Qərəzli, ya qərəzsiz televiziyalarımızın istənilən mövzuya “öz” yanaşmasını ötürə bilmə şansı var. Belə süjetlərdən birini ötən bazar Mirşahin Ağayevin təqdimatında izlədik. “Məhbus Lamiyə” ilə bağlı bu söz oyunu ilk baxışda maraqlı idi. “Məryəm İsanı dünyaya gətirəndə belə ajiotaj yaranmadı”, məsələn. Baxmayaraq ki, İsanın doğum ajiotajı eranın əvvəlindən bu yana hələ səngimək bilmir. Bu yanlışı keçək sizin qara gözlərinizə. Popstar Şakiranın söhbətə hardansa gəlib çıxmasını isə heç nəyə keçmək olmur, üzrlü sayın.
Keçək sözügedən xəbərin gündəmdə qalmasına verilən izaha. Lamiyə olayına olan maraq cəmiyyətin “kəskin seksual çatışmazlığı” kimi yozuldu, hətta belə təqdim olundu. Daha sonra yozumun yönü dəyişdi. “Kimsə kimisə vurmaq istəyir” deyildi.
İndi bu səbəblərdən hansı gerçək “səbəb” oldu, bilinmədi.
Hər ikisi? Ola bilər, ancaq gərək necəsə bunları bir-birinə bağlayaq, dediyimiz başa düşülsün. Məsələn, kimsə kimisə vurmaq istəyir deyə bu mövzunu ortaya atıb. Camaatın da seksual çatışmazlığı var, ona görə mövzunu diqqətlə izləyir. Hərçənd, şəxsən mən mövzuda seksual çalar tapa bilmədim. Sayğıdəyər kolleqa, bəlkə ilk dəfədi azərbaycanlı seksual əsasla baş verən bir hadisəyə insanlıq açısından yanaşır. Mövzunu zorlanma, cinsəllik, ereksiya müstəvisindən çıxarıb həyat, haqsızlıq kontekstində çözür. Ona görə də seks məsələsini də keçdik…
Başqa tərəfdən, əgər gerçəkdən də bir qızın adı altında yekə bığıburmalar oyun çevirirsə durumlar düşündüyümüzdən də pisdi. Bu halda adamlara necə “olanları görməzdən gəlin” demək olar?
“Azərbaycan mətbuatı pul alıb mövzu satsaydı qəpik-qəpik qonorara işləməzdi, iynəylə gor qazmazdı, hər an bağlanma, həbs təhlükəsi ilə üz-üzə yaşamazdı. Altına odun daşıdığınız qazanlara qaz verib öz qabını doldurardı. Azərbaycan mətbuatının əlindən öpün, mənəviyyatsızlığa qarşı var-gücüylə dayanır”
|
Sizin arqumentlərdən cuşa gəlib bir az da irəli gedənlər “üç-beş manat alıb bu cür mənəviyyatsız mövzunu gündəmdə saxlayan mətbuat” təhqiri ilə çıxış edənlər də var. Onların da hansı qazanın altına odun yığmasını aydınlaşdırmaq lazımdı. Bilirsiz nə var? Azərbaycan mətbuatı pul alıb mövzu satsaydı qəpik-qəpik qonorara işləməzdi, iynəylə gor qazmazdı, hər an bağlanma, həbs təhlükəsi ilə üz-üzə yaşamazdı. Altına odun daşıdığınız qazanlara qaz verib öz qabını doldurardı. Azərbaycan mətbuatının əlindən öpün, mənəviyyatsızlığa qarşı var-gücüylə dayanır.
Bu azmış kimi cəmiyyətin, mətbuatın ünvanına belə qınaqlar da səslənir : “Şəhid vermişik, buna maraq göstərən yoxdu, ancaq bir qadın məhbusa belə böyük maraq var”.
Hardan çıxdı? Azərbaycan xalqı iyirmi ildən çoxdu şəhid verir. Hər dəfəsində də xərçəng xəstəsi kimi ağrıyır. Yayda baş verən Ağdam olayını xatırlayaq. Azərbaycan tərəfində olan kənddə şəhid vermişdik deyə gündəm bir-birinə dəydi, əsgərlərimiz coşub irəli getdilər, adamlar az qala Qarabağı geri alacağımıza inandı. Bəlkə o qədər hay-küy yaradan xəbər olmayıb bu günə kimi Azərbaycanın yazılı mətbuatında. Mübariz şəhid olanda da eyni qoparaq oldu. Bu günə kimi adı hallanır, yazılır, heç səngimir Mübariz mövzusu. Gənclər həbs olunanda da, “Ayna-Zerkalo” qəzetinin əməkdaşının həbsi, qəzetin bağlanması da gündəmi tutdu, Leyla Yunusun polislə davası, İntiqam Əliyevin həbsi də. Erməni vertolyotunun vurulması da gündəmi az silkələnmədi. Ancaq cınqırını çıxarıb, mövzuda başqa çalar axtaran olmadı.
Lamiyə mövzusunu işləmək daha asandı, bəli!
Oxucuya da bu mövzu daha əlçatan gəlir. Mövzunu diqqətlə izləməsinin bircə səbəbi var. Oxucu-tamaşaçı – xalq məmurlardan az çəkməyib. İlk dəfədi hansısa məmurun adıyla bağlı məhbus bir qadının taleyi əks olunur, bu qədər açıq. Xalq bizdən ağılsız və duyumsuz deyil. Üstəlik, xalq özünün, Azərbaycanın Ukraynanın ziyanına Rusiyanın yanında olma prosesində heç bir qatqısı, təsiri olmayacağını da gözəl bilir. Bizim millət vəkilləri Avropada Rusiyanın xeyrinə səs veriblər. Bütün günü türkçülükdən danışanlar belə “rusçu” oldu o məqamda. İllərdi bu ölkə pis-yaxşı ayaqdadı. Nəyin hesabına? Gözlənilməz strateji addımların. Bunu xalq bizdən yaxşı duyur. Və məsələdə öz fikrini bildirmək şansının olmadığını bilir. Özü də təkcə şansının yox, bəlkə də buna gərək olmadığını bilir. Ancaq məhbusluq vaxtı gündən-günə artırılan bir vətəndaşın azadlığa çıxma şansı var. Xalq bunu da duyur. Kimin kimi vurmaq istəməsindən asılı olmadan… Xalqa alt qat maraqlı deyil. Ola bilsin olayda çox başlar yeyiləcək. Ancaq o başlar heç kimi narahat etmir. Çünki o başlara görə də çox baş ağrıyıb. Seçkilərdə aktivlik sərgiləmir toplum, çünki nəticənin onun əlinə hesablanmadığını anlayır. Eləcə də xarici siyasətlə bağlı mövzularda yerini bilir. Bizə elə gəlir ki, xalqın heç nədən xəbəri yoxdu. Kökündən yanlışdı.
“Lamiyə mövzusunu işləmək daha asandı, bəli! Oxucuya da bu mövzu daha əlçatan gəlir. Mövzunu diqqətlə izləməsinin bircə səbəbi var. Oxucu-tamaşaçı – xalq məmurlardan az çəkməyib. İlk dəfədi hansısa məmurun adıyla bağlı məhbus bir qadının taleyi əks olunur, bu qədər açıq” |
Taksi sürücüləri ölkənin daxili və xarici siyasətini öz dillərində elə asan izah edərlər, mat qalarsınız. Sadəcə, bu ölkədə toplumun olduğu qurşaqdan bir pillə yuxarı qalxan hər kəs, fərq etməz, intellekti və ya vəzifəsi ilə, özünü xalqdan üstün sayır. Və elə orda da uduzur. Başa düşməliyik, şəhidliyin qarşısını almaq, Rusiya-Azərbaycan münasibətlərini aydınlaşdırmaq, Qarabağ problemini çözmək, Avropa dəyərlər sistemini tətbiq etmək, ABŞ-la dost olmaq, sosial sorunları yoluna qoymaq, maddi böhranı ötüşdürmək, kitab satmaq, ədəbiyyat oxutdurmaq, bəşəri olmaq, təhsil, səhiyyə sistemini düzəltmək, gənclərə ev vermək, medianın müstəqilliyi uğuruna çalışmaq üçün heç olmasa bir vətəndaşın haqqını qoruya bilməliyik. Ölkə əhalisinin 54 faizini təşkil edən qadınlardan yalnız birinin haqqını, məsələn.
Əvəzsiz rus yazarı Platonovun “Katlavan” (rusca: Kotlovan) əsərində ailəsi burjuy adıyla məhv edilən, özü sosializm cocuğu kimi saxlanılan qızcığaz sonda soyuqdan, anasızlıqdan, yiyəsizlikdən ölür. Əsər boyu həqiqət axtaran baş qəhrəman Voşev onun meyitini qucaqlayıb dəhşət içində düşünür: Bir cəmiyyətin qurulması balaca bir qızın ölümünə səbəb olursa, kimə lazımdı? Voşevin tapdığı doğru bu idi: İnsanların məhvi üzərində qurulan sistem gələcəklə bağlı heç nə vəd etmir. Platonov vəhşicəsinə haqlı idi…