Bu gün “DagestanPost” adlı bloqda Dağıstan rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipovun həbs olunması barədə xəbər yayılıb.
Xəbərdə iddia edilirdi ki, Dağıstanın Miqrasiya Xidmətinin rəhbəri olan Rəcəb Abdulatipov Azərbaycandan qaçaqmal yolu ilə spirt daşınması biznesinə və bu biznesi idarə edən azərbaycanlı mafiozlarla əlaqəsinə görə saxlanılıb.
Çox keçmədən Rəcəb Abdulatipov kavpolit.com saytına açıqlamasında bu xəbəri təkzib edib.
“Məni heç kim saxlamayıb. Və şəxsən heç nədə ittiham olunmuram. Adi rejimdə işləyirəm. Və dünən də işdə olmuşam. Hüquq-mühafizə orqanları tərəfindən mənə heç bir sual olmayıb. Respublika rəhbərinin qardaşıyam və həmişə bu cür təxribatlara hazır olmuşam. Şəxsən mənim heç bir düşmənim yoxdur. Buna baxmayaraq məni də nələrəsə qatmaq istəyirlər. İstəyirəm hamı bilsin ki, mən siyasətlə məşğul olmuram. Öz işimi görürəm” – Rəcəb Abdulatipov bildirib.
Bununla belə virtualaz.org saytının Dağıstandakı mənbələri təsdiq ediblər ki, Rusiya İstintaq Komitəsi Rəcəb Abdulatipovu 2007-ci ildə baş vermiş səs-küylü qətl hadisəsinə görə dindirib. Və Rəcəb Abdulatipovun adı doğrudan da bu qətl işində keçir.
Məsələ bundan ibarətdir ki, Dərbənd şəhərinin kriminal sahibi, “Krot” ləqəbli Rafiq İdrisov Azərbaycandan Rusiyaya qaçaqmal yolu ilə spirt daşınması sxemini təşkil edib. R.İdrisovun Dağıstanın keçmiş və indiki hakimiyyətləri, o cümlədən mərhum Hacı Maxaçov və Ramazan Abdulatipovla sıx əlaqələri olub, bu əlaqələrin sayəsində o, Dağıstan məmurlarına böyük nüfuz imkanları qazanıb.
R.İdrisov Rəcəb Abdulatipovun da yaxın dostu olub və o, öz əlaqələrindən istifadə edərək adamlarını rəhbər postlarda yerləşdirib. Hesab olunur ki, Dağıstanın azərbaycanlı klanının rəhbəri Qurban Qurbanovun Ramazan Abdulatpovun əli ilə vəzifədən uzaqlaşdırılması da “Krot”un işidir.
Rəcəb Abdulatipov
Bildirilir ki, Azərbaycandan qaçaqmal yolu ilə spirt daşınmazı biznesi dağıstanlı mafiozlara böyük gəlir gətirirdi. Rəsmiləşdirmə isə Nəriman Əliyevin – Qurban Qurbanovun qayınatasının firmasının adına həyata keçirilirdi. Ancaq Nəriman Əliyevin rəhbərlik etdiyi Ş.Əliyev adına kolxoz ancaq üzüm spirti istehsal edirdi və Əliyevin müavini kolxozun adlndan spirt biznesini qanuniləşdirirdi.
Nəriman Əliyev bu biznesdən xəbər tutanda Dağıstanın o vaxtkı rəhbəri Muxu Əliyevə məlumat verib və Azərbaycandan qanunsuz spirt daşınması haqda danışacağını deyib. “Krot”un adamları isə çox keçmədən N.Əliyevi və arvadını güllələyiblər. Bu qətl hadisəsi 2007-ci ildə baş verib.
İdrisovun isə Dağıstandan Azərbaycana, buradan isə İsrailə qaçdığı, hazırda orada fəaliyyətini davam etdirdiyi bildirilir. İddiaya görə, Moskva bu qətli araşdırır və istintaqın Rəcəb Abdulatipova sualları var.