“Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar”
“Qəbələ” klubunun prezidenti Tale Heydərov Avropa Liqasının III təsnifat mərhələsində Fransanın “Lill” komandası üzərində 1:0 hesablı qələbə qazanaraq, “pley-off”a yüksəldikləri cavab görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. “Report” xəbər verir ki, T. Heydərov əvvəlcə qələbə təəssüratlarını bölüşüb…
– Oyun çox gözəl keçdi. Aydın məsələdir ki, “Lill” kimi komandanı üstələmək çox çətin idi. Mənim üçün və eləcə də hamı üçün çox həyəcanlı gün idi.
– Hər iki oyunda komandadan belə mübarizə gözləyirdiniz?
– Səfərdəki 1:1 hesablı nəticə çox əlverişli idi. Lakin “Lill” də qələbəyə köklənmişdi. Mərhələni keçmək üçün əllərindən gələni etməli idilər. Ən güclü oyunçularını heyətə daxil etmişdilər. Amma bu gün “Qəbələ” ilə bacarmadılar.
– Növbəti mərhələdə yeni transferlər gözlənilir?
– Bir hücumçu axtarışındayıq. Ümid edirəm ki, bu yaxınlarda tapacağıq.
– “Lill” kimi güclü komandanı keçmisinizsə, artıq bütün rəqiblərə qarşı oynaya biləcəyinizi demək olar…
– Xeyr, bunu qətiyyən demək olmaz. Çünki “Pley-off”a bundan asan olmayacaq. Ona görə də komandamız istirahətdən sonra növbəti qələbələrə, oyunlara köklənməlidir.
– Fransadan azarkeşlərə çağırış etmişdiniz. Bugünkü dəstəkdən razı qaldınız?
– Fürsətdən istifadə edərək, ilk növbədə jurnalistlərə təşəkkür edirəm ki, həqiqətən böyük iş gördülər, azarkeşləri stadiona dəvət etdilər. Real şəkildə birlik göstərdilər. Həqiqətən də bu gün 12-ci oyunçu bizim azarkeşlər idi. Onlara da “çox sağ olun” deyirəm.
– Bu mövsüm “Qəbələ”nin “Qarabağ”ın hegemonluğuna son qoyacağını düşünürsünüz?
– Fikrimcə, builki heyətimiz ötənilkindən güclüdür. Ən azı, daha yaxşı nəticə gözləməyə borcludurlar. “Qarabağ” çox güclü rəqibdir. Çətin olacaq. Amma əlimizdən gələni edəcəyik ki, çempion olaq.
– Nəzərə almaq lazımdır ki, çempionatda legioner limiti olacaq…
– Bəli, bu, bizim çox böyük problemdir. Azərbaycan futbolunda yerli futbolçuların kifayət qədər olmaması çatışmazlıqdır. Çalışacağıq ki, öz yerli oyunçularımıza güvənək.
– Qələbəni Cavid Hüseynova həsr edəcəyinizi demişdiniz. Bugünkü nəticədə həmin açıqlamanın nə dərəcədə rolu oldu?
– Əlbəttə, bunu ilk oyunda da qeyd etmişdik. Bayaq futbolçularla görüşəndə onlara da minnətdarlığımı bildirdim. Bu gün futbolçular özləri üçün nə qədər oynayırdılarsa, bir o qədər də Cavid üçün oynayırdılar.