Cəmiyyətdə elə problemlər var ki, əsrlər keçdikcə öz aktuallığını itirmir. İllər ötür keçir, Yer kürəsi şəkildən-şəklə düşür, şahlar gəlir, sultanlar gedir, bircə qadınla kişi arasındakı problemlər dəyişmir.
“Sən daha məni sevmirsən…”
Yer kürəsində bu ifadənin müxtəlif dillərdə başqa-başqa yaşlarda olan qadınlar tərəfindən hər dəqiqə səsləndiyini desəm, yanılmaram.
Tarix fərqini götürsək, görərik ki, qədim dövrlərdə qadınlar öz kişilərini əldən verməmək üçün çox ekstremal üsullardan istifadə ediblər, bu gün isə bütün bu problemləri həll etmək üçün müasir qanunlara uyğun orqanlar var.
Vay bizim günümüzə…
Problemi həll edirik, amma onun kökü haqda heç fikirləşmirik.
Bəzi xəstəliklər var ki, səbəbi məlum deyil, buna görə də dünyanın çox alimləri çalışıb-vuruşub dərdə bir çarə tapa bilmir, üzdən tamamilə sadə görünən problemi həll etməyi bacarmırlar.
Bəlkə, hər şey üzdən sadə görünür, amma dərininə getdikcə görürsən ki, demə, çox mürəkkəbmiş…
Qadın-kişi münasibətlərində olan problemlər həm çoxsaylıdır, həm də çoxsimalı.
Bir məqalə bu cür gərgin bir problemi həll edə bilməz, amma bəlkə, onun dərmanını tapmağa çalışmaq üçün təkan verər.
Kişilər qadınlarına niyə xəyanət edirlər?
İşimlə bağlı çoxsaylı insanlarla sıx əlaqədə olmuşam və bu qərara gəlmişəm ki, onların hər biri böyük bir problem toplusudur.
Ərlərinin xəyanəti ilə üzləşən qadınlar bu adamların ən acınacaqlı vəziyyətdə olanlarındandır. Onların qarşısında seçim durur – ya sevdiyi adamdan ayrılmaq, ya da öz hisslərini boğaraq dözmək, ailəni dağıtmamaq.
Özüm də qadın olaraq deyərdim ki, bu, çox ağır bir seçimdir və mən heç vaxt heç kimə bu məsələdə məsləhət verməmişəm, çünki insan psixologiyası çox individualdır. Mənim üçün adi olan bir şey başqası üçün dünya miqyaslı biabırçılıq ola bilər. Və yaxud tərsinə.
Kişi xəyanətinin səbəblərini araşdıranlar çox olub. Bu haqda minlərlə desəm, yanılmaram, kitablar yazılıb, dünya şöhrətli alimlər bu problemi həll etmək üçün milyonlarla vərəq və qələm sərf ediblər.Buna baxmayaraq, əsrlərdən bəri heç nə dəyişməyib. Kişilər necə gəzirdilərsə, o cür də davam edirlər, qadınlar necə əzab çəkirdilərsə, indi də qovrulurlar.
Bəs neyləyək?
Mən də bu problemi araşdıranlar sırasına qatıldım…
Əvvəla, sosial şəbəkələrdən birində fəal olduğum üçün dörd minlik dost auditoriyama sual verdim ki, bizim kişilər niyə gəzirlər?
Sonra isə fərdi qaydada ailə problemləri ilə məşğul olan peşəkar psixoloqla da kiçicik bir müsahibə apardım.
Sosial şəbəkədə verdiyim sualdan sonra gələn cavabların sayı və məzmunu məni şoka saldı. Hər kəs güya ki, rəfiqəsi və ya dostunun başına gələni yazırdı, amma görünürdü ki, əslində hərə öz həyatını təsvir edir.
Kişilərlə qadınların bir-birinə qarşı olan ittihamlarının ardı-arası kəsilmirdi.
Amma heç kəs ağıllı bir səbəb söyləmirdi. Qadınlar kişiləri, kişilər qadınları günahlandırırdılar.
Nəticədə ümumi sözlərdən başqa heç bir şey əldə edə bilmədiyim üçün bu danışıqlara son qoydum və mövzunu dəyişdim. Açığı, aldığım aqressiv şərhlərdən sonra özümü yaxşı hiss etmirdim.
İşlər bununla bitmədi və mənə şəxsi mesajlar gəlməyə başladı. Qadınlar kişilərindən gileylənirdilər, kişilər də qadınlarından.
Onların yazdıqlarını tam şəkildə burada şərh etməyin mənası yoxdur, amma ümumi sözlərlə desəm: qadınlar əllərindən gələni edirlər ki, həyat yoldaşları üçün evdə komfort yaratsınlar, kişilər isə arvadlarının onları seksual tərəfdən tam təmin etmədikləri, bu bir tərəfə qalsın, bütün günü deyindikləri və nə isə istədikləri haqda yazmışdılar.
Kişilərin sözlərinə görə, gəzdikləri qadınlar onlardan sadəcə pul gözləyir və yaşadıqları evin heç bir vacib probleminin həllini tələb etmirlər. Sadəcə olaraq, kişilərin sözlərinə görə, onlar həmin qadınlarla ailə həyatından dincəlirlər (!)
Başqa qadınla ailəmdən dincəlirəm…
Bir kişi “dostum” yazdı: “İşdən evə yorğun gəlirəm. Dincəlmək istəyirəm, arvad da bir tərəfdən qırsaqqız olur ki, gəzməyə apar məni və yaxud uşaqlar səni günlərlə görmürlər. Məgər o (yəni ki, arvadı) başa düşmür ki, mən yüz yerə bölünə bilmirəm? Artıqlaması ilə ailəmin maddi ehtiyacını ödəyirəm, daha məndən nə istəyir? Məgər əri evə gələndə sakitlik yaratmaq və səmimilik göstərmək çətindir? Ona görə də başımı bu xarabadan (evini nəzərdə tutur) götürüb o birisinin yanına qaçıram. Bəs mən yazıq neyləyim?”
Bir başqa kişi “dostum” yazdı ki, “Mən təzə evlənmişəm. Anam istəmədiyim bir qızı almağa məni məcbur etdi, sözünü yerə salmadım. Amma mən başqasını sevirəm. Ailəm həmin qızın boşanmış olduğu üçün mənə ərə gəlməyinə razı olmadı. Evdə cavan arvadım olduğuna baxmayaraq, mən yenə də sevgilimlə görüşürəm. Sizcə, mən bu qadınların hansına xəyanət edirəm?”
Doğrusu, cavab üçün söz tapmadım. Dedim ki, yazıq bala, işin Allaha qalıb. Vaxt göstərər ki, kim səhvdir, kim isə düz.
Psixologiya magistri, praktiki psixoloq, psixoterapevt Çançanaşvili Nailəxanım mənim “kişi xəyanəti – səbəbləri və nəticələri” haqqında sualıma belə cavab verdi:
“Bu problemə, əlbəttə ki, biganə qalmaq olmaz. Azərbaycanda 2013-cü ilin statistikasına görə, ərinin xəyanəti ilə üz-üzə qalan qadınların 98 faizi ailə mentalitetini pozmayaraq boşanmayıb.
Kişilərin xəyanətinin bir neçə səbəbi var ki, bunları yazsaq, bir çox qadının özünü qoruyucu illüziyasını məhv edə bilərik. Bu nəyə lazımdır ki?
Həqiqətin o qədər sualtı qayaları və burulğanları var ki…
Mən həmişə bu mövzudan qaçmağa çalışıram. Praktikamdan deyə bilərəm ki, azərbaycanlı kişilərin xəyanətinin əsas səbəbi – “qalma qonşudan dala” konsepsiyasıdır.
Müxtəlif ailələrin problemləri üzərində işlədiyim müddətdə belə bir statistikanın şahidi oldum – kişinin xəyanət etməsinə baxmayaraq, cütlüklərin 94 faizi boşanmır, amma sonrakı vaxtda çox bədbəxt həyat sürürlər, boşanmağa qərar verən o biri 6 faiz isə sonradan ayrılmağına çox peşman olur.
(Adamları başa düşmək, doğrudan, qəliz məsələdir. Özləri də bilmirlər ki, nə istəyirlər).
Başqa ölkələrdə psixoterapevt işlədiyim vaxt statistikada tamamilə başqa faiz rəqəmləri ilə üzləşmişəm. Avropada 99 faiz ailələr ərin və ya arvadın xəyanətindən sonra mütləq boşanırlar. Yerdə qalan 1 faiz isə xəyanətin səbəblərini araşdıraraq bir-birini bağışlayır.
Bizim cəmiyyətdə qadınlar mentalitetin müəyyən qanunlarına uyğun olaraq “xoşbəxt ailə” nağılını davam etdirmək üçün ərlərinin çox hərəkətlərinə göz yumur, dözür və götürürlər. Bunun pis və ya yaxşı olmağına mən heç bir qərar verə bilmərəm…”
Nə qədər insan var – o qədər də fikir ayrılığı…
Başqa cür desək, nə qədər kişi var, o qədər də onların xəyanətinin səbəbləri…
Müxtəlif psixologiya kitablarında və çoxsaylı dərc olunmuş materiallarda o qədər səbəb təsvir olunub ki, düşünürəm, onların bu məqalədə bir daha göstərilməsinə ehtiyac yoxdur.
Mənim fikrimə gələndə isə…
Cəmiyyətin inkişafı insanın fərdi təkamülü ilə üst-üstə düşmür, yəni ki, cəmiyyət çox tez inkişaf edir, insan isə individuum olaraq hələ də daş dövründə qalıb…
Kişinin bütün ömrü boyu çoxlu sayda qadınla olmaq istəyi məhz bizim Azıx mağarasında yaşadığımız vaxtlardan gəlir.Çünki müasir zamanda özünü tanıtmaq və üstünlüyünü göstərmək üçün kişiyə heç də “100” qadına sahib olmaq lazım deyil. Bunu elmdə, incəsənətdə, idmanda və sair sahələrdə nailiyyətlərlə də əldə etmək olar. Çox heyif ki, kişilərimizin çoxu bunu başa düşməyərək öz “marafonunu” davam etdirir, amma bəlkə də elələrinin əlindən başqa heç nə gəlmir…
Soruşanda da deyirlər ki, mentalitetimiz buna icazə verir. Bir deyən də yoxdur ki, mentalitetimizin adından istifadə edərək öz çirkli əməllərini ört-basdır edəndə məhz mentalitetimizin adını batırırsan…
Mentalitet o demək deyil ki, cəmiyyəti inkişafdan geriyə sürükləyə. O, xalq qanunları, adət və ənənələrinin toplusudur ki, biz ondan yönlənib uşaqlarımızı cəmiyyətin layiqli nümayəndəsi kimi tərbiyə etməliyik.
Qadınlarımıza isə demək istəyirəm ki, bu həyatda sevməkdən və sevilməkdən şirin heç nə yoxdur, can deyin ki, cavabında can eşidəsiniz. Kişilər uşaq kimidirlər, kim üzlərinə gülürsə, ona qoşulub gedirlər, yazıqlar neyləsinlər, çünki təbiətləri budur. Unutmaq olmaz ki, sən ərinin üzünə gülməsən, bir başqası gülər.
Ruslar demişkən, “müqəddəs yer boş qalmaz”.
Ağıllı olun, heç kim və heç nə ona və ya buna görə ailə dağıdılmasına dəymir!
Xoşbəxtliyin düsturunu hələ heç kim fikirləşib tapmayıb, ona görə də məhəbbət və sevgi ilə dolu günlərinizin qədrini bilin, şirin dəqiqələrinizə acı qatmayın!
Milli.az