Ötən həftə sonu ABŞ təyyarələrinin İraqın Mosul şəhəri yaxınlığında İŞİD-ə (“İslam Dövləti”) aid hərbi karvana endirdiyi zərbələr nəticəsində bu qruplaşmanın lideri, Əbu Bəkr əl-Bağdadi kimi tanınan “İslam Dövləti xəlifəsi”nin ya öldüyü, ya yaralandığı bildirilir.
Artıq iki gündür ki, bu xəbər dünya mediasında müzakirə olunmaqdadır.
Virtualaz.org saytı xəbər verir ki, Britaniyanın “The Daily Telegraph” qəzeti kəşfiyyat mənbələrinə istinadən əl-Bağdadinin yaxın köməkçisinin hava zərbələri nəticəsində öldüyünü, özünün isə ağır yaralandığını yazıb.
Britaniya ordu komandanı: “Qətiyyətlə təsdiq edirəm ki…”
Xəbərdə bildirilir ki, ləqəbi “Əbu Suja” olan Auf Əbdülrəhman Eleferi cümə gecəsi Mosul yaxınlığındakı İŞİD maşın karvanına koalisiyanın hava zərbələri endirdiyi vaxt aldığı yaralardan ölüb.
Bağdadinin özü haqqında isə dəqiq məlumat yoxdur. Sosial şəbəkələrdə onun sözü gedən maşın karvanında olmadığı və ya əksinə, orada olduğu və hətta öldürüldüyü barədə postlar yer alır.
“Mən qətiyyətlə təsdiq edə bilərəm ki, Bağdadi öldürülüb. Daha dəqiq təsdiq üçün yəqin ki, bir neçə gün lazım gələcək” – deyə Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Nikolas Houghton bildirib.
Xəlifənin “sağ əli”nin öldüyü dəqiqdir
İraqın təhlükəsizlik strateqlərindən Hişam əl-Haşimi də “The Daily Telegraph” qəzetinə bildirib ki, Bağdadinin yaxın silahdaşı Əbu Suja öldürülüb. Onun sözlərinə görə, ABŞ-ın hava zərbələri nəticəsində “İslam Dövləti”nin on hərbi maşını məhv edilib.
Hişam əl-Haşimi deyib ki, Əbu Suja və Bağdadi çox nadir hallarda ayrı olurlar və çox güman, bu raket zərbələri zamanı da bir yerdə olublar. Bununla belə, Haşimi yalnız Əbu Sujanın ölümünü təsdiq edib. O deyib ki, Əbu Sujanın Mosuldakı qohumları ilə telefonla danışıb və onlar xəbəri təsdiq ediblər.
Qadınlar və şəhidlər üzrə əlaqələndirici
Haşimi deyib ki, Əbu Suja İŞİD rəhbərləri arasında ən yüksək vəzifəlilərdən biri idi. Strateqin fikrincə, İŞİD rəhbərlərinin belə bir maşın karvanı ilə toplantıya getmələri nə isə fövqəladə bir hadisənin baş verdiyinin əlamətidir.
Haşiminin fikrincə, bu, toplantının çox mühüm məsələyə həsr olunduğundan xəbər verir.
“The Daily Telegraph” yazır ki, Hişam əl-Haşimi “İslam Dövləti”nin vəzifə şəcərəsi üzərində işləmiş təhlilçilərdən biridir və o bildirib ki, Tel Afar şəhərindən olan Əbu Suja bu qruplaşmada “şəhidlər və qadınlar üzrə baş əlaqələndirici” imiş.
Təhlilçi qeyd edir ki, xələfi Əbu Musab əs-Zərqavidən fərqli olaraq Bağdadi hərbi mağazalardan tutmuş yolkənarı bombaların partladılmasınadək bütün sahələri öz müavinlərinə tapşırıb.
ABŞ Komandanlığının sözçüsü Bağdadinin öldüyünü təsdiq edə bilmir
Bəzi ərəb KİV-ləri isə Bağdadinin ağır yaralandığını xəbər verirlər. ABŞ Mərkəzi Komandanlığının sözçüsü Patrik Reyder bildirib ki, Mosul yaxınlığında İŞİD liderlərinin keçirdikləri toplantıya bir neçə raket zərbəsi endirilib.
Bununla belə, sözçü Bağdadinin öldürüldüyü barədə xəbərləri təsdiq edə bilməyib. O, ümumilikdə raket zərbələri nəticəsində 20-dək İŞİD nümayəndəsinin məhv edildiyini deyib, lakin onların vəzifələri barədə açıqlama verməyib.
Mosul şəhərindəki morqun işçiləri isə “The Guardian”a bildiriblər ki, ABŞ-ın hava zərbələrinin dərhal sonra ora 50-dək cihadçının meyiti gətirilib.
“İslam xilafəti”nin paytaxtı elan edilmiş Suriya şəhəri Raqqadakı mənbələr mətbuata deyiblər ki, Bağdadi öldürülübsə, bu xəbər onun postu başqa birisi tərəfindən tutulmayınca gizli saxlanacaq.
Qərb təhlilçiləri yazırlar ki, “gözəgörünməz şeyx” ayaması ilə tanınan “xəlifə” Bağdadi öldürülübsə, bu, ABŞ prezidenti Barak Obama üçün çox şad xəbər olacaq. Çünki prezident İŞİD-ə qarşı hava zərbələrinin səmərəsizliyinə görə tənqid edilir.
Vaşinqton əl-Bağdadinin başına 10 milyon dollar mükafat qoyub və o, indi “əl-Qaidə” lideri Ayman əl-Zəvahiridən daha qüdrətli hesab edilir.
Cihadçı forumlarda sakitlikdir
“The Guardian” qəzeti də yazır ki, Əbu Sujanın hava zərbələrinə tuş gəlmiş karvanda olması Bağdadinin də orada olması ehtimalını artırır. Bununla belə, İŞİD-in kommunikasiya qruplarının müşahidəsi Bağdadinin öldürüldüyünü göstərən əlamət aşkar etməyib.
İraq kəşfiyyatı bildirir ki, bu barədə heç bir məlumata malik deyil və vaxt keçdikcə belə bir məlumatın alınacağı ehtimalı azalır. “The Guardian” yazır ki, cihadçı internet forumlarında “nisbi sakitlikdir”.
Qəzet bildirir ki, əl-Bağdadinin ölümü kimi xəbərini hətta ən güclü İŞİD senzurası şəraitində də gizli saxlamaq mümkün olmazdı.
Bağdadi yaralanıb?
Bu arada İraqın hərbi rəsmilərindən biri “Sky News” agentliyinə bildirib ki, İraq kəşfiyyatına əl-Bağdadinin yaralandığı barədə məlumatlar daxil olub.
Adının çəkilməsini istəməyən rəsmi onun nə dərəcədə yaralı olduğu barədə məlumat verməyib. İraqın müdafiə naziri Xalid əl-Abadi bazar günü özünün facebook hesabında yazıb ki, əl-Bağdadi ötən cümə Amerikanın Mosul yaxınlığındakı raket zərbələri zamanı yaralanıb.
Eyni zamanda İŞİD-in sözçülərindən olduğu düşünülən Əbu Muhammad əl-Ədnani twitter hesabından “xəlifə”nin yaralandığını təsdiq edib.
“Siz yəqin belə düşünürsünüz ki, xəlifənin şəhidliyi ilə xilafətə son qoyulub. İslam millətini əmin edirəm ki, əmir Əbu Bəkr əl-Bağdadi Allaha şükür, yaxşıdır və biz ona tez bir zamanda sağalmasını arzu edirik” – əl-Ədnani yazıb (“Azadlıq” radiosunun xülasəsi əsasında).