Fransada “Charlie Hebdo” jurnalına radikal müsəlmanlar tərəfindən edilən silahlı hücum “köhnə qitə”də anti-müsəlman əhval ruhiyyəsinin artmasına səbəb oldu. Amma ümumilikdə, 742 milyon insanın yaşadığı Avropa müxtəlif illərdə ona pənah gətirən müsəlman mühacirlərə tolerant münasibət bəsləyir. 19 milyon müsəlmanın vətəni olan qitədə onların Qərb cəmiyyətinə adaptasiyası və tamhüquqlu üzvü olması üçün böyük işlər görülür. Təsadüfi deyil ki, son illərdə bu siyasətin təsiri ilə bir çox Avropa müsəlmanları yaşadıqları ölkələrdə uğurlu biznes, yaxud siyasi karyera qurur və nüfuzlu şəxslərə çevrilirlər.
Modern.az saytı Avropada müxtəlif sahələrdə uğur qazanmış müsəlman məşhurların siyahısını təqdim edir.
Rəşidə Dati – 2007-ci il mayın 18-dən 2009-cu il iyunun 23-nə qədər Fransanın ədliyyə naziri olub. 1965-ci il noyabrın 27-də Fransanın Sen-Remi şəhərində doğulan Datinin atası mərakeşli, anası Əlcəzair əsilli mühacir olub.
O, 2002-ci ildə Nikolya Sarkozinin köməkçisi, 2007-ci ildən isə seçki qərargahının rəhbərlərindən olub. Nikolya Sarkozinin prezident seçkisindəki qələbəsindən sonra nazir təyin olunan Rəşidə Dati Fransada Nazirlər Kabinetinin ilk ərəb mənşəli üzvü kimi tarixə düşüb. 2009-cu ildən Avropa Parlanmetinin üzvdür. Onun həm Fransa, həm də Mərakeş vətəndaşlığı var.
Sami Naseri – daha çox “Taksi” filmindən məşhur olan əlcəzair mənşəli aktyordur. O, 1961-ci il iyulun 2-də Parisdə anadan olub. Naserinin anası fransız olsa da, atası Cilali Naseri əslən Əlcəzairdə yaşayan müsəlman bərbər xalqının nümayəndəsi idi.
1998-ci ildə “Taksi” filminin ekranlara çıxması ilə populyarlıq qazanan aktyor 2006-cı ildə “Patriotlar” filmindəki roluna görə nüfuzlu Kann kinofestivalının mükafatını qazanıb. Çılğın temperamentə malik Sami Naseri bir neçə dəfə qanun pozuntusuna görə inzibati və cinayət məsuliyyətinə cəlb edilib.
Najat Vallud-Belkacem – 2014-cü il avqusutun 26-dan Fransanın təhsil naziridir. O, 1977-ci il oktyabrın 4-də mərakeşli ailədə andan olub. 2007-ci il prezident seçkilərində sosialist Seqolen Roayalın köməkçisi, 2012-2014-cü illər arasında isə qadın hüquqları naziri postunu icra edib. Fransanın baş naziri Manuel Vals 2014-cü ilin avqusutnda yeni Nazirlər Kabinetinin tərkibini formalaşdırarkən Najat Valludu təhsil naziri təyin edib.
Jamel Debbuz – “Asteriks və Obeliks Kleopatraya qarşı”, “Ameli” və “Mələk-A” filmləri ilə məşhurluq qazanan Mərakeş əsilli fransız kino ulduzudur. 1975-ci il iyulun 18-də Parisdə anadan olan aktyor Fransa televiziyasında yumoristik şoular, daha sonra isə komediya filmlərində çəkilməyə başlayıb. 2001-ci ildə “Asteriks və Obeliks Kleopatraya qarşı” filmində baş rollardan birini ifa edən müsəlman aktyor tezliklə fransızların sevimlisinə çevrilib. 14 yaşı olarkən sağ əli qatar atlında qalaraq zədələnən Debbuz yalnız sol əlindən isitfadə edə bilir.
Zinəddin Zidan – Fransa və dünya futbolunun canlı əfsanəsi, 1998-ci ilin dünya və 2000-ci ilin Avropa Çempionatının qalibidir. 1972-ci il iyunun 23-də Frasnanın Marsel şəhərində anadan olan futbolçunun valideynləri Əlcəzairdə yaşayan bərbər xalqının nümayəndələri olub. Müxtəlif illərdə Fransanın “Kann”, “Bordo”, İtaliyanın “Yuventus”, İspaniyanın “Real” klublarının və Fransa millisinin şərəfini qoruyan futbolçu bütün prestijli futbol mükafatlarının qalibi olub.
Kərim Benzema – Fransa yığma komandasının və Madridin “Real” futbol klubunun hücumçusudur. O, 1987-ci il dekabrın 17-də Lion şəhərində 9 uşaqlı ailədə anadan olub. Onun valideynləri əslən Əlcəzairdə yaşayan kabil tayfasından idilər. Klub karyerasında “Lion” və “Real” klublarının şərəfini qoruyan Benzema Fransa yığmasının tərkibində 75 rəsmi görüşə çıxıb.
Məsud Özil – Almaniya yığma komandasının və Londonun “Arsenal” klububunun yarımmüdafiəçisidir. Özil 1988-ci il oktyabrın 15-də Almaniyanın Qerzenkirxen şəhərində türk əsilli ailədə anadan olub. “Şalke”, “Verder” və “Real” Madrid klublarında uğurlu oyun sərgiləyən futbolçu eyni zamanda Almaniya yığma komandasının tərkibində 2014-cü il Dünya Çempionatının qalibi olub.
Cem Özdəmir – Almaniya Yaşıllar Partiyasının həmsədri və Avropa Parlamentinin deputatıdır. 1965-c il dekabrın 21-də Almaniyanın Bad-Urax şəhərində türk mənşəli ailədə doğulan siyasətçi 1994, 1998 və 2002-ci illərdə Yaşıllar Partiyasından Almaniya Bundestaqına üzv seçilib. Cem Özdəmir 2004-cü ildən Avropa Parlamentinin üzvü, 2008-ci ildən isə Almaniya Yaşıllar Partiyasının həmsədridir.
Fatih Akın – türk əsilli tanınmış alman kinorejissorudur. 1973-cü il avqustun 25-də Almaniyanın Hamburq şəhərində anadan olub. 2004-cü ildə Avropadakı türk mühacirlərinin həyatını əks etdirən “Divara qarşı” filmi ilə Berlin kinofestivalının baş mükafatı – “Qızıl ayı”ya layiq görülüb. 2007-ci ildə ekranlaşdırdığı “Həyatın kənarında” filmi isə Kann kinofestivalında “ən yaxşı ssenari” nominasiyasında qalib olub.