O, gülə-gülə yolun əks istiqamətində hərəkətinə davam edir.
Sosial şəbəkələrdə sürücünün dəfələrlə qanunu pozması görüntüləri hər kəsi mat qoyub.
Oxu.Az xəbər verir ki, şəxsiyyəti məlum olmayan sürücü Yasamal rayonu ərazisində yol hərəkəti qaydalarının bir neçə maddəsini pozub və bunu lentə alaraq internetdə yayıb.
Yayılan görüntülərdə qanunsuz əməlləri ilə fəxr edən sürücü, avtomobili yolun əks istiqamətində idarə edir. Bundan başqa, sürücü manevr qaydalarını dəfələrlə pozmaqla, yol hərəkətinin digər iştirakçılarının həyatını təhlükəyə atır.
Videoda daha bir maraqlı məqam isə ondan ibarətdir ki, paytaxtın Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə Hüseyn Cavid küçəsinin kəsişməsində yol hərəkət qaydalarını pozan sürücünün qarşısına Dövlət Yol Polisi avtomobili çıxır, lakin bu, sürücünü zərrə qədər də narahat etmir və o, gülə-gülə yolun əks istiqamətində hərəkət etməyə davam edir.
Qeyd edək ki, avtomobilin içərisində olan videoregistrator Çin istehsalı olduğu üçün hadisənin baş verdiyi tarix səhv göstərilib. Lakin görüntülərin son bir həftə ərzində çəkildiyi məlumdur.