Xızıda ölüm hadisəsi baş verib. Xəstəxanaya yaralı vəziyyətdə aparılan rəng sexində işləyən fəhlə orada dünyasını dəyişib.
Sumqayıt şəhərində yaşayıb, Xızı rayonu Şürabad qəsəbəsində rəng sexində işləyən Gədəbəy rayon sakini, 28 yaşlı Tahir Cabbarov yaralı vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Tahir Cabbarovun işlədiyi sexdən onun yıxılaraq xəsarət aldığını bildiriblər. Lakin Tahirin yaxınları hadisənin belə olmadığını iddia edirlər.
Bəsti Cabbarova – mərhumun anası: “Oğlumun üzünü açıb gördüm ki, gicgahı batıb içəri, qulağından da qan gəlir. Əgər yıxılıbsa, başqa yerində də yaralanma olardı. Yıxılsaydı, başı dağılardı, boynu qırılardı. 3 il qabaq işləyəndə yıxılmışdı, ayağı sınmışdı, qollarında, belində cızıqlar, yaralar var idi. İndi şübhələnirəm ki, oğlum yıxılmayıb, əllə vurub, döyüblər”.
Saleh Cabbarov – mərhumun qardaşı: “Adam yıxılanda harasındasa izi qalar, cızığı qalar, qolunda, ayağında. Qardaşımın bircə başında yara var”.
Tahir Cabbarovun hansı şəraitdə dünyasını dəyişməsini Xızı rayon prokurorluğu araşdırır.