Təhsil naziri Mikayıl Cabbarov VII Beynəlxalq Kimya Olimpiadasının keçirilməsi ilə bağlı əmr imzalayıb.
Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, olimpiadanın keçirilməsi üçün V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın sədrliyi ilə təşkilat komitəsi yaradılıb.
İyunun 20-dən 29-dək davam edəcək 80 ölkədən qatılacaqlar. Əmrə əsasən, olimpiadada çıxış edəcək milli komandaya namizədlərin seçilməsi məqsədilə ümumtəhsil müəssisələrinin şagirdləri arasında kimya fənni üzrə seçim turları keçiriləcək. Seçim turlarına X-XI sinif şagirdləri cəlb ediləcək. Seçim turlarının yekun mərhələsinin qalibləri M.V.Lomonosov adına MDU-nun Bakı filialında təşkil olunacaq Beynəlxalq Kimya Olimpiadasına hazırlıq məşğələlərində iştirak edəcəklər.
Seçim turları rayon (şəhər), zona və respublika mərhələlərindən ibarətdir. Hər üç mərhələ üzrə suallar M.V.Lomonosov adına MDU-nun Bakı filialının mütəxəssisləri tərəfindən hazırlanacaq.
İlk seçim turu 18 yanvar, 2015-ci il tarixində keçiriləcək. Bu mərhələdə şagirdlərə 30 sual təqdim ediləcək və cavablandırılması üçün 3 saat vaxt veriləcək. Suallar siniflər üzrə məktəb proqramına uyğun qapalı test formatında hazırlanacaq.
Respublika mərhələsinin nəticələrinin imtahan başa çatdıqdan 5 gün sonra elan olunması nəzərdə tutulur. Nəticələr məlum olduqdan sonra apelyasiya günü müəyyən ediləcək.
Beynəlxalq Kimya Olimpiadası ilk dəfə 1968-ci ildə 5 ölkənin iştirakı ilə Çexoslovakiyada (indiki Çexiyada) keçirilib. Sonuncu – 46-cı olimpiada 2013-cü ildə 75 ölkədən 300 şagirdin iştirakı ilə Vyetnamın Hanoy şəhərində təşkil edilib. Azərbaycan məktəbliləri bu olimpiadada 2002-ci ildən iştirak edir və bu günədək onlar 5 qızıl, 5 gümüş, 14 bürünc olmaqla ümumilikdə 24 medal qazanıblar.