“Məni qınayanlara demək istəyirəm ki…”.
Ötən gün “İncə+” verilişində sauna, hamam mövzusundan söhbət açan aparıcı Elnarə Təhməzovanın efirə hamam xalatında çıxması ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Teleaparıcının həmin geyimdə şəkillərini çəkib sosial şəbəkədə paylaşan istifadəçilər onu tənqid atəşinə tutublar.
Məsələyə aydınlıq gətirməsi üçün aparıcının özü ilə əlaqə saxladıq. Elnarə Təhməzova Oxu.Az-a bunları söylədi:
“Mən bu hərəkətimlə televiziyada ilkə imza atdım. Aparıcı kimi bütün stereotipləri qırdım. Efirdə duş qəbul etməmişəm ki?! Xalatla veriliş aparmışam. Geyindiyim xalat dizdən aşağı idi və altdan ağ mayka geyinib xalatın yaxasını azacıq açmışdım ki, hamı əynimdə geyim olduğunu görsün. Mən bunu peşəkarlıq naminə etmişəm, reytinq xatirinə deyil. Bununla sübut etdim ki, mən işimin peşəkarıyam.
Vaxt var idi mən qısa geyimdə efirə çıxanda, o da birmənalı qarşılanmırdı.
Lolita illər əvvəl efirə açıq-saçıq geyimdə çıxanda hamı ona heyrətlə baxıb, alqışlayırdı. Amma bizdə kimsə bunu edəndə onu tənqid atəşinə tuturlar. Həmişə “Avropa ilə ayaqlaşmaq istəyirik” deyirlər. Başqası edəndə qəbul edirlər, bizdə isə yox.
İllər əvvəl xanımların şalvar geyinməyinə, avtomobil sürməyinə pis baxanların elə birinci öz xanımları, qızları avtomobil sürüb, şalvar geyiniblər. Qınaq həmişə var, olacaq da. Məni qınayanlara demək istəyirəm ki, gözüm aydın, xoşlarına gəlmir baxmasınlar.
Hələ tamaşaçılar məndən çox sürprizlər görəcəklər. Məni çimərlik geyimində görməyə hazır olsunlar. Efirə çimərlik geyimində də çıxacağam”.