Biri deyir, “toya tələsirəm”, o biri isə mikrofonuna arxayındır
Şou biznes nümayəndələri demək olar ki, hər gün media vasitəsilə onlara yaradılan imkan və güzəştlərdən ağızdolusu danışırlar. Bu, zaman-zaman Dövlət Yol Polisi rəsmiləri tərəfindən ciddi etiraz doğursa da, nəticə dəyişmir. Sözügedən açıqlama və bəyanatlardan bəzilərini xatırladaq.
2010-cu ildə müğənni Rəhim Rəhimli mediaya müsahibəsində deyib ki, 13 ildir maşını sürücülük vəsiqəsi olmadan idarə edir. Yol hərəkət qaydalarını yaxşı bilmədiyini etiraf edən müğənni onu da deyib ki, yol polisləri ilə heç bir zaman problem yaşamayıb: “Heç vaxt dövlət yol polisləri ilə çətinliyim olmayıb. Əgər onlar məni saxlasalar, simamdan tanıyırlar. Axı mən məşhur adamam və bu üzdən yol polisləri hər zaman mənə hörmət edirlər. Onlar maşınımı saxlayıb məni görəndə cərimə etmədən buraxırlar. Bəlkə də onların heç ağlına gəlmir ki, Rəhim Rəhimli avtomobili sürücülük vəsiqəsiz idarə edir”.
Müğənni Rəqsanənin qızı bir müddət öncə “Polis avtomobilimi saxlayanda, anamın adını verirəm və buraxırlar” sözlərini demişdi.
Tanınmayan müğənnilərin də zaman-zaman belə açıqlamaları olub. Məsələn, Sevinc adlı gənc müğənni də avtomobil idarə edərkən təhlükəsizlik kəmərini taxmadığını demişdi. Səbəb? “Təhlükəsizlik kəməri taxmıram, çünki saçımı düzəltməyə problem yaradır, yol polisi gərək bizi başa düşsün”- açıqlama məhz bu cür idi.
Müğənni Mətanət Əsədova Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin də iştirak etdiyi verilişdə sürət həddini aşdığını, hətta 240 km/saat sürətlə maşın sürdüyünü etiraf etmişdi.
ATV kanalındakı verilişlərdən birinə qonaq olan müğənni Səməd Səmədov isə bildirmişdi ki, sənət adamları toylara, konsertlərə tələsdikləri üçün qaydaları pozurlar: “Yol polislərinə təşəkkür edirəm. Çünki biz müğənnilər, aktyorlar, artistlər tədbirdən-tədbirə, verilişdən-verilişə tələsirik. Ona görə də yol qaydalarını pozuruq. Sağ olsunlar, görürlər və …”
Səməd Səmədovun çıxışının bu yerində aparıcı söhbətə müdaxilə edərək qaydaları pozduğu üçün xalq artistinə iradını bildirib: “Necə yəni qanunları pozuruq? Bəs bayaqdan qayda-qanundan danışırsınız?”
Səməd Səmədov aparıcının bu iradını sadəcə gülüşlə qarşılayıb və verilişdə iştirak edən YAP-çı millət vəkili Aydın Mirzəzadəyə müraciət edib.
Yadda qalan hadisələrdən biri də müğənni Elnarə ilə bağlıdır. O da qısa müddət öncə nömrəsiz maşın idarə edərkən kameralara tuş gəlib. Yol polisi onu saxlasa da, müğənni xanımın bircə zəngi ilə naməlum bir şəxs onu polisin əlindən və cərimələnmədən xilas edib.
Maraqlı məqam odur ki, müğənnilər, deputatlar özləri tərəfindən yol verilən qanun pozuntularının anlaşılan olmasını arzulayır. Onlar bu hərəkətlərinə “biz tədbirə gecikirik, bizi nəzərə almalıdılar” tipli əsaslandırmalar gətirirlər. Halbuki hansısa toy, nişan mərasimində fonoqramla iki-üç mahnı oxumaq heç də onlara üstünlük verməməlidir.
Yaxşı, bəs qanunlarda bu haqda nə deyilir? Hansı hallarda, hansı növ nəqliyyat vasitələrinə güzəşt edilir, üstün keçidə malik olurlar?
Yol Hərəkəti Qaydalarında bu barədə xüsusi maddə var. 48-ci maddə nəqliyyat vasitələrinin üstün hərəkət rejimi ilə hərəkəti və bununla əlaqədar digər sürücülərin vəzifələrinə aiddir. Sözügedən maddədə qeyd edilir:
“I.Üstündə «polis», «təcili tibbi yardım», «yanğınsöndürən» yazılar olan, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəqliyyat vasitələri xüsusi tapşırığı yerinə yetirərkən üstün hərəkət rejiminə malikdirlər. Bu şəraitdə onların sürücüləri xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar.
II. Yuxarıda nəzərdə tutulmuş nəqliyyat vasitələrindən biri yaxınlaşdıqda, hərəkətdə iştirak edən digər nəqliyyat vasitələrinin sürücüləri sağa dönmə işıq göstəricisini yandırmalı, üstün hərəkət rejimi ilə gedən nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə nəqliyyat vasitəsini dayandırmalıdırlar. Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə daxil olmayan nəqliyyat vasitəsinin belə mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət etməsi qadağandır.
III. Yolayrıcından kənarda, tramvay yollarının yolun hərəkət hissəsi ilə kəsişdiyi yerlərdə tramvay, onun depodan çıxması hallarından başqa, relssiz nəqliyyat vasitələrinə nisbətən üstünlüyə malikdir”.
Gördüyünüz kimi, qanunda da müğənnilər, siyasətçilər, deputatlarla bağlı hər hansı fərqləndirmə yer almayıb. Bu, qanun, bu isə reallıq.