“Həmin “statya”ları bizim uşaqların üstünə qorxutmaqla, “ananı, bacını bura gətirəcəyik” deməklə qoyublar”
Mayın 5-də Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə 29 nəfərin barəsindəki hökmdən verdikləri kasasiya şikayətinə növbəti baxış təxirə salınıb. Buna səbəb təqsirləndirilən şəxslərdən biri olan Samir Sanıyevin barəsindəki hökmdən məhkəməyə kasasiya şikayəti daxil olmasıdır. Bu səbəbdən proses iyunun 9-na kimi təxirə salınıb.
Ali Məhkəməyə kasasiya şikayəti təqdim edənlər “Eurovision-2012″ mahnı yarışması ərəfəsində prezidentə sui-qəsdə cəhdə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunaraq müxtəlif müddətlərə azadlıqdan məhrum edilən Azərbaycan vətəndaşlarıdır.
Keçirilən məhkəmə prosesində iştirak edən məhkum edilmiş şəxslərin yaxınları deyirlər ki, iş üzrə çıxarılmış məhkəmə hökmü ədalətsiz, əsassız və qeyri-qanunidir.
“Terrorçunun böyüyü Eldar Mahmudovun özüdür”
Hazırda həbsdə olan Nizami Səlimxanovun anası Xatın Səlimxanova deyir ki, övladı MTN tərəfindən qanunsuz saxlanılıb və sonradan həbsə məhkum edilib: “Terrorçunun böyüyü Eldar Mahmudovdur. Bizim övladlarımızı 15 il, bəzilərini isə ömürlük həbsə məhkum etdirib. Oğlum ali təhsillidir, 4-5 dil bilir. Ondan terrorçu olar? Məhkəmələr o dövrdə MTN-də yazılan ittiham aktlarını təsdiq etməklə məşğul idi. Çünki məhkəmələr Eldar Mahmudova baxırdı, hakimlərin bir çoxu ondan qorxurdu. Biz valideynlər Ali Məhkəmənin hakimi İnqilab Nəsirovdan ədalətli qərar gözləyirik”.
“Məhkəmədə hakimlər deyirdilər ki…”
Həbsdə olan Elmir Nurəliyevin anası Məhlüqə Nurəliyeva deyir ki, oğlunu 2012-ci il aprelin 5-də evə silahlı basqın edən 20-yə yaxın MTN əməkdaşı yatdığı yerdən aparıblar: “Oğlumu döyərək apardılar. Mənim oğlumun heç bir cinayəti yoxdur, məhkəmədə də heç bir cinayəti sübut olunmayıb. Məhkəmədə hakimlər deyirdilər ki, sən ittihamda yazılanları fikirləşmisən. Məgər fikirləşmək cinayətdir? Belə çıxır ki, demokratik ölkədə fikirləşmək də olmaz… Bir ana kimi istəyərdim ki, cənab prezident MTN-in cinayətkar işçilərinin sonadək ifşa olunmasına nail olsun”.
“Onları sıraya düzüb bir-bir ”tok”a veriblər”
M.Nurəliyeva ittihamın absurd olduğunu diqqətə çatdırır: ““Evrovison” keçirilməzdən 1 il əvvəldən 29 nəfəri tutub salmışdılar MTN-ə. Həmin “statya”ları bizim uşaqların üstünə qorxutmaqla, “ananı, bacını bura gətirəcəyik” deməklə qoyublar. Onları sıraya düzüb bir-bir “tok”a veriblər, işgəncələrə məruz qoyublar. Elələri var ki, qabırğalarını sındırıblar. Onlara saxta ifadələri belə imza etdiriblər. Oğlum işgəncələrdən sonra 4 ildir ki, xəstədir. O qədər vurub-döyüblər ki… 4 ildir ki, ona dərman daşıyıram, sağalmır…”
“Onlara MTN-in binasında dəhşətli işgəncələr verilib”
Məhbuslardan birinin həyat yoldaşı olan, adının çəkilməsini istəməyən hicablı qadın deyir ki, 2 körpə uşaqla Allahın ümidinə qalıblar: “Onlara MTN-in binasında dəhşətli işgəncələr verilib. Hətta onları məhkəməyə elə gətirirdilər ki, sanki böyük bir terror aktı törədiblər. Başlarına qara torba keçirmişdilər. Halbuki tutulanlar bu ölkədə kiməsə xətər törətməyiblər. Hətta bir qarışqanı əzə bilməyən insan bu boyda dövlətə necə ziyan verə bilər ki? Körpə uşaqlar ortalıqda qalıb. Övladımın biri xəstədir. Mən onun dərmanlarını alıb çatdıra bilmirəm. Xahiş edirəm məhkəmədə ədalətli qərar verilsin”.
Vəkil deyir ki…
Samir Sanıyevin vəkili Nəsimi İsayev deyib ki, MTN-də iş üzrə ilk gündən doğru-dürüst araşdırma aparılmayıb: “Bu iş MTN-də istintaq olunan işlər sırasında ən qeyri-obyektiv işdir. İstintaq real faktlara deyil, kiminsə ehtimallarına əsaslanıb. İttiham aktında yazıblar ki, guya tutulanlar ”mahnı yarışmasının keçiriləcəyi “Christal Hall”u partlatmaq istəyiblər. Sual olunur, 2011-ci ildə kim bilə bilərdi ki, Azərbaycan bu yarışmada qalib gələcək? İttiham aktında bu cür uyğunsuzluqlar var. İş tamamilə absurd bir işdir. Samir Sanıyevi və digər iki şəxsi ömürlük həbsə məhkum ediblər. Guya bu şəxslər hakimiyyəti zorla ələ keçirmək istəyiblər. Amma işdə bir ifadə belə yoxdur ki, kim və necə hakimiyyəti ələ keçirmək istəyib. Heç bir dəlil-sübut olmadan belə qondarma ittihamlar verib və məhkum ediblər. Yazırlar ki, guya sərhəddən çantalarla silah keçiriblər. Amma ortada heç bir fakt yoxdur. 29 nəfəri bu cür qondarma ittihamlarla həbs ediblər. İş Ali Məhkəmədədir. Ümid edirik ki, MTN-dəki məlum həbslərdən sonra, oradakı nazir Eldar Mahmudovun, Akif Çovdarovun rəhbərliyi qondarma işlər aparılması məlum olandan sonra nəhayət ki, bu qondarma işə bu dəfə məhkəmədə ədalətlə baxılacaq”.
Musavat.com