük maraqla qarşılandı. Hətta elə ilk verilişdən zəng edənlər, sms göndərənlər kifayət qədər oldu. Onu da qeyd edim ki, biz həm də qadınlar üçün müsabiqələr təşkil edir, onlara müxtəlif hədiyyələr veririk.
– Son dövrlər sosial şəbəkələrdə, xəbər saytlarında bir-birinin ardınca neqativ xəbərlər yer alır. Xüsusilə də azyaşlı uşaqlarla bağlı xəbərlər daha geniş şəkildə yayılır. Necə düşünürsünüz, bu cür xəbərlərin geniş işıqlandırılması doğrudurmu?
– Bəli, sosial şəbəkələr bu cür neqativ xəbərlərin işıqlanmasında “bilməyən qalmasın” prinsipi ilə çalışırlar. Sosial şəbəkələr, qeyri-peşəkar saytlar bu cür xəbərləri konkret fakt olmadan, mənbə olmadan yayırlar. Deyərdim ki, bu bir dəb halını alıb. Kriminal hadisələr cəmiyyətdə həmişə baş verir. Sadəcə, insanlar oxunma sayının çox olması, bir qədər başqalarının diqqətini cəlb etmək üçün, bu cür halları süni şəkildə şişirdirlər. Bu, bir virusa çevrilir və yoluxma kimi yayılır. Adını çəkməyəcəm, bir müddət öncə tanınmış bir şəxsin intiharı ilə bağlı xəbərlər yayıldı. Həmin hadisədən sonra intihar hallarının nə qədər artdığını müşahidə etdik. İnsanlar bir xəbərdən sarsılıb, ona kəskin reaksiya verdikdən sonra o xəbəri yayanlar bundan “işbaz”casına istifadə edirlər. Bəzən də deyirlər ki, bunu ictimai qınağın olması üçün edirlər. Amma düşünürəm ki, qanundan qorxmayan bir cinayətkarın ictimai qınaqdan qorxması absurddur. Hazırda cəmiyyətdə daha çox travmasız insanların böyüməsinə ehtiyac var. Məsələn, atası anasını incidən bir oğlanın sabah mülayim xasiyyətli bir kişi olması inandırıcı deyil…
Məni daha çox narahat edən məsələlərdən biri də uşaqlarla bağlı olan xəbərlərdə onların üzünün açıq göstərilməsidir. Bu, çox eybəcərdir və qeyri-peşəkar bir davranışdır. Hətta cinayətdir. Bu da maarifsizlikdən irəli gəlir ki, öz uşağının şəkli sosial şəbəkədə yayılan bir valideyn həmin şəkli yayan istər sosial şəbəkə istifadəçisini, istərsə hansısa portalı məhkəməyə verə bilər. Mən bu cür xəbərləri heç vaxt şəxsi hesabımda paylaşmıram. Yaxşıları daha çox paylaşmaq lazımdır. Çünki pozitiv xəbərlər daha çox paylaşılarsa, həmin əhval-ruhiyyənin dalğaları çox uzaqlara yayılar və biz də bunun müsbət nəticələrini görərik.
– Hələ də bir çox ailələrdə cinsi ayrı-seçkilik edilir, hətta qız uşaqlarına qarşı qəddar davranışlar nümayiş etdirilir…
– Qız övladı istəməyənləri heç başa düşə bilmirəm. Mənim hazırda əldə etdiyim nailiyyətlərin əsasında, ailəmin mənə münasibəti, dəstəyi durur. Əgər mən ailəmdən dəstək görməsəydim cəsarətim olmazdı ki təhsil alım, ürəyimcə olan bir mövqe tutum və az da olsa söz demə sahibi olum. İnsanları qadın və kişiyə bölmək, normal düşüncə deyil. Biz ailədə iki qardaş, bir bacı olmuşuq. Bizə eyni hüquqda davranıblar və mən qız olduğum üçün qardaşlarımdan özümü nə artıq, nə də əskik hesab etməmişəm. Valideyn özü hansısa qız övladını cəmiyyətdən kənar etməkdənsə onu faydalı bir insan yetişdirməlidir. Kifayət qədər nüfuzlu xanımlar var ki, çox kişi onların yerində olmağı arzulayardı…
– Radioda sadiq dinləyiciləri necə qazanmaq olar?
– 10 ildir radio və iki o qədər də dinləyicilik təcrübəm var. Ölkə efirindəki bütün radioları dinləyirəm. Mənim bildiyim və öyrəndiyim qədər, aparıcı dinləyicinin boş yerə vaxtını almamalıdır. Bu, yanlış fikirdir ki, radio boş vaxtın səmərəli keçməsi üçün bir vasitədir. Radioda məlumatlandırıcı fon olmalıdır. Məsələn, fonda gözəl bir musiqi ola bilər və sonra məlumatlandırıcı bir xəbər səsləndirilər və bu dinləyicinin diqqətini cəlb edər. Amma uzun danışıq dinləyicini yorur və dinləyicini həmin radio birdəfəlik itirir. Deyə bilərəm ki, çox sayda sadiq dinləyicilərim var. Çalışıram ki, onların bizə ünvanladıqları bütün sualları cavablandıraq, problemlərinin həlli üçün psixoloqa, hüquqşünasa, dövlət qurumlarına, və sair ünvanlayaq.
– Bu qədər ağır templi bir iş rejimində özünüzə necə vaxt ayırırsız?
– Zamandan düzgün istifadə etmək lazımdır. Bəzən işlərim üçün mənə 24 saat saat azlıq edir. Amma mən yenə də vaxt tapmağa çalışıram. Hər gün səhər saat 6-da oyanıram, 7-də işdə oluram və 8-in yarısında verilişimiz başlayır. 3 saat yarımlıq çox templi səhər, onun ardından “Ayna” verilişi başlayır. Bu verilişlərdə həm aparıcı, həm redaktor kimi fəaliyyət göstərirəm. Bütün bunların fonunda özümlə də məşğul oluram və mütləq mütaliə edirəm. Demək ki, istəyəndə hər işə vaxt çatdırmaq olur. Çünki bu işi çox sevirəm və bundan mənəvi zövq alıram…