Ekspert: “Devalvasiya nəticəsində yeni avtomobillərin kəskin bahalaşması bazarda istiqaməti dəyişdi”
Ölkədə ikinci əl avtomobillərin qiyməti bahalaşıb. Manatın dollara nisbətdə dəyər itirməsi nəticəsində kəskin bahalaşan təzə maşınlarla bərabər, ikinci əl avtomobillərin də qiymətlərində artım müşahidə olunur. Satıcılar alıcının az olmasından şikayətlənsələr də, qiymətin də bahalaşdığını bildirirlər. Aybaay avtomobil bazarında qiymət artımı nəzərə çarpır…
İqtisadçılar hesab edirlər ki, gələn ildən etibarən ölkədə avtomobillərin qiyməti daha da bahalaşacaq. Bunun bir səbəbi kimi vergi qanunvericiliyində 2017-ci il yanvarın 1-dən qüvvəyə minən dəyişikliyə uyğun olaraq ölkəyə idxal olunan avtomobillərin aksiz dərəcələrinin artırılması qeyd olunur. Yeni qaydalara görə, qiymət bahalaşması mühərrikin həcmi 2000 kubsantimetrdən çox olan avtomobillərə şamil olunacaq. Bu məntiqlə mühərrikinin həcmi 2000 kubsantimetrdən aşağı olan avtomobillər mövcud qanun dəyişikliyinin təsirindən kənarda qalacaqlar. Lakin bildirilir ki, ümumi iqtisadi durum, həmin avtomobillərə də təsirsiz ötüşməyəcək.
İqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a açıqlamasında deyib ki, 2017-ci ildə avtomobil bazarında 2016-cı ildə müşahidə olunan tendensiyaların bir çoxu təkrarlanacaq: “Yeni avtomobillərin ölkəyə idxalı, eyni zamanda satışda azalma prosesi davam edəcək. Xüsusilə, təkrar bazarda aktivlik daha artıq olacaq. Eyni zamanda böyük həcmli motorlu avtomobillərin təklifi daha çox müşahidə ediləcək. Lakin aşağı həcmli motorlu avtomobillərə tələb daha yüksək olacaq. Həmçinin, böyük motorlu avtomobillərdə təklifin artması təkrar bazarda sürətlə ucuzlaşmaya səbəb olacaq. Ancaq qeyd etdiyimiz kimi kiçik həcmli motorlara malik olan avtomobillərə tələbatın yüksək olması, onların qiymətlərinin manatla ifadədə artmasına gətirib çıxaracaq. Bahalaşma bundan sonrakı müşahidə edilən devalvasiyanın tempindən isə geri qalacaq. Ümumiyyətlə, 2017-ci il avtomobil bazarı üçün durğun illərdən biri kimi yadda qalacaq”.
Ekspert son zamanlar ikinci əl avtomobil bazarında qiymət artımının səbəbləri barəsində də danışıb: “İkinci əl avtomobil bazarında tələbatın artıq olması qiymət artımına səbəb olur. Ölkəyə idxal olunan avtomobillərin sayı əvvəlki dövrlə müqayisədə təxminən 18 dəfə azalıb. Bu isə o deməkdir ki, ilkin bazarda təklifin sayı azalıb. Bundan əlavə, ilkin bazara avtomobillər yeni məzənnə ilə daxil olduğu üçün manatla ifadədə qiymətlər kifayət qədər yüksək olur. Təkrar bazarda isə vəziyyət nisbətən fərqlidir. Bu bazarda dolların əvvəlki məzənnəsi ilə ölkəyə gətirilən avtomobil sayı çoxdur. Bu isə satıcılara avtomobili nisbətən aşağı qiymətə təklif etməyə şərait yaradırdı. Beləliklə də son nəticədə deyə bilərik ki, bazarda tələbata uyğun dəyişmə baş verib. Belə ki, əgər biz 2014-cü ilə qədər yeni avtomobillərə tələbin yüksək olmasını müşahidə edirdiksə, artıq 2014-cü ildən sonra bu dinamika əksinə dəyişdi. Mərkəzi Bank tərəfindən istehlak və avtomobil kreditləşməsində yeni qaydaların tətbiqi ilə bağlı addımları oldu, onun ardınca Avro-4 standartlarına cavab verən avtomobillərinin gətirilməsi tələbləri ortaya çıxdı. Son olaraq devalvasiya nəticəsində yeni avtomobillərin kəskin bahalaşması bazarda istiqaməti dəyişdi. Biz əgər 2014-cü ilə qədər Azərbaycanda avtoparkın yenilənməsini müşahidə edirdiksə, bundan sonrakı dövrdə köhnəlməni görürük. Bundan sonra da ikinci əl avtomobillərin dövriyyəsi artacaq. Bütün bunlar qiyməti tətikləyən amillər olsa da, təkrar avtomobil bazarında qiymət artımı uzun müddətli və davamlı olmayacaq”.
Musavat.com