Qoyun ətinin bahalaşmasında ot və ərəb faktoru

Ətin qiyməti yenidən bahalaşıb. Son iki ayda nisbətən ucuz satılan ətin qiymətində yenidən1 manat – 1 manat 50 qəpik artım müşahidə olunub. Hazırda paytaxt qəssabxanalarında mal əti 11 manat 50 qəpik, qoyun əti 12 manat, quzu əti 13 manata təklif edilir.

Azərbaycanda qoyun ətinin bahalaşmasına “ərəb faktoru”nun da təsir etdiyi bildirilir. Bəzi məlumatlara görə, son vaxtlar Azərbaycana tez-tez səfər edən zəngin ərəb şeyxləri və şahzadələri burada yedikləri qoyun ətini ölkələrindəki ətlə müqayisə edərək, belə qənaətə gəliblər ki, azərbaycanlıların təklif etdikləri ət daha dadlıdır. Və bundan sonra onların Azərbaycandan ərəb ölkələrinə qoyun ixrac etmək qərarına gəldikləri bildirilir. Qeyri-rəsmi məlumatlara görə, ərəblər Azərbaycanda qoyun alış-verişi işinə girişməsi ətin qiymətinə təsirsiz ötüşməyib.

Məsələ ilə bağlı modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev deyib ki, təkcə ərəblər yox, ölkəmizə gələn bütün qonaqlar Azərbaycan ətinin dadını bəyənir: “Amma qoyunların və qoyun ətinin ixrac olunması sırf kommersiya məsələsidir və rentabellik baxımından da əlverişlidir. Hazırda ola bilsin ki, qoyun əti kiçik partiyalarla, sınaq məqsədilə ərəb ölkələrinə ixrac olunub. Amma kütləvi qaydada ərəb ölkələrinə qoyun ixracı yoxdur. Bəlkə kimsə müəyyən səbəblərdən, yol xərclərini hesablamaq üçün aparıb. Bu, istisna edilmir”.

Qoyun ətinin bahalaşmasına gəlincə, nazirlik rəsmisi bildirib ki, payızdan bəri qoyun ətinin qiyməti eyni tempdədir: “Hazırda körpə quzu əti satışa çıxarılıb. Onların əti də həmişə digər yaşlı qoyunların ətindən 1-1,5 manat fərqli olur. Hesab edin ki, fevral ayında doğulmuş quzu artıq kəsilmək üçün istifadə olunur. Onun da qiyməti normal olaraq bahadır. Bu hər zaman belə olub”.

Qeyd edək ki, mətbuatda otun bahalaşması ilə bağlı da xəbərlər dərc olunub. Təxminən bir ay əvvəl 2 manat , 2 manat 50 qəpiyə satılan ot bağlamasının qiyməti hazırda 4 manatdan 4 manat 50 qəpiyə kimi bahalaşıb. Bahalaşma bu il yonca əkin sahələrinin azalması ilə əlaqələndirilir. Yəni sahələrdən yetərincə ot yığılmır. Biçin mövsümü olmasına baxmayaraq ot bağlamasının qiymətlərində artım müşahidə olunur.

Digər tərəfdən yaz mövsümündə yağıntıların az düşməsi dəmyə şəraitində olan biçənəklərin inkişafına mənfi təsir edib. Sahələrdən gözləniləndən də az ot əldə olunub.

Otun bahalaşması satışa da təsir edib. Bərdədə ot alıb satanlar bıldirir ki, satış əvvəlki aya nisbətən azalıb.

Ot bağlamasının hazırki qiyməti demək olar ki, qış aylarındakı qiymətə bərabərdir. Otun bahalaşması küləş bağlamalarına tələbatı artırıb. Bir müddət əvvəl 70 qəpiyə satılan bu yemlər hazırda 1 manat 10 qəpiyə satılır.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, otun bahalaşması ətin və ağartı məhsullarının qiymətinə də təsir edə bilər.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Müslüm İbrahimov isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, ərəb faktorunun bazara təsiri açıq-aşkar görünür: “Artıq bazar genişlənir, alıcıların sayı artıb. Bu səbəbdən yeni qiymət formatı ortaya çıxıb. Bundan əvvəl qoyunçuluqla məşğul olan insanlar ancaq daxili bazarı ətlə təmin etdikləri üçün, artıq daxili bazarda qoyun ətinin qıtlığı yaranıb. Bu da qiymətlərə təsirsiz ötüşmür. İqtisadi baxımdan hazırda qiymətin qalxması gözləniləndir. Çünki artıq tələbat artıb və daha çox istehsal üçün stimul yaranıb”.

Ekspertin fikrincə, ətin bahalaşmasında yemin qiymətinin artmasının da təsiri böyükdür: “ Heyvandarlıqda yem xərcləri bütün xərlcərin təxminən 50-60 faizini təşkil edir. Təbii ki, yem qıtlığı yaşanan kimi, bu dərhal ətin də qiymətində özünü göstərir. Ancaq bu ajiotajdan öncəki situasiyada qiymətlər cüzi olaraq dəyişirdi. Ot bahalaşsa da, ətin qiyməti kəskin artmırdı. Çünki alıcılıq qabiliyyəti aşağı idi və bu qiyməti artırmağa imkan vermirdi”.

M.İbrahimovun sözlərinə görə, hazırda yüksək alıcılıq qabiliyyətinə malik olan ərəblərin Azərbaycan bazarına maraq göstərməsi bahalaşmanın əsas səbəblərindən biridir: “ Mən ərəb faktorunu həm də müsbət mənada qəbul edirəm. Çünki qiymətlərin qalxması ilk növbədə istehsalçının mənfəətinin artması deməkdir. Bu da istehsalın artması üçün stimul yaradacaq. Biz istehlakçılar olaraq burada qiymətlərin artmasından əziyyət çəksək də, istehsalın artması ilə yenidən daxili bazarda tarazlıq yaranacaq”.

Musavat.com