Belə bir anekdot var. Birinə deyirlər, sən əsl demaqoqsan. Qayıdır ki, nə olsun, heç qiymət verən yoxdu.
Lətifəsi bizdən uzaq, indi biz də ədalətin zühuru üçün çarpışırıq. Üstəlik, toplumun dəstəyi olsa Tomas Morun utopiyasını və yaydığı humanist ideyaları reallaşdıracağımıza da inanırıq. Əslinə baxanda hamının iş-gücü var. Əlavə məsuliyyət artıq yükdü. Bu yükün altına girmişik, uğura inanırıq, ədalətə də…. demirik, hər şey hazırdı, qalıb bircə sizin dəstəyiniz. Deyirik, ən azı boş yerə külüng döymədiyimizi hiss edək.
Söhbət “125- lər” Siyasi Klubundan gedir. Bu klubda elə adamlar var qaçaraq iş həyatından başları bir dəqiqə açılmır. Heç vaxt siyasi iddiası olmayıb. Karyerası, peşəsi ilə bir qatqıda bulunmağa çalışıb. Ancaq ölkədə, cəmiyyətdə olan problemlər bəzən adamı ruhundan, tutub özünə çəkib “mənlə məşğul ol” deyir.
Çünki bura bizim vətənimizdi.
İstəsək də, istəməsək də, yorulub bezsək də. “Sən siyasətlə məşğul olmasan, o sənlə məşğul olacaq” misalının anlamı bəlkə də elə budu. Tarix göstərir ki, ölkədə heç bir siyasi qərarı vətəndaşlar verməyəndə kənardan gəlib onun bağımsızlığını (hürriyyətini ) əlindən alıb “qərarları özümüz verəcəyik” deyirlər. O zaman adamların fərdi azadlığından söhbət gedə bilməz. Çünki bütün xalqın taleyi keçir başqalarının əlinə.
“Nəyinə gərəkdi?” – illərdi hamı bir-birinə bunu deyir.
Bəzən küyə düşüb özün də özünə bu sualı verirsən: “Nəyimə gərəkdi?”
Sonra büzüşüb qalırsan yerində. Çənən sinənə yapışır, “nəyinə gərəkdi, nəyə görə, niyə”… Ətrafda canlı-cansız nə varsa üstünə gəlir bu sualla. Tək hiss edirsən özünü.
Ardından öyrənirsən ki, təklənən yalnız sən deyilsən. Qoşulursunuz bir-birinizə. Artıq bu sual sizi narahat etmir. Cavabını bilirsiniz. Bu cavab şübhələrinizi oxşayıb razı salır sizi.
Ola bilər artıq bizə heç nə gərək deyil. Ancaq uşaqlarımıza gərəkdir. Onlar üçündü.
Biz bütün uşaqlığı Lenin babaya aid şeirləri əzbərləməklə keçən və günlərin birində “ölməz baba”nın başını havada sallanan görən, goruna söyüldüyünü eşidən adamlarıq. Gəncliyindən “bu kişilərdən hansıdı öndər” sualı ilə çaş-baş qalanlarıq. Birdən-birə köksüz, əcdadsız olan və bu əcdadı özü axtarıb tapan nəsillərik.
Böyük Məmməd Araz demiş, beləcə, bizdən ötdü.
Ancaq uşaqlarımıza dəyməsin deyə toparlanıb yenidən çırmanası, yorğun üzümüzü özümüz şillələməli, süst bədənimizi gələcək qurmaqdan ötrü canlandırmalı oluruq. Bizə heç nə hazır gəlmədi. Oxumaq, görmək istədiyimizi özümüz tapmalı, aydınlanmaq aclığını özümüz doyurmalı, bəzən havaya yumruq atdığımızın əzabını özümüz ört-basdır edib yaşamalı olduq. Özümüz yaratmalı olduq dəyərlərimizi.
“Nəyimizə gərəkdi?” sualı da, “mənlik deyil” düşüncəsi də dünyanın ən rahat sığınacağıdı. Fayda verə biləcəyini qəlbinin dərinliyində duyursansa, zəhmətinin qarşılığında gülümsəyən gözlər sənə baxırsa, barış üçün, övladının mutluluğu, qutsal dəyərlər, insanlığın qazanması uğuruna çaba sərf etməkdən çəkinmirsən.
İndi insanlıq uğrunda olan bütün çağırışlar sadəlövhlük sayılır. Russonun “Bilim və sənətin sorğulanması” essesində belə bir fikir var: “Gün gələcək, hər kəs öz qiymətini görmədən başqasının dəyərini düşürməyə çalışacaq. Heç kim düşməninə qarşı kobudluq etməsə də, ustalıqla çamur atacaq. Soy davaları sönəcək, ancaq vətən sevgisinin də izi-tozu qalmayacaq. Pis sayılan cəhalətin yerini təhlükəli bir nihilizm tutacaq. Bir çox vərdiş, tərz pislənəcək, bir çoxu da dəyər adı alıb önəmli sayılacaq”.
Kosmopolitliyin, eqosentrizmin, cinssizliyin stil, pont şəkli aldığı, güvənilməzliyin norma kimi qəbul olunduğu ədalətsizliyə öyrəşən dünyaya baxıb Russonun niyə Russo olduğunu başa düşürsən. Kosmopolitik də, cinssizlik də, hətta eqosentrizm də insanın bioloji, ruhsal və psixoloji durumuna bağlı məsələdir. Burda sənin başqasının haqqına girməyin, həyatına qarışmağın yersiz və gərəksizdi. Ancaq bunların stilə çevrilməsi tamamilə başqa məzmun daşıyır və məqsədlidir.
Övladların vicdansız, anlayışsız, acımasız, vecsiz, sevgisiz bir cəmiyyətdə yaşayacağından qorxursan.
Bütöv mənzərədə isə yalnız özünü düşünənlər, uşağının sabahına təkcə pul yığmaqla yatırım edənlər görünür.
Uçurumları, aysberqləri duyub həyəcan siqnalı verənlərə qoşulmaq istəyirsən. Və o an filosofları, aydınları görməzdən gəlib “nəyimə gərəkdi?!” düşünə bilmirsən.
Səni yalnız Çernışevskinin “nə etməli?” sualı və bu suala verdiyi cavab düşündürür. “Vicdansız, anlayışsız, acımasız, vecsiz, sevgisiz olmamaq”.
Biz problemlərin gözünə təkcə ayrı-ayrılıqda deyil, həm də intellektual birgəlikdə baxmaq istədik. “Nəyimə gərəkdi” yox, “nə etməli” düşünən insanların birliyini – “125 lər” klubunu yaratdıq.
125-lər nədir?
Parlamentdə təmsil olunan 125 deputatı simvolizə edən bir klubun adı. 125-lər klubunu formatına görə “Alternativ parlament” də adlandırmaq olar. Bu klubda təmsil olunan hər bir üzv qarşıdan gələn parlament seçkilərində hansı dairədə şansının yüksək olduğunu düşünürsə ordan namizədliyini irəli sürəcək. 125-lər siyasi partiya deyil, hərəkat xarakterli siyasi klubdu. Cəmiyyətə fayda verəcəyini düşünən, ölkə maraqları üçün çalışmağa hazır, neqativ situasiyalarda sözünü deyə bilən, intellektinə, siyasi duyumuna, vicdanına güvənən Azərbaycan vətəndaşı bu klubda təmsil oluna bilər.
Ötən il 14 fevral günü öz varlığını bəyan edən klubun bir ili tamam oldu. Bir il ərzində sıralarına dəyərli adamlar qoşuldu. Azad, istedadlı, savadlı, müasir adamları bir arada görmək, onları parlamentdə təsəvvür etmək həm də estetik baxımdan xoşdur. Yeri gəldi deyim, şəxsən mən parlamentdə duruşu, xarizması yerində, baxımlı, ağıllı, mərd adamların çoxluğunu arzulamışam həmişə. Vəzifənin, titulun, statusun böyük cazibəsi var. Bir də var yararlı olmaq istəyi və bacarığı. Yazının əvvəlində Tomas Morun adını çəkdik. Sonu edam olsa da, belə adamlarınkı sadəcə yaşamaq deyil, onların həyatı kürəxana kimidi, gördükləri işi zindan üzərinə qoyub, qan-tər içində tarixə döyürlər.
Bu böyük ingilis öz cəmiyyətinə həyatını verdi, ölkəsinə yararlı olmaq üçün çabaladı, parlamentə getdi, həlledici məqamlarda ortada oldu, yazdı. İngiltərənin mədəniyyətinə, dövlətçiliyinə, təfəkkür fazasına xidmətləri çoxdu. Bəzi incəlikləri çıxsaq – dönəmin dini və siyasi görüşlərinin təsirini, Mor istinad nöqtələrindən biridi. Yanında ideya, qələm dostları olsa da Mor öz yolunda demək olar tək idi. “İdeal cəmiyyət” əslində çox adamın qəlbinin dərinliyindəki arzudu. İnsan bunu istəməyə bilməz. Ən adi səbəbdən, hər kəs işıqlı dünyada, xoşbəxt yaşamaq istəyir.
Bu insanın əsrlərdi gerçək, təməl arzusudu. O, əslində bunun üçün yaşayıb. Hər kəs “qızıl dönəm” gözləyir. “Biz görməsək də uşaqlarımız görər” ümidi ilə yaşayır, inanır. Biz də bir yerdə bu inamla yola çıxdıq. Dediyimiz kimi, bizə sadəcə boş yerə külüng döymədiyimizi sizdən hiss etmək gərəkdi. İstədiyimiz qeybdən bir şey deyil, biz də elə sizin ürəyinizdə olanı istəyirik. Sadəcə, səsli.