Bu ilin oktyabr ayında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Mən Azərbaycanlıyam” milli intellektual bilik yarışmasının 5-ci mövsümünün qalibləri mükafalandırılıb.
Qaliblər sırasında I yerin sahibi Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Nərmin Rüstəmova olub. O, yarışda Ağcabədi rayonunu təmsil edib.
Nərmin Firdovsi qızı Rüstəmova 1998-ci il aprelin 13-də Ağcabədi Rayonunda anadan olub. Azərbaycan Dillər Universitetinə (ADU) 532 balla daxil olan Nərmin Rüstəmova Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin xarici dil müəllimliyi ixtisasının (ingilis dili) 206b qrupunun əlaçı tələbəsidir.
Modern.az onunla müsahibəni təqdim edir:
-Necə oldu ki “Mən Azərbaycanlıyam” yarışmasına qatıldın?
-Ağcəbədi rayonunda fəaliyyət göstərən “Yeni Abituriyent” hazırlıq kurslarının rəhbəri Şöyüb Səfərovun və rayon İcra Hakimiyyətin başçısı Şahin Məmmədovun məsləhəti ilə yarışmaya qatıldım. Onu da bildirim ki, ADU-ya daxil olmağımda adıçəkilən hazırlıq kursunun böyük rolu olub.
-Bu yarışmanın qalibi olacağınızı əvvəlcədən hiss edirdinizmi?
-Yarışmanın müxtəlif mərhələlərinin çətinliyini, həmçinin rəqiblərimin intellektual tələbələr olduğunu bilirdim. Ancaq bu yarışmada qalib olmağı qarşıma məqsəd qoydum və nail oldum. Yarışmada 99% bilik tələb olunurdusa, 1% də şans lazım idi. Onluq oyunundan sonra finalımız yaxınlaşırdı. Rəqiblərim Şəki şəhəri, Xızı və Naxçıvan MR-nın təmsilçiləri idi. “İlin qalibi” adlı oyunun sonunda həlledici sual səsləndi. Rəqibimin məni qabaqlayaraq düyməni basmasına məyus oldum və qalib adını qaçırdığımı hiss etdim. Lakin onun səhv cavab verməsi və mənim cəldliklə düyməni basmam artıq qalib olduğumu mənə hiss etdirdi. Beləliklə “Mən Azərbaycanlıyam” Milli-Bilik yarışmasının Respublika Çempionatlığının qalibi oldum. Bununla da yalnız Ağcəbədi rayonunu deyil, eyni zamanda təhsil aldığım Dillər Universitetini də təmsil etdim. Bu mənimçün çox qürurverici bir hiss idi. Qeyd edim ki, təhsilimdə, eləcə də uğurlar qazanmağımda mənə ən çox dəstək verən yeganə insan anamdır.
“Mən Azərbaycanlıyam” yarışmasının qalibi adını əsas tutaraq deyirəm ki, tariximizi, ədəbiyyatımızı və mədəniyyətimizi bilmək hər bir gənc üçün vacibdir. Bir daha bu yarışmanın təşkilat rəhbərlərinə, məktəb kollektivimə, dəyərli hazırlıq kursuna, həmçinin valideynlərimə təşəkkür edirəm.
-İndiyə qədər hansı uğurlarınız olub?
– Ağcabədi Rayonunda təşkil olunan Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Tarix” üzrə bilik yarışmasında 17 məktəb arasında məktəbimi təmsil edərək birinci yerin sahibi olmuşam. Ötən il ADU-da keçirilən Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin illik konfransında çıxış edərək I dərəcəli diplomla təltif olunmuşam. “Xəmsə” bilik yarışmasının regionlar arasında keçirilən “Regional turu”nda qalib adını qazanmışam.
Məqsədim universitet həyatında təhsilimi əla qiymətlərlə bitirib, gələcəyin layiqli müəllimi olmaq, ölkəmizi hər zaman layiqincə təmsil etmək, həmçinin cəmiyyətimiz üçün bacarıqlı gənc olmaqdır. Azərbaycan Dillər Universitetindədə gənclər üçün yaradılan elmi mühitə görə isə universitet rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.