“Çox istərdik ki, birinci növbədə işğal altında olan torpaqlarımız geri qaytarılsın, ikinci növbədə isə atamgil qayıtsın, bundan sonra o ev bizə yox, atamın özünə verilsin”.
Bunu AzVision.az-a açıqlamasında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib.
K. Əsgərov qeyd edib ki, evlə bağlı onlara Bakıdan çox təkliflər edilib:
“Bizim arxamınızda cənab prezidentimiz İlham Əliyev və baş nazirin müavini Əli Həsənov dayanır. Başqa heç bir nazirlik bizim problemlərimizlə maraqlanmır. Mənə evlə bağlı Bakıdan çox təkliflər edilib. Tanımadığım insanlar mənə zəng edərək, bizə ev vermək istədiklərini deyirlər. Mən isə bundan imtina etmişəm. Bizə ev, yox atamın qayıtmağı lazımdır. Onlara demişəm ki, birinci atamı qaytarın. Mən o evi almağa layiq bir iş görməmişəm. Ev yəqin ki, atama görə veriləcək. Mən isə istəyirəm ki, o evi atamın özünə versinlər”.
Qeyd edək ki, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bir neçə gün öncə açıqlama verib. Bildirib ki, Azərbaycan prezidenti girovların ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşıq verib.
Xatırladaq ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə yaxınlarının qəbrini ziyarət edərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.