Özbəkistan prezidentinin qızı, hazırda Daşkənddə ev dustağı olan Gülnarə Kərimovanın Moskvada on milyonlarla dollar dəyəri olan mənzilinə həbs qoyulub.
Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mənbələri yazıb. Ehtimal olunur ki, mənzilə həbs qoyulması Rusiyanın mobil rabitə şirkəti “MTS” in Özbəkistandakı törəmə şirkəti ətrafındakı situasiya ilə əlaqəlidir. Belə ki, G.Kərimova “MTS”i Özbəkistan bazarından çıxararaq “TeliaSonera” şirkətini yüz milyonlarla dollar rüşvət müqabilində ölkəyə buraxıb. “MTS”in Özbəkistandakı əmlakı həbs olunub, şirkət özü mənimsəmədə və vergidən yayınmaqda ittiham edilib.
Məlumata görə Özbəkistan prezidentinin qızının həsb qoyulan mənzili Moskvanın mərkəzində, “Kamelot” yaşayış kompleksindəki binalardan birində, üç mərtəbədə yerləşir. Sahəsi 420 kvadratmetrdir və 2003-cü ildə alınıb. Həmin il mənzilin qiyməti 2 milyon dollara yaxın olub, indi isə qiymət dəfələrlə yüksəkdir. Xatırladaq ki, bundan əvvəl G.Kərimovanın Cenevrə və Parisdəki daşınmaz əmlakına da həbs qoyulmuşdu.