Azərbaycan millisi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da İtaliyanın, dörd gün sonra isə Xorvatiyanın qonağı olacaq.
Bu oyunlar millinin qrupdakı iddiasına böyük ölçüdə aydınlıq gətirə bilər. Belə ki, yığmanın qarşısına qrupda üçüncü yeri tutmaq tapşırığı qoyulub. İlk turda Bolqarıstana (1:2) məğlub olan millimiz bu oyunlarda da eyni aqibəti yaşayarsa, məqsədə çatmaq ehtimalı demək olar ki, qalmayacaq.
Millidən İtaliya və Xorvatiya ilə oyunlarda nə gözləmək olar? Bu görüşlərdə alınan məğlubiyyətlər millinin bütün iddialarının üstündən xətt çəkəcəkmi?
“Komanda” qəzetinin bu suallarını yığmanın sabiq baş məşqçisi Şahin Diniyev cavablandırıb. Təcrübəli mütəxəssis millinin şansının aşağı olduğunu bildirib: “Heç kimə sirr deyil ki, millimizi İtaliya və Xorvatiya ilə çətin oyunlar gözləyir. Qrupun aşkar favoriti olan komandalarla görüşlərdə millinin xal qazanması real görünmür. Hər iki komandanın futbolçuları ustalıq, təcrübə və digər məqamlarda oyunçularımızdan üstündür. Ancaq mümkünsüz heç nə yoxdur. Komandamız əzmkar, döyüşkən oyun sərgiləyərsə, bu görüşlərdən 1 xalla ayrıla bilər. Düşünürəm ki, iki oyuna qazanılacaq 1 xal bizim üçün yaxşı nəticə sayılmalıdır.
Komandanın qrupdakı taleyinə gəlincə isə mən əvvəldən qeyd etmişdim ki, millinin potensialı üçüncü pillə uğrunda mübarizə aparmağa imkan vermir. Yığmamız Malta ilə qrup sonuncusu olmamaq üçün mübarizə aparacaq. Qrupda komandaları üç yerə ayırmaq olar. İtaliya və Xorvatiya ilk iki yer uğrunda mübarizə aparacaq. Bolqarıstanla Norveç üçüncü pillə üçün yarışacaq. Malta və Azərbaycan isə qrup sonuncusu olmamaq üçün çalışacaq. Qrupda real vəziyyət budur”.