Gürcülərin eks-prezidentə sevgisi nədən bitdi?; “Ağ adamlar” 5 milyonluq israfı ona bağışlayacaqmı?
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili aylardır ölkəsinə qayıda bilmir. Səbəb Gürcüstan Baş Prokurorluğunun onunla bağlı qaldığı cinayət işidir. Sərhədi keçdiyi an onu həbs edəcəklər. Gürcüstan Baş Prokurorluğunun istintaq materiallarında yazılıb ki, keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın zorakılıqla dağıdılmasına, “İmedi” telekanalının, eləcə də biznesmen Badri Patarkatsşvilinin əmlakının qanunsuz mənimsənilməsinə göstəriş verib.
İstintaq materiallarına son əlavələr isə dövlət büdcəsinin talanması ilə bağlıdır. Prokurorluq iddia edir ki, prezidentliyi dönəmində Saakaşvili vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 8 milyon dollar büdcə vəsaitini talayıb. 10 ilə cəmi 5 milyon dollar. İttiham aktında Saakaşvilinin ən yaxın silahdaşları – keçmiş daxili işlər naziri Vano Merabişvili, keçmiş müdafiə naziri David Kezeraşvili, Tbilisinin keçmiş meri Qiqi Uqulava, Baço və Dato Axalaya qardaşları, eləcə də daha bir neçə məmurun adı var. Cinayət Məcəlləsinə görə suçu sübuta yetirilsə, Saakaşvilini 8 ilədək həbs gözləyir.
Bu məsələnin rəsmi tərəfidir. Ancaq reallıq onu deyir ki, Ağ Ev Güney Qafqazdakı ən böyük projelərindən birinin icraçısını təslim etməyəcək. Elə Gürcüstanda qaldırılan cinayət işinin əsl məqsədi də Sakaşvilini həbs etmək yox, onun ölkəyə qayıdışını əngəlləməkdir. İndi Saakaşvili ABŞ universitetlərində yüksək əməkhaqqı ilə mühazirə oxuyur, dünyanın ünlü media qurumlarına müsahibələr verərək Rusiyanın çökəcəyindən danışır. Onu Kiyevdə də tez-tez görürlər. Avromaydan olayları başlayandan Qərbin Ukraynaya əsas dəstək mesajlarının müəllifləri sırasında Mixeil Saakaşvili də var. Ukraynanın yeni seçilən prezidenti Petro Poroşenko ilə dost münasibətlər quran Gürcüstanın eks-prezidenti tez-tez Kiyevə gələrək təcrübəsini onunla bölüşür. Bu haqda Saakaşvili müsahibələrində dəfələrlə deyib. Bu gün Saakaşvilinin nüfuzu ABŞ-da da, Ukraynada da öz ölkəsindən daha çoxdur.
Gürcüstanda “Saakaşvili məsələsi” çeşidli təbəqələrə sormaq imkanımız oldu. Bir zamanlar Gürcüstanı quyunun dibindən çəkib çıxaran eks-prezidenti bu gün çoxları sevmir.
Əlbəttə, bir zamanlar şəklini evinin yuxarı başından asan gürcülərin eks-prezidentə qarşı köklənməsi səbəbsiz deyil. Azərbaycanda bu məsələni müzakirə edərkən bir fikir xüsusilə vurğulanır – Saakaşvili qanunpərəst idi, azad ruhlu gürcü xalqı isə qanunlara tabe olmağı sevmir. Bu versiya bəlkə də eks-prezidentin sevilməməsinin səbəbləri sırasında sonuncu yeri tutar. Məsələn, gürcü intelegensiyası hesab edir ki, Saakaşvili vətənə dönmək haqqını itirməyə layiqdir. Tiflis Universitetlərindən birində ingilis dili kafedrasının professoru Vano Aliaşvili deyir ki, prezident seçiləndən az sonrakı çıxışında “Gürcüstanın bütün elmi ictimaiyyətini kanalizasiya borusu ilə axıtmaq lazımdır” ifadəsini işlədən şəxs bu cür aqibəti haqq edir. Elmi ictimaiyyət aradan illər keçsə də bu sözləri hələ unutmayıb. Prezidentin Tiflis Universitetinin Türk Dili Kafedrasının professoru olan anası oğlunun prezidentliyinin qüruru ilə bu ağır sözlərin acısını çox yaşayıb…
Məsələyə digər tərəfdən də baxaq. Saakaşvilinin bu məsələdə özünə görə doğruları var. Gürcüstanın elmi ictimaiyyəti ölkənin sovet sistemindən bütünlüklə qopması üçün hakimiyyətinin ilk illərində köklü islahatlar aparan Saakaşvilini dəstəkləmirdi. Çünki elm-təhsil sahəsinə aid islahatlar illərlə Gürcüstan elmində kök salan insanları çıxdaş edir, yaxşı halda onlardan öz üzərlərində ciddi işləmək tələb edirdi. Bu təbəqə üçün illərlə öyrəşdikləri totalitar düşüncə tərzindən uzaqlaşıb demokratik dəyərləri qəbul etmək son dərəcə çətin idi. Ölkədəki demokratik mühitdən yararlanan bu insanlar təşkilatlanır, parlamentdəki lobbiləri ilə islahat prosesini yubadırdılar.
“Köhnə”lərlə yeni iqtidar arasında aylarla davam edən bu gərilmənin çözüm yolu son dərəcə kəskin olub. Mixeil Saakaşvilinin birbaşa göstərişi ilə universitetlərdə vəzifələrə gənc kadrlar təyin edilib, bir gecədə yüzlərlə vəzifələrində kök atmış şəxslər işdən çıxarılıb, despotik davranışları ilə ad çıxaran şəxslər isə ümumiyyətlə işdən uzaqlaşdırılıb. Onların yerini gənc alimlər tutub. Vano İvanişvili deyir ki, onlardan bəzilərinin heç bir saat belə tədris təcrübəsi yox idi, ancaq prezidentin tapşırığı ilə auditoriyaların qapısı bu şəxslərin üzünə açılmışdı. Saakaşvilinin ölkəyə dönə bilməməsi səbəblərini sıralayarkən boş yerə elmi ictimaiyyətdən başlamadıq. Ordu, polis, məhkəmə, iqtisadiyyat və digər önəmli sahələrdəki dəyişiklikləri də Saakaşvili eyni prinsiplə – keçmişdən qopmaq üçün “köhnədə qalan” bütün kadrları təmizləmək prinsipi ilə görüb.
Saakaşvili bir siyasi lider olaraq çox dəqiq dərk edirdi ki, təfəkkürlərdə dəyişiklik etmədən əski və yeni sistem arasında tərəddüdlər içində gedib-gələn insanlarla ölkə dəyişmək, demokratik cəmiyyət quruculuğunda üstün mərhələyə çıxmaq mümkün olmayacaq. Yaşlı, ətalətə öyrəşmiş təfəkkür gəncliyin dinamizmini azaldacaq, onların təşəbbüskarlığının qarşısında ciddi səddə çevriləcək. Bu düşüncə ilə Saakaşvili kütləvi işsizlik problemindən də çəkinmədən çox sərt addımlar atıb. Düzdü, aradan bir müddət keçəndən sonra eks-prezidentin sevimli ifadəsi ilə desək, “demokratik tərbiyəyə meylli alimlər” yenidən tədris prosesinə cəlb olunub. Ancaq hakimiyyətinin sonuna qədər Saakaşvilinin köhnə elmi ictimaiyyətlə münasibətləri yaxşı olmayıb.
Bu gün Gürcüstanda Saakaşvili dönəmi ilə bağlı ikili fikir var. Bir qisim insanlar düşünür ki, durum pisləşib. Xüsusən kriminogen sahədə. Son 2 ilin statistikası göstərir ki, oğurluq, qarət, quldurluq halları daha öncəki illərə nisbətdə 20 faizə qədər çoxalıb. Hətta dövlət səviyyəli oğurluq – korrupsiya, rüşvət genişlənib. Düzdü, hələlik əhali rüşvət və korrupsiya ab-havasını hiss eləmir. Saakaşvilinin kökünü kəsdiyi aşağı instansiyalardakı korrupsiya yenə yoxdur. Orduda, polisdə, təhsildə, tibdə, sosial həyatda rüşvətdən söhbət gedə bilməz. Çiçəklənən yüksək səviyyəli korrupsiyadır. Məsələn, dövlət hesabına həyata keçiriləcək bir proje üçün məmurlar öz aralarında yarışır. Kim rüşvətin miqdarını çox eləsə, həmin tenderi onu yaxın şirkət qazanır. Əslində bu tendensiya Mixeil Saakaşvilinin dönəmində də olub. Xüsusən ikinci prezidentlik dönəmində. Ölkədəki bütün rəqibləri çeşidli yollarla ipə-sapa yatıran, daha dəqiqi zərərsizləşdirən eks-prezident iqtisadiyyatda güclü monopoliya yaradıb. Bu monopoliya sərbəst biznesin əsas prinsiplərindən birini – azad rəqabət mühitini yoxa çıxarıb. Gürcülər belə deyir.
Əhalini Saakaşvilidən incik salan əsas səbəblərdən biri də insan haqları sahəsindəki durumdur. Onun hakimiyyəti illərində 25 min insan həbs edilib. Araşdırmaçı yazar Nino Uplisaşvili deyir ki, dövlət idarələrində kütləvi həbslər aparılıb. Bundan başqa, xırda xuliqanlıq, oğurluq hallarına görə insanlara ən ağır cəzalar kəsilib, məhkəmələr açıq şəkildə hakimiyyətin göstərişini yerinə yetirib. Azsaylı gürcü xalqı üçün məhbəsə 25 min insan vermək asan olmayıb. Onların qohumlarını, yaxınlarını ortalama hesablasaq, bu 100 minlərlə insanın Saakaşvilinin qanunsuz həbs maşınını acısını öz həyatında hiss eləməsi deməkdir. Bu həbslər üzündən Gürcüstan hər min nəfər insana düşən məhbus sayı birinciliyini özündə saxlayıb.
Məhbəslərdə istintaq altında olan şəxslərə işgəncə verilməsi faktları isə ölkədə prezidentin reytinqini sürətlə aşağı salıb. Bu gün də internet üzərindən Saakaşvili dönəmində məhbəsdə çəkilən çoxsaylı işgəncə videoları paylaşılır. Gürcülər Saakaşvili haqqında sualımıza sualla cavab verirdilər – siz beləsini bağışlayarsınızmı?… Nino Uplisaşvili deyir ki, hazırladığı televiziya proqramına Tiflisdə yaşayan bir qadın müraciət edib. Onun 84 yaşlı atasını, 82 yaşlı anasını qonşunun bağından qarğıdalı dərdikləri üçün həbs ediblərmiş:“Təsəvvür edirsizmi? Ömürlərinin son dönəmində olan insanları polis 5-6 qarğıdalıya görə məhkəmə qarşısına çıxarılmışdı. Axı bura Qafqazdı, yaşlıya hörmət mental dəyərdir. Axı hansı qonşu qarğıdalıya görə yaşlı insanı məhkəməyə verər? Polisə dəfələrlə sorğu göndərməyimizə baxmayaraq biz bu insanların hansı şikayət əsasında saxlanaraq polisə aparıldığını, onların “suçlarının” necə sübuta yetirildiyini öyrənə bilmədik. Vətəndaş cəmiyyətinin ciddi dəstəyi ilə 3 ay sonra bu insanlar həbsdən azad edildi. Məhkəmə sistemindəki bu özbaşınalıq Saakaşvili dönəminin üz qarasıdır. Onun axırına bu cür faktlar çıxdı”.
Saakaşvili dönəmində Gürcüstan iş dünyasının insanları ən çox zərər görən təbəqə sayılır. Prezidentə açıq dəstək verməyən elə bir iş adamı yoxdur ki, onun biznes dünyası çökdürülməsin. Daim gülümsər və nəşəli maskası altında Saakaşvili bu şəxslərin varını-yoxunu talan edib.
Eks-prezident Gürcüstan dövlətçilik tarixinə həm də mediaya ən ciddi basqı göstərən başqan kimi də düşüb. Gürcüstanın ən məşhur “Rustavi-2” kanalı, bir neçə radio, hakimiyyəti sərt tənqid edən qəzet Saakaşvili dönəmində bağlanıb. Gürcüstanda söz azadlığının dozasını birbaşa o özü müəyyən edirmiş. Şübhəsiz, bu doza Azərbaycandakı ağır basqı və bütün nəfəsliklərin bağlanması ilə müqayisə oluna bilməz. Ancaq özünü dünyaya demokratiya prinsiplərinə tam sadiq biri kimi qələmə verən şəxs üçün bu, yumşaq desək, uyğun davranış olmayıb.
Gürcüstanda yarızarafat, yarıciddi deyirlər ki, Saakaşvilinin davranışlarında sərt metodlara meyllilik onun Azərbaycan dövlət başçısı ilə dostluğu möhkəmləndikcə daha da artıb. Bu dostluq Gürcüstana xeyli iqtisadi uğur qazandırsa da, avtoritarlaşmaya da səbəb olub. Bu haqda danışarkən gürcülər “dostunu göstər, deyim kimsən” atalar misalını da çəkir. Yeri gəlmişkən onu da vurğulayaq ki, bu günkü hakimiyyətə də Azərbaycan iqtidarının müəyyən təsiri olması haqqında çox danışılır. Xüsusən son zamanlar Azərbaycan vətəndaşlarının Gürcüstanda uzunmüddətli səfərləri ilə bağlı prosedurların sərtləşdirilməsi iki dövlət arasında topluma açıqlanmayan sövdələşmələrin nəticəsi kimi təqdim edilir.
Rəqiblərinin Saakaşvili haqqında ittihamları isə daha sərtdir. Eks-prezidenti az qala ziyanlı ünsür kimi qələmə verən bu təbəqə iddia edir ki, Rusiyanın Abxaziya və Osetiyaya hərbi müdaxiləsini Saakaşvili provokasiya edib. Hətta sərhəddəki münaqişədə ilk atəşi Saakaşviliin açdığı da deyilir.
Mixeil Saakaşvilinin özünə gəlincə, o irəli sürülən ittihamların heç birini qəbul etmir. Eks-prezident deyir ki, nə edibsə, Gürcüstan dövlətinin inkişafı, gürcü xalqının rifahı üçün edib: “Prezidentliyim dönəmində dövlət büdcəsi 11 dəfə artıb. Həmin pullar prezident iqamətgahının tikintisinə sərf edilib – o iqamətgah gürcü xalqınındır”.
Gürcüstanı gəzdikcə bu ölkədə vəsait problemi olduğu aşkar görünür. Əhalinin gəlirləri kiçikdir, paytaxt Tiflisdə təmiri illərlə başa çatmayan binalar sıraya düzülüb, əyalətlərdəki yarımçıq tikililərin sayına görə Gürcüstan postsovet məkanındakı ölkələr arasında bəlkə də ilk sıralardan birini tutur.
Yüksək gəlir gətirən turizm sahələri xaric, ölkədə içərisində “sement-qum-rüşvət” qarışığı olan projelər yoxdur. Son 20 ildə Azərbaycanda baş verən proseslər açısından baxdıqda bu, mənfi tendensiya kimi görünə bilər. Ancaq bu, çox yanlış təsəvvür olardı. Gürcüstandakı proseslər illərdir hökumətlərin sadəcə daşa-divara kapital yatırmadığını, insan kapitalının inkişafı üçün çalışdığını göstərir. Təhsilin, elmin, səhiyyənin, vətəndaş cəmiyyətinin inkişafına hər cür şərait yaradılır. Bu gün Gürcüstan vətəndaşları dəbdəbəli villalar tikilən məhəllələrdən keçmir, yolları daha baxımsızdı, binalara rəngbərəng işıqlar düzülməyib, maşınları daha sadədir ancaq onlar tibbi sığortadan yararlanan “ağ adamlar” sırasına qoşulub, təhsildə rüşvət tələbi onlara uzaq yuxu kimi görünür, hökumət yerli ərzaqları insanlardan tullantı qiymətinə almır, xaricdən ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilərək Azərbaycandakı kimi xalqa sırınmasına qanun səviyyəsində qadağa qoyulub. Ölkələrindəki həyat onlara çatımlıdır. Paytaxt da regionlar da bərabər inkişaf edir. İnsanlar kəskin təbəqələşmədən əziyyət çəkmir.
Sadalananlar içərisində ən önəmlisi isə Gürcüstanda hakimiyyəti xalqın seçməsidir. Bu hüququ hələlik gürcülərin əlindən heç kim ala bilməyib.
Xoşbaxtdırlar…