Bəs, Fransadakı 11 yanvar mitinqi hansı ab-havaya köklənəcək…
Bazar günü Parisdə böyük mitinq gözlənilir. Qərb ölkələri liderlərinin də qatılacağı tədbirdə 1 milyondan artıq insanın iştirakı proqnozlaşdırılır.
10 yanvarda isə Fransanın müxtəlif yerlərində toplam 700 min insan etiraz mitinqlərinə qoşulub. 11 yanvarda Fransanı və bütövlükdə Qərbi silkələyən son terror hadisələrinə Parisin “Respublika Meydanı”nda etiraz ediləcək. Müşahidəçilər qeyd edirlər ki, Parisdə baş verən terror aktlarından sonra Qərbdə anti-islam meylləri güclənməkdədir. Düzdür, Qərb liderləri islamla terror aktları arasında fərqi dönə-dönə vurğulamalı olurlar. Xüsusən Fransa Respublikasının hazırkı prezidenti Fransua Olland bu məsələdə son dərəcə aydın mövqe sərgiləyir. Ancaq sıradan insanlar arasında islamla terror arasında əlaqələrin mövcudluğu düşüncəsi getdikcə daha da populyarlaşır. Qərbdə millətçi partiyaların siyasi arenada daha da önə çıxması məhz belə bir fonda baş verir.
Qərbdə islamofobiya meyllərinin gücləndiyi günlərdə Almaniyada tamam əks işarəli mitinq keçirilib. Musavat.com xəbər verir ki, Drezdendə minlərlə insan son günlər artan anti-islam çağırışlarına etiraz olaraq bir araya gəlib. Mitinqdə irqi ayrı-seçkilik pislənib, açıq cəmiyyətin dəyərləri müdafiə olunub.
Musavat.com