Aysel Əlizadə azərbaycanlı oxuculara yaxşı tanışdır. İstedadlı yazar kimi tanınan Aysel xanım eyni zamanda ictimai-siyasi arenada da olduqca aktivdir. Bütün bunlarla yanaşı gənc yazar xanımın xobbiləri arasında futbol azarkeşliyi də var.
Derbi.az -ın “Zərif azarkeş” rubrikasının qonağı olan Aysel Əlizadənin müsahibəsini sizlərə təqdim edirik :
-Aysel Əlizadə futbol azarkeşidirmi?
-Zaman-zaman, daha doğrusu əhəmiyyətli oyunlarda.
-”Qarabağ” Futbol Klubunun oyunları zamanı sizi tez-tez stadionda görmək olurdu. Bu sırf “Qarabağ”la əlaqədardır, yoxsa futbola ümumi maraqdır?
-Hər iki səbəb var. Həm komandanın adı ilə bağlıdı, həm də futbolu ən elitar idman növü sayıram. Azərbaycan futboluna olan itirilmiş inamı da özümdə tapmaq istəyi səbəb ola bilər. “Qarabağ” – “Gefle” oyununa böyük həvəslə getmişdim. Ondan sonra yazı yazıb həyəcan təbili çaldım, hər kəsi dəstəyə çağırdım.
Həmin yazıda da futbol haqda bunları yazmışdım : “…stadion stress və enerji atmaq üçün ən yaxşı yerdi. Futbolun bu qədər ünlü və sevimli oyun olmasına səbəb nədi? Əlbəyaxa yarışlarda qaydalar başqa cürdü. Rəqibi yıxırsan, fiziki güc sərgiləyirsən, texnikan onu böyrü üstə qoymaq üçündü, dolayısıyla rəqibi döyürsən. Futbolsa yalnız və yalnız qələbə oyunudu. Estetik savaşdı, bu savaşda rəqibə toxunmaq, onu vurmaq, itələmək olmaz. Burda bir topla qələbə çalmalısan. Top özü oyun üçün düşünülüb. Topun məzmununda dostluq var. Birgə əylənmək, oynamaq var. Futbol komandası rəqibinə qalib gəlsə də aqressivlik sərgiləmir. Futbol kübar oyundu”.
-Son vaxtlar futbola gedən, futbol izləyən xanımlar təşkilatlanırlar və fanklub halında birləşirlər. Buna münasibətiniz necədir?
-Çox yaxşı. Kişilər də qadınların maraq dairələri ilə yaxından tanış olsalar bu iki cins arasındakı konflikt çözülər.
-Ümumiyyətlə, Azərbaycan futbolu haqqında təsəvvürünüz necədir?
-Böyük təsəvvürüm yoxdu. Sadəcə yaxşı yerlərə çıxmasını arzulayıram.
-Avropa və ya Dünya futbolu ilə maraqlanırsınızmı?
-Bilirsiniz, elə futbol azarkeşləri var ki, onların yanında futbolla maraqlanıram demək doğru olmaz. Dediyim kimi, zaman-zaman izləyirəm, maraqlı oyunlar olanda baxıram. 2014-cü il Dünya Çempionatında Almaniya yığmasının sərgilədiyi oyuna bayıldım. Argentina ilə oyunun 113 – cü dəqiqəsində Götzenin vurduğu qol azarkeşləri ekstaz vəziyyətinə saldı. Möhtəşəm idi. Belə həyacanlı anlar insanda həm də qan dövranını yaxşılaşdırır.
-Bu sualı təsadüfən vermədim, yaxınlarda yayımlanan “Ağ xəz” hekayənizdə epizodik də olsa futbol mövzusuna toxunmusunuz və İtaliya futbolundan danışmısınız. Həqiqətənmi İtaliya futbolu azarkeşisiniz?
-Mən yox, hekayənin qəhrəmanı İtaliyaya azarkeşlik edir.
-Və bir cümlə var: “İtaliya komandası isə bərbad halda olan futbolumuzun depressiyasına düşməmək üçün idi” – sizə görə futbolumuz çoxmu bərbad gündədir və bu sizi həqiqətənmi çox depressiyaya salır?
-Görünür, ya mən çox inandırıcı yazmışam, ya da bizim yazıya münasibətimiz dəyişməlidi. Hekayə mənim şəxsimdən bəhs etmir axı… Sadəcə müşahidələrimdən belə nəticəyə gəlmişəm ki, Azərbaycanda yaşayan futbol həvəskarları bizim futbolun uğursuzluğundan şikayət edirlər və bu onlarda milli futbola olan inamı öldürür. Bu obrazdı. Qəhramanın durumudu. Bütün yazılarımdakı qəhraman özüm olsaydım orta hesabla 1000-dən çox həyat yaşamış sayılardım.
-Futbolu nə üçün izləyirsiniz? Yaraşıqlı, güclü futbolçulara görə, yoxsa…?
-Bu da səbəbdi. Bütünlükdə cavabı ikinci sualda vermişəm. Futbolçulara gəldikdə, doğrudan da onlar bütün dövrlərdə kumir olublar. Biz uşaq vaxtı Maradonanı sevərdik. Bir dönəm gəldi Bekhem xanımların sevgilisinə çevrildi. Messini son çempionatda elə məğlub görmək çox ağır idi. Baxmayaraq ki, çox yaraşıqlı deyil, ancaq qolvurma rekordu və istedadı ilə sevgi qazana
bilib.
-Sizcə futbolun yaraşıqlısı kimdir?
-Təbii ki Bekhem.
-Həyat yoldaşınız Ramin bəy necə, maraqlanırmı futbolla?
-Bax bütün bu sualları o maraqla cavablandırardı. Ramin bəy əsl futbol azarkeşidir. Vazkeçilməz favoriti də Almaniya yığmasıdı. Hətta komandasının heyəti bir yana həkimləri, işçiləri barədə də maraqlanır.
-Heç olubmu ki, futboldan danışasınız və mübahisəniz düşsün.
-Yox, heç olmayıb.
-TV-də futbol izləməklə aranız necədir? Təsadüfən kanalları gəzərkən qabağınıza futbol çıxsa əylənib baxırsınız?
-Hər qarşıma çıxanda baxmıram. Önəmli, həyacan doğuracaq oyunları izləyirəm.
-Stadionlarda olarkən adətən xüsusi qonaqlar üçün ayrılmış yerlərdə və yaxud da media sektorda əyləşirsiniz, bəs nə vaxtsa adi azarkeşlərin arasında matç izləmək istəyərsinizmi?
-Harda oturmağın nə önəmi var ki?! Əsas odu mən yaxşı və aktiv azarkeş oluram stadionda. Coşğu yaşamayan azarkeş futbolçuları ruhlandıra, özü de həzz ala bilməz. Həzz yaradan həm də sinerji anıdı. Məsələn, “Meksika dalğası” zamanı fanat dili işə düşür, insanlar doğmalaşır.
-Türk futbolu ilə aranız necədir? Hansı komandaya azarkeşlik edirsiniz?
-Türkiyədəki futbol azarkeşləri arasındakı düşmənçilik məni qıcıqlandırır deyə konkret fanatı oluğum komanda yoxdu. Həm də bu azarkeşlik izdihamı məndə məhəlli futbol təsiri oyadır. Bütövlükdə Milli Futbol komandasına daha maraqlıyam və nələrsə edə biləcəyinə ümidliyəm. Baxmayaraq ki, ən böyük uğuru 2002 FİFA dünya kubokunda qazandığı üçüncülükdü.
-Sevmədiyiniz və qıcıq olduğunuz komanda və futbolçu varmı?
-Elə yaxşı üstünə gəlib çıxdıq. Türkiyənin ayrı-ayrı futbol komandalarından ibarət ümumi mənzərə, haray-həşir mənə primitiv gəlir. Bu aqresiya fanatlardan futbolçulara keçir , sonunda da futbol kübar oyun, sülh üçün yaranan yarış imicini itirir.