Axşam.az aparıcı Nərgiz Cəlilovanın “Formaggio” dərgisinə müsahibəsini təqdim edir:
– Nərgiz Cəlilova ictimaiyyət üçün həm də bir zövq etalonudur. Acam deyə, mədəni nə ilə oldu doldurmaq məncə, sizlik deyil. Yeməyin dizaynı, görünüşü… bunlar sizin üçün nə qədər önəmlidir?
– Ola bilər, kənardan elə görünür ki, Nərgiz hər şeyi yemir, nəsə qeyri-adi yeməklər seçir, yəqin qida zövqü xüsusidir. Mən axı televiziya işçisiyəm. Mənim rejimimi bilirsiniz, ayaqüstü yeyirəm. Aclığı dəf etmək üçün nə gəldi yox, yemirəm, amma çox şey yeyirəm: pendir-çörək, kotlet-çörək, pomidor-xiyar salatı… Və o an onun dizaynı, zövqu ağlıma belə gəlmir. Jurnalistin peşə vərdişi imkan vermir ki, qidada zövq, dizayn güdsün. Buna vaxt da yoxdur.
– İllərə təslim olmayan Nərgiz xanım illərin önünə qidalanmaqlamı sipər çəkib?
– Bilirsiniz, qocalmayan insan yoxdur. Yaş öz sözünü deyir. İnsan gəncliyində nə oldu yeyir, orqanizmi sağlamdır, enerjisi var, çox şeyi həzm edir. Amma yaşlandıqca, istər-istəməz orqanizmi nəzərə almalısan. Mən gözəl qalım deyə, aylarla pəhriz saxlamıram, orqanizmimi əziyyətə salmıram. Qadın 40 yaşı keçdisə, istər-istəməz yeməyinə fikir verməlidir. Kimsə düşünür ki, yəqin Nərgiz xanım çörək yemir. Çörəksiz mənə yemək dadlı gəlmir. Bir dilim də olsa qara çörək yeyirəm. Ağ çörəyi isə uzun illərdir yemirəm.
– Siqnalları haradan alırsınız; olar-olmazları necə təyin edirsiniz?
– Ən düzgün siqnal orqanizmimdən gəlir: instinkt. Sadəcə, onu eşitmək lazımdır. Mən illərdir yulaf sıyığı yeyirəm: hər səhər, hətta gün ərzində də. Yulafı suda bişirirəm, bir az soyuyandan sonra bal əlavə edirəm. Mən onu yağsız yeyirəm. Mənim üçün faydalı olduğuna görə artıq hər gün yulaf, musli yemək beynimdə proqramlaşıb. Son vaxtlar xama ilə şoru qarışdırıb, çörəksiz yeyirəm. Onu mən səhər də yeyə bilərəm, gecə acanda da. Onun üstündən quru meyvə-xurma ilə çay içirəm. Mənim şirniyyatım konfet-şokolad yox, quru meyvələrdir. İlboyu masamda həmişə quru meyvələr, çərəz, qoz-fındıq olur. Səhər yuxudan oyanan kimi dərhal yarım stəkan adi, mineral su içirəm. Hətta suyun da həzm olunmasını gözləmək lazımdır. Acqarına su içəndən sonra dərhal yemək yemirəm: yarım saat keçir, sonra yulaf, xama, pendir yeyirəm.
– Maraqlısı odur ki, siz elə televiziyalarda, jurnallarda, saytlarda gedən məsləhətlərə, diyetoloq tövsiyələrinə əməl etmiş kimi olursunuz.
– Həyat görüb-götürmək üzərində qurulur. Bəzən rəfiqəmdən, ya bir qohum-qonşudan eşitdiyim məsləhət xoşuma gəlir, yenə də instinkt işə düşür ki, sən bunu etməlisən. Məsələn, dayımın arvadı nə vaxtsa demişdi ki, qadın orta yaşdan sonra mütləq gündə kərə yağı yeməlidir, bu, onun sümük-əzələ sistemi üçün lazımdır. Bu, mənə inandırıcı gəldi və mən hər gün səhər və ya hətta ola bilər axşam pendir-çörək yeyəndə, mütləq bir az kərə yağı çəkirəm.
Bir ara öd kisəm ağrıyırdı: soyuq dəymişdi. Bir rəfiqəm məsləhət gördü ki, sən balla yulaf sıyığı ye, kömək edəcək. Həqiqətən də kömək etdi. Bir onu bilirəm ki, mənə yağlı yemək düşmür.
– Bəs meyliniz şirniyyat, yağlı yeməklər çəkmir?
– Çəkir, niyə çəkmir? Amma çox qəribədir, sanki mən beynimə elə proqramlaşdırma vermişəm ki, bu meyil avtomatik itir. Məndə bir proqram işləyir: dadlı olmaya bilər, amma faydalıdır və sən onu yeməlisən.
– Heç yemədiyiniz və vaz keçmədiyiniz yemək varmı?
– Hamı bilir ki, mən fast-foodla sözun əsl mənasında mübarizə aparıram. Nə övladım, nə mən heç vaxt fast-food yemirik: McDonaldsda, son zamanlar dəbdə olan KFC-də olmamışam, dönər də yemirəm. Əslində, heç sevmədiyim yemək yoxdur. Balıq, dəniz məhsulları, suşini sevə-sevə yeyirəm. İnsanın gərək heç nədə gözü qalmasın; arada bir qaşıq da olsa dolmasından, aşından, qarasından yeyirəm. Mənim ən sevimli yeməyim badımcan-pomidor dolmasıdır. Qış-yay həmişə bişir.
– Yaxşı, bəs niyə kökəlmirsiniz?
– Mənim arıq və gənc qalmağım barədə çox reseptlər dolaşır, amma çoxu həqiqətə uyğun deyil. Sadəcə, yemək də, geyimlərimdə də, makiyajda da ölçü gözləyirəm. Heç nəyi şişirtmirəm. Mizan-tərəzi, ölçü, hədd: məni formada saxlayan bunlardır. Və nəinki xarici görünüşümdə, həyatımda, insanlarla münasibətimdə də beləyəm. Bircə işimdə, televiziyada bütün hədləri keçə bilərəm. Bəzən olub ki, yorğunluqdan bədən, beyin imtina edənə, sönənə kimi, ölümünə qədər çalışmışam, nəyisə çatdırmaq üçün son qüvvəmi səfərbər etmişəm. Elə ki, iş başa çatıb, vəssalam, mütləq xəstələnmişəm.
– Yorğunluq və gərginlik qadının üz dərisinə təsir edir. Üzünüzü təravətli saxlamaq və qidalandırmaq üçün nələr edirsiniz? Bir maskanız, xüsusi kreminiz varmı?
– Vallah heç nə. Buna vaxtım da, həvəsim də yoxdur. Maskanı düzəltmək üçün tərəvəzi, meyvəni əzmək, qarışdırmaq lazımdır, bu, mənim üçün əlavə işdir. Kim edirsə, lap yaxşı, amma mən üzümə ancaq kremlər çəkirəm. Son vaxtlar La Prairie brendinin seriyasından istifadə edirəm. Özü də kremləri vaxtaşırı dəyişmək lazımdır ki, dəri bir kremə öyrəşməsin. Son zamanlar kosmetik prosedurlar, mezoterapiya aktualdır, mən də arada müraciət edirəm. Amma bütün bunlar bir kənara, mənə elə gəlir ki, bu illər ərzində dərimin belə qalmasına bir səbəb var: mən heç vaxt çox kökəlib arıqlamamışam. O zaman dəri boşalır. Mənimsə çəkim illərlə eyni qalıb, bu da dərimi qoruyub.
– Qızınız xaricdə yaşayır. Bakıya gələndə sizdən nə bişirməyinizi istəyir?
– O, axı bilir ki, anasının yemək bişirməklə arası yoxdur, ona görə istəmir. Yemək işi evimizdə mənə kömək edən bir xanımın üzərindədir. Anam rəhmətə gedəndən sonra onu dəvət etdim, çox gözəl yeməklər bişirir, doğmam kimidir. Özüm isə lazım olsa, uzağı pomidor-yumurta bişirə bilərəm.
– Nərgiz xanım, missiyanız deyəsən dəyişir. Biz sizi televiziyada görmürük.
– Bilirsiniz, mən nə qədər çoxşaxəli işlərlə məşğulam? Muəllimlik, səhnədə çıxışlar, tədbirlər, səfərlər… Bir çox konsertlərin aparıcısı oluram. Münsiflər heyətində oluram. Bu il nə qədər sosial reklamlara çəkilmişəm.
– Siz həm də toy məclislərini aparan tələbatlı xanım aparıcısınız.
– Bəli, o da var. Mən sadəcə toy aparmıram, dəvət olunduğum məclislər özü bir səhnə kimidir. Və əlbəttə ki, bunlar məni yorur. Televiziya isə insandan vaxt, səbr, enerji istəyir. Axı bizdə xaricdəki kimi bir verilişin 50-60 nəfərlik komandası olmur ki, mən ancaq verilişi aparım, vəssalam. Bizdə layihə açdın, produseri də özünsən, aparıcısı da, rejissoru da. Mən bunları görə-görə gəlmişəm və artıq yorulmuşam. Uzun illər adım üçün çalışdım, indi adım mənim üçün işləyir. Etiraf edim ki, telelayihəyə vaxt ayıra bilmirəm, bu gedişlə, fasilə hələ uzun çəkəcək. Mən indi həyatımı, işimi ekstralar üzərində qurmuşam. Nə gizlədim, artıq yorulmuşam, illərin yorğunuyam.
– Gözəl yemək və gözəl qadın arasında oxşar cəhət nədir?
– Bəzən qarşına gözəl dekor olunmuş, çox möhtəşəm bir görünüşdə yemək gəlir, yeyirsən, amma dadı heç də ürəkaçan olmur. O gözəlliyin qarşısında ağzın dada gəlmir, zövq ala bilmirsən. Təəssüf deyib, əlini çəkirsən, gözün daha dadlı yemək axtarır. Gözəl qadın da həmçinin: çox bəzəkli, siması, geyimi gözəl bir qadın danışanda və ünsiyyət quranda elə bir kasıblıq, dadsızlıq görürsən ki… Belə qadından tez yorulur, tez doyurlar. Ona görə xarici görünüşümüzə bu qədər diqqət yetirməklə yanaşı, bir az davranış və söhbətlərimizə də gözəllik qatmağa çalışaq. Bu gün televiziyada aparıcılarımıza da bu fikri aid etmək olar: o qədər bəzənib düzənməkdənsə, nitqlərini və savadlarını artırsalar, tamaşaçı könlünü daha tez ələ alar və sevilərlər.