Ekspert: “Manatla kredit vermək banklara daha sərfəlidir”
Xəbər verildiyi kimi, banklar öz müştərilərinə “sürpriz” hazırlayıb. Belə ki banklar öz dividentlərindən 10 faiz vergi tutacaq. Maraqlısı budur ki, bu əməliyyat müqavilə şərtlərinə uyğun olmadan və müştərilərə öncədən xəbərdarlıq edilmədən aparılıb. Yeni vergi tutma qaydaları barədə Milli Məclisin qəbul etdiyi yeni dəyişiklik hələ dövlət başçısı tərəfindən imzalanmayıb və qüvvəyə minməyib. Hansı ki, bu qaydalar yalnız illik 500 manatdan artıq olan əmanət gəlirindən vergi tutmağı müəyyən edib. Buna görə, indi əmanətə görə verilən istənilən faiz gəliri vergiyə cəlb olunur.
Banklar bunu öz haqları hesab edir və qanuni sayır. Mütəxəssislər isə əksini düşünür.
İqtisadçı ekspert Qubad İbadoğlu bunun əmanətçilərin xərclərini artıran bir qərar olduğunu dedi: “Nəzərə almaq lazımdır ki, əmanətlərdən əldə edilən gəlirlərdən vergi tutulması ilə bağlı xəbər hər il var idi. Hər il prezidentin bununla bağlı qərarları, fərmanı olub. Ancaq illərdir ki, bu qərar təxirə salınırdı. Amma bu il təxirə salınmamağının səbəbi bəllidir. Bu il Azərbaycan büdcəsi üçün ağır bir il olacaq. Çünki büdcənin gəlirlərinin təminatında əsas mənbə ola neft gəlirlərinin ciddi şəkildə azalması gözlənilir. Ona görə də bu il yanaşma fərqli oldu. Qərar verildi ki, bu il əmanətlərdən əldə edilən gəlirdən vergi tutulsun. Bu əmanətçilərin əldə etdikləri gəlirlərin azalmasına gətirib çıxaracaq. Təxmini hesablamalara görə, bütövlükdə götürəndə 70 milyon manata qədər bu mənbədən dövlət büdcəsinə vəsait cəlb etmək mümkündür. Bütün bunlar dövlət büdcəsinə neft gəlirlərindən daxil olmaların 2015-ci ildə azalmasının proqnozlaşdırılması ilə bağlıdır”.
Bəzi banklarda artıq kreditin dollarla veriləcəyi xəbərlərinə gəlincə isə Q.İbadoğlu bunun şayiə olduğunu bildirdi: “Mən hesab edirəm ki, bəzi bankların krediti artıq dollarla verəcəyi haqdakı xəbərlər şayiədir. Əgər Azərbaycanda ödəniş vasitəsi kimi manatdan istifadə olunursa, manatla da kredit almaq mümkündür. Çünki manatla əmanətlərin məbləği dollarla olan əmanətlərin məbləğindən çoxdur. Bu da onu deməyə əsas verir ki, banklar manatla kredit verməkdə daha çox maraqlı olmalıdırlar. Hələ ki bankların dollarla kredit verəcəyi barədə qərar yoxdur. Amma manatla kreditlərin verilməsinin dayandırılması hesab edirəm ki, düzgün qərar olmazdı. Çünki manat Azərbaycanın milli valyutasıdır və dövriyyədə olmalıdır. Yəni ki, banklar buna heç bir qadağa qoya bilməz”.
Digər iqtisadçı-ekspert Məhəmməd Talıblı isə öz sosial şəbəkəsində yazdığı statusunda əmanətçilərdən 10 faiz vergi tutulmasının tam qanunsuz hesab etdiyini yazıb: “Bu hüquqi tənzimləmə deyil, açıq-aydın istismar və kobud qanun pozuntusudur. Banklar bu addımı ilə qanunsuzluq edir. Çünki yanvarın 1-dən ediləcək dəyişiklik sonrakı dövrə şamil edilərək qüvvəyə minə bilərdi. Hüquqi məntiq tələb edir ki, qanunvericilikdə baş verən dəyişiklərin geriyə qüvvəsi yoxdur. Yəni dəyişiklik keçmişə şamil oluna bilməz. Banklar bu qanunsuzluğu özlərinə rəva görə bilirlərsə, demək müştərilərin hüquqlarının pozulması istiqamətində bundan da böyük hüquqa zidd davranış nümayiş etdirə bilərlər. Ona görə də, belə bank institutlarına əmanətinizi etibar etməyi də məsləhət bilməzdim. O banklar ki, 8-10 faizə əmanətləri qəbul edib, həmin aktivləri 26-34 faizlə yenidən digər vətəndaşlarımıza satır, bu normal bank fəaliyyəti deyil, soyğunçuluqdur. Özünüzü kreditorların istismarından qoruyun!”
Qeyd edək ki, yaranmış bu qeyri-müəyyənlik insanların banklara etimadına zərbə vurmaqla yanaşı, depozitlərin kütləvi şəkildə geri götürülməməsi təhlükəsini də yaradıb. Bu isə ilk növbədə bankların özünə zərbə vura bilər.
Musavat.com