“Toy sahibləri də durub baxıblar”.
Bir müddət əvvəl Yasamal rayonunda, “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Ağ çiçəyim” şadlıq evinin qarşısında “avtoş”luq edənlərin kimliyi bəlli olub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzNews.az-a açıqlamasında həmin şəxslərin kimliyinin məlum olduğunu bildirib.
Onun sözlərinə görə, şadlıq sarayının önündə “avtoşluq” edənlərin aşkar edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür:
“Onların kimliyi və hansı məsuliyyətə cəlb olunması barədə açıqlama veriləcək. Ancaq bir vətəndaş olaraq əhaliyə sualım var. Görəsən, avtoxuliqanlar həmin ərazidə hər hansı hadisə törətsəydilər, buna kim cavab verəcəkdi? Olmazmı, toy sahibləri, toyda iştirak edənlərdən kimsə bunun qarşısını alaydı? Toy sahibləri də durub baxıblar. Onların bu cür hərəkət etmələrinə şərait yaradırıq”.
İlin əvvəlindən bu günə kimi KİV və ya texniki vasitələrlə 13 belə faktın yayıldığını deyən V. Əsədov bunlardan 9-u barədə tam tədbir görüldüyünü qeyd edib.
Xatırladaq ki, noyabr ayının 7-də toy karvanının önündə avtoşluq edən avtomobillərin videosu yayılıb.
Bəy-gəlin maşınını müşayiət edən ağ və qara rəngli “VAZ-2107” markalı avtomobillər yolda təhlükəli vəziyyət yaradaraq toy karvanının önündə “avtoşluq” ediblər. Video Youtube sosial şəbəkəsinə Babək Əliyev adlı şəxs tərəfindən yerləşdirilib. Kadrlardan görünür ki, bəy-gəlin maşını şadlıq evinə yenicə çatıb. Onları müşayiət edən ağ və qara rəngli “VAZ-2107” markalı avtomobillər yolda təhlükəli vəziyyət yaradırlar. Kadrlar həvəskar operator tərəfindən çəkilib və bir az uzaqdan lentə alındığı üçün avtomobillərdən yalnız bəy-gəlin maşınının və ağ rəngli “07”nin dövlət nömrə nişanlarını görmək mümkündür. Bəy-gəlin maşınının nömrəsi 90 NG 584, ağ rəngli “07”nin nömrəsi isə 10 KK 069-dur.