Ekspertlər iddia ilə bağlı detalları açıqlayırlar, vəziyyət ciddidir
Ölkə iqtisadiyyatı ilə bağlı açıqlanan “Yol xəritəsi”ndə bəlli proyektləri həyata keçirmək üçün tələb olunan 27 milyard manat vəsait bir çox suallar yaradır. Bəzi ekspertlər bildirirlər ki, bu sənədin açıqlanması və orada 27 milyard həcmində vəsaitin vacibliyinin göstərilməsi Azərbaycanın xarici banklardakı rezervlərini geri gətirmək istəyindən doğur. Belə ki, ölkənin maliyyə durumu gərgin olduğundan belə bir sənəd ortaya çıxaran hökumət xarici banklardakı rezervlərini vaxtından tez ölkəyə gətirmək istəyir. Bu iddianın nə dərəcədə həqiqətə uyğun olduğunu ekspertlər musavat.com-a izah ediblər.
Ekspert Qubad İbadoğlu məsələ ilə bağlı musavat.com-a bildirib ki, açıqlanan “Yol xəritəsi”ndə maliyyələşmə üçün nəzərdə tutulan mənbələr göstərilmir: “Amma bütövlükdə götürəndə qeyd etdiyiniz bu iddiaları bölüşmürəm. Çünki bu iddialar əsaslı görsənmir. Azərbaycanın Dövlət Neft Fondunun vəsaitlərinin xaricdən geri çəkilməsi düşünmürəm ki, xüsusi bir proqram, yaxud “Yol xəritəsi” ilə mümkündür. Qeyd edim ki, bu vəsaitlərin 36 faizi bu günə qədər yerləşdirilib. Hardasa on milyard dollardan çox vəsait, indiki məzənnə ilə götürsək, 18-20 milyard manat edir. Bu bir il ərzində Azərbaycan onsuz da bu aktivlərlə, investisiya portfelinin taleyi ilə bağlı qərar verə bilər. Yəni aktivlərin müddətini uzada bilər, yaxud geri çəkə bilər. Aktivlərin 20 faizi bir ildən üç ilə qədər, 14,5 faizi üç ildən beş ilə qədər müddətdə qoyulub. Bu 27 milyard isə bir il üçün nəzərdə tutulmayıb. “Yol xəritəsi”, 2025-ci ilə qədər olan strateji baxışdır və 2025-ci ildən sonrakı hədəf baxışlarıdır. Hədəflər də 2035-ci ilə qədər nəzərdə tutulub. Bu 27 milyard manatla bağlı hesablamalar da ehtiyatlar, rezervlər bütövlükdə götürəndə, indiki halda ən azı 2025-ci ilə qədər olan müddətdə nəzərdə tutulub. Bu müddətdə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinin yarısından çoxunu geri çəkə bilərik. Bunun üçün proqram və konsepsiyalara ehtiyac yoxdur. Digər tərəfdən də bu istiqamətdə regionların sosial iqtisadi inkişaf proqramı həyata keçirilir. 2004-cü ildən indiyə qədər 39,5 milyard manat vəsait xərcləyib. Azərbaycanda belə vəsaitlərin xərclənməsi strategiyası var. Buna görə bu iddiaları bölüşmürəm”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a bildirib ki, Azərbaycanın Neft Fondunun xarici banklarda öz həm depozit hesabları, həm də qiymətli kağızlarla edilmiş yatırımları var: “Bu yatırımların hamısı linkvid deyil. Çünki qızılla edilmiş yatırımlar da var, qiymətli kağızlarla edilmiş yatırımlar da var. Böyük ölkələrin, ən çox da Amerikanın kağızları da var, dövlət borc kağızları da var. Bunların hamısının birdən nağdlaşdırıb ölkəyə gətirilməsi mümkün deyil. Çünki bu, böyük itkilərlə nəticələrə bilər. Vaxtından əvvəl müqavilələrin pozulması və vaxtından əvvəl satışların həyata keçirilməsi müəyyən itkilərə səbəb olur. Ən azından, məsələn, qızılın bir unsiyası Neft Fondu qızıl almağa başlayan zaman 1400 dollar civarında idi, indi 1020-1030 dolar civarındadır. Hər unsiyada bu qədər qiymət endirimi olub. İndi qızılı həmən valyutaya çevirib ölkəyə gətirib ölkə banklarında yerləşdirmə ciddi itki demək olar. belə misallar çoxdur. Ona görə də birdən-birə bunu etmək mümkün deyil. Azərbaycan iqtisadiyyatının həcmi kifayət etmir ki, o pulları Azərbaycan bankları “həzm etsin”. İqtisadiyyatın özünün də biz “həzmetmə” sərhədləri var. Ona görə birdən-birə o boyda vəsaitin Azərbaycana daxil olması mümkün deyil. Düşünmürəm ki, hökumət belə bir addım atsın. Amma bəzi bankların xilas edilməsi üçün addım atıla bilər. Məsələn, Beynəlxalq Bankda biz bunu gördük. Neft Fondu bir milyard dollara yaxın depozit yerləşdirdi. Beynəlxalq Bank düşdüyü ağır durumdan çıxmaq, xarici kreditorlar qarşısında olan öhdəliklərini yerinə yetirmək üçün depozitdən istifadə etdi. Nə qədər səmərəli istifadə etdi, bunu demək çətindir. Çünki bu günə qədər Beynəlxalq Bankla bağlı ciddi suallar var və orada proseslərin heç və şəffaf olmadığı haqqında fikirlər var. Amma ən azından, Neft Fondu belə bir addım atdı. Buna bənzər addımlar yenə ola bilər. Ola bilər ki, böyük banklara Neft Fondu növbəti ildə müəyyən valyuta depozitləri yerləşdirsin. Amma açığı, bankların vəziyyəti o qədər ağırdır ki, belə bir addımın atılmasının sonradan effekt verib-verməyəcəyi də sual altına düşür. Çünki Beynəlxalq Bank bir milyard depozit götürüb Neft Fondundan, amma sabah Neft Fonduna o vəsait lazım olsa, depoziti oradan çəkməli olsa, Beynəlxalq Bankın o ehtiyatı artıq yoxdur. Onu paylayıb, borclarının əvəzinə verib. Onu geri çəkə bilməyəcək. Azərbaycan banklarının sağlamlaşdırılması sona çatmasa, rəqabətli bir mühitdə sağlam ayaqlar üzərində durub özləri fəaliyyət göstərməyə başlamasalar, bu tipli dövlət dəstəyindən sonra ayrılmış vəsaitlərin geri dönüşündə problem yarana bilər. Yəni onları yenidən Neft Fondu istəsə, geri çəkməkdə problemlə qarşılaşa bilər. Yəni bir çox sahələrdə bunun fəsadları ola bilər. Amma düşünürəm ki, gələn il bəzi addımların şahidi ola bilərik. Bir neçə banklarda Neft Fondu öz depozitini yerləşdirə bilər ki, banklara dəstək olsun. Amma bankların özü sağlamlaşmasa, sağlam şəkildə ayağa durmasa, o vəsaitlərin gələcək taleyi sual altındadır”.
Ölkəyə gətiriləcək vəsaitin ümumilikdə iqtisadiyyata yatırılmasına gəldikdə isə ekspert qeyd edib ki, əslində bunun fəlsəfəsi kökündən yanlışdır: “Dövlət iqtisadiyyatda, kənd təsərrüfatında əsas oyunçu olmamalıdır. Əsas tənzimləyici funksiyanı yerinə yetirib, ədalətli hakim rolunda olmalıdır. Amma görünən odur ki, “Yol xəritələri”nin də problemi odur ki, Azərbaycanda dövlət yenə də iqtisadiyyatda əsas oyunçu, həlledici qüvvə, həlledici oyunçu olmaq istəyir. Bütün nəzarəti öz əlində saxlamağa çalışır. Bu, kökündən yanlışdır. Və dövlət iqtisadiyyatının fəsadlara gətirib çıxardığının onlarla örnəyi var. Öz keçmişimizdə sovet praktikası var ki, çox ciddi şəkildə bunun səhv olduğu meydana çıxdı. Yaxın illərdə, yaxın aylarda hətta Venesuela örnəyi var ki, bu ölkədə dövlət iqtisadiyyatın bütün sahələrinə müdaxilə edib öz əlində saxlamağa çalışırdı. Hər bir sahəni milliləşdirməyə çalışırdı. Venesuelanın vəziyyəti göz qabağındadır. Ərzaq qıtlığı var, inflyasiya 700 faizi keçib, yəni böyük bir problemlərlə qarşılaşıb. Azərbaycanda “Yol xəritəsi”nin problemi məhz ondan ibarətdir. Əsas problem ondan ibarətdir ki, dövlət hələ də hər şeyi öz əlində saxlamağa çalışır. Əslində dövlət iqtisadiyyatdan bacardıqca çəkilməli, iqtisadiyyatda ancaq ədalətli hakim və təşviqedici institut rolunu oynamalıdır. Bu yolla o vəsaitlərin xərclənməsi nəzərdə tutulubsa, bunun effekti ola bilər. Yox, əgər dövlət özü həm investor, həm idarəedici, həm sistem yaradan oyunçu, iqtisadiyyatda əsas oyunçu olmağı düşünürsə, bu yolda addımlar atacaqsa, çox təəssüf ki, bunun effekti olmayacaq. Yüz otuz milyard neft pulları Azərbaycana gəlib, necə qeyri-effektiv xərcləndisə, həmin o vəsaitlər də qeyri-effektiv xərclənəcək”.
Musavat.com