Teleaparıcı Mələk Heydərovanın Milli.Az-a müsahibəsi.
– Mələk xanım, sizi tamaşaçılar çox qısa zaman kəsiyində tanıdılar. Bu gözəl və şirin sima çoxlarının sevimlisinə çevrildi. Bunun sirri nədədir, sizcə?
– Sirrin nədə olduğunu deyə bilmərəm, amma apardığım verilişlər, aktrisa kimi çəkildiyim serial və reklam çarxları ilə tamaşaçıların yaddaşında qalmağı bacardımsa, bu mənim uğurumdur.
– İncəsənət həyatınızda hansı dəyişikliyi etdi? Sərbəst həyat yaşayırsınız, yoxsa qadağalar çərçivəsində?
– Sərbəst olmağına sərbəstəm. Heç kim mənim şəxsi həyatıma müdaxilə etmir. Oraya getmə, bunu geyinmə, onu geyin və s. demir. Amma özüm-özümə müəyyən qadağalar qoyuram, təbii ki.
– Məsələn, spirtli içkilərdən istifadə edirsiniz?
– Qədərində… Sərxoş olacaq dərəcədə içmirəm.
– Bəs geyim tərzinizdə hansı fərqliliklər yaranmağa başladı? Çünki sizi efirdə çox zaman qısa ətəklərdə görürük. Əvvəl də belə geyinirdiniz?
– Məncə, geyindiyim libaslar mənim əynimdə vulqar görünmür. Qısa ətəkləri özümə yaraşdırıram. Bu baxımdan, komplekssiz olaraq onlardan istifadə edirəm.
– Aparıcılığını etdiyiniz verilişlər – “Qadın sözü” və “Kişilər evdə olmayanda” – sırf qadınlarla bağlıdır. Özünüz belə istəmisiniz, yoxsa təsadüfdür?
– Rəhbərliyin məni daha çox bu səpkidə verilişlərə uyğun gördüyü üçün adlarını çəkdiyiniz iki proqramın aparıcılığını eyni anda edirəm.
– Qadın olaraq bu vaxta qədər öz sözünüzü deyə bilmisiniz?
– Hərdən buna məhdudiyyətlər qoyulsa da, bacardığım qədər deyə bilmişəm. Ən azından, buna cəhd göstərmişəm (gülür).
– Bəs kişilər evdə olmayanda nə olur?
– Kişilər evdə olmayanda hər şey yaxşı olur (gülür).
– Mələk xanım, sizcə, mələklər sizdən razı qalırlar?
– Yəqin ki, qalırlar. Çünki heç bir insana pislik etmirəm. Sakit təbiətli biriyəm. Heç kimlə işim yoxdur. Ürəyim yumşaqdır.
– O ürək doludur, yoxsa boş?
– Söhbət sevgidən gedirsə, sevgisiz həyatı təsəvvür edə bilmirəm.
– Konkret olaraq, kimisə sevirsiniz?
– Belə bir şəxs hələ ki, yoxdur. Mən elə bir insanam ki, bir dəfə gördüyüm insana, yaxud da görmədiyim insana platonik olaraq da aşiq ola bilərəm.
– Qadınlar bir arada olarkən oranı qeybətsiz təsəvvür etmək mümkün deyil. Siz də qeybətə vaxt ayıranlardansınız?
– Mən bir o qədər də qeybətə meylli insan deyiləm, amma ola bilər ki, hansısa bir qadının gözəlliyini, geyimini və s. müzakirə edim. O da yaxşı mənada (gülür).
– Belə bir deyim var… Bilmə zəif qadın adın, dərk elə, gör nədir qadın… Sizə görə, qadın necə bir qüvvədir?
– Qadın çox böyük bir qüvvədir. Bunu tarix də sübut edib. Qadın öz ağlı və düşüncəsi ilə çox şeylər edə bilər.
– Feministliyə meyliniz yoxdur ki?
– Qətiyyən. Düzgünlük tərəfdarıyam. Öz cinsimdən olanları tərifləməyim heç də onları bəzi məsələlərdə haqsız olduqları halda müdafiə etməyim anlamına gəlmir (gülür).
http://s020.radikal.ru/i710/1502/3e/29cd51cb1118.jpg
http://s018.radikal.ru/i511/1502/e6/3a4269fd4114.jpg
http://s020.radikal.ru/i702/1502/07/529e7d925f4f.jpg
http://s018.radikal.ru/i527/1502/52/21f14a161d7e.jpg