“Özünü yaxşı aparmayıb, demişəm çıxardın bayıra. Kobud şəkildə demişəm ”tutun mitilini atın bayıra” və onu zor gücünə itələyib atıblar bayıra”.
Bu sözləri ANS PRESS-ə qadını döyməkdə ittiham olunan Azərbaycan millisinin və “İnter”in qapıçısı Kamran Ağayev bildirib.
Kamran Ağayev bu məsələnin şişirdildiyini və bütün bunların onun gözdən salınması üçün edildiyini qeyd edib. Onun sözlərinə görə, baş verən hadisə yazılanlar kimi olmayıb.
“Orada dava olmayıb və ya kimsə döyülməyib. Şəxsi obyektimdir, icarəyə vermişəm. Özüm də orada müştəri kimi otururam. Sadəcə xoşa gəlməz hal yaşandı. O qadın özünü yaxşı aparmayıb. İçəridə kamera var, hər şey yazılıb. Polisə bu məsələylə bağlı çağrılmamışam. Ola bilər ki, buna görə hüquq-mühafizə orqanları bizi çağırsın, yəni bu normal haldı. Bir şillədir, yazılıb ki, şillənin cəriməsi üç yüz manatdır. Yazanda düz yazmaq lazımdır. Bu yazılanlar məni gözdən salmaq üçündür”, – deyə Kamran Ağayev bildirib.