Rusiya ilə “böyük bazarlıq” sıfırlanma ərəfəsində; Rəsmi Bakının Qərblə münasibətlərinin qırılma ərəfəsinə gəlməsi ölkəmizi Kreml üçün asan “yem”ə çevirə bilər; Rusiyanın Azərbaycanı rahat qazanması üçün heç vaxt olmadığı qədər şərtlər yetişib
Rəsmi Bakının Qərblə – ABŞ və Avropa ilə, həmçinin mötəbər beynəlxalq təşkilatlarla münasibətlərində gərginlik davam edir. İki tərəfdən bəzi epizodik və formal jestlər (məsələn, yubileylərlə bağlı quru təbriklər və s.) nəzərə alınmazsa, son həftələr ərzində bu münasibətlərdə yaxşıya doğru kardinal heç bir dəyişiklik qeydə alınmayıb.
Qənaətimizə ən parlaq sübut kimi, Milli Məclisin axırıncı iclaslında səslənən sərt anti-Qərb ritorikasını və bəyanatını göstərmək olar. Maraqlıdır ki, bu fonda Qərb də tənqidi ritorikasını gücləndirir. Belə ki, parlamentdəki kəskin etirazlar fonunda Azərbaycan hakimiyyəti bu dəfə Avropa Şurasında hədəf götürülüb, xarici işlər naziri Elmar Məmmədyarov ölkədə insan haqlarının durumu ilə bağlı çətin suallar qarşısında qoyulub. Az öncə isə Avropa Parlamenti hakimiyyətlə bağlı sərt qətnamə qəbul eləmiş, onun ardınca dünyanın ən qüdrətli dövləti olan ABŞ-ın prezidenti Barak Obama Azərbaycanın adını “qara siyahı”da çəkmişdi.
Bir çox təhlilçilərə görə, Obamadan sonra da rəsmi Bakının anti-Qərb məzmunlu siyasətini davam etdirməsi, üstəlik, bunu Rusiyaya yönəlik aşkar reveranslar fonunda etməsi (onlardan sonuncusu Həştərxan samitində kənar dövlətlərin Xəzər dənizində silahlı qüvvə saxlamasını yasaqlayan bəyanatın qəbuludur) hakimiyyət də daxil Azərbaycan üçün yaxşı perspektiv vəd eləmir. Hətta analitiklər mövcud vəziyyəti qırılma nöqtəsi kimi dəyərləndirirlər.
Yaranmış durum isə heç şübhəsiz, ən çox Moskvanın maraqlarına işləyir – fərq eləməz, bu vəziyyət Azərbaycan hakimiyyətindəki odioz “rusofillər”in hesabına yaranıb, yoxsa Kremlin özünün tətbiq elədiyi məkrli siyasi texnologiyanın nəticəsidir. Hər halda, kənardan müşahidə edilən gerçəklik ondan ibarətdir ki, Azərbaycan gözlənildiyindən də böyük sürətlə Rusiyanın ağuşuna tərəf gedir.
Əslində belə durum ən əvvəl hakimiyyətin özünün perspektiv maraqlarına ziddir. Çünki: 1. Bu, onun iki qlobal güc arasında manevr imkanlarını daraldır. 2. Azərbaycanın əsas dərdi olan Qarabağ məsələsində Kremlə “böyük bazarlıq” imkanlarını sıfırlayır – Qərblə münasibətlər pozulandan sonra Kreml hansısa Qarabağ şərtini qəbul edərmi?
Məntiqlə də Bakının yalnız bir çıxış yolu qalıbsa, Azərbaycanın səmti onsuz da şimaladırsa, Putin niyə də Avrasiya layihələrinə qoşulmağın qarşılığında Qarabağa dair hansısa vədlər versin?
Sözgəlişi, bir vaxt Putinin ölkəmizlə ilgili “B variantı”nın mövcudluğu haqda yazmışdıq. O zaman ehtimal etmişdik ki, Bakı layihələrə xoşluqla qoşulmasa, ona qarşı təzyiq-şantaj siyasəti işə salına bilər. Belə görünür ki, bu variant öz aktuallığını itirir. İndi şərti desək, Putinin “C variantı” gündəmə gəlməkdədir – Azərbaycana xüsusi vəd-filan vermədən, onun ehtiyaclarına məhəl qoymadan, xüsusi əziyyət çəkmədən Güney Qafqazın bu açar ölkəsinə “sahiblənmək”, onun Qərblə münasibətlərini birdəfəlik korlayıb, bu münasibətlərin bərpasını geridönməz eləmək…
* * * *
Bəzi məlumatlara görə, artıq hakimiyyət daxilində Rusiyaya ifrat yaxınlaşmanın hansı sonuclar verə biləcəyinin fərqinə varmağa başlayıblar. Şərti desək, iqtidardakı “praqmatik qanad” bizə çatan bilgilərə görə, Kremlə geniş meydan tanınmasına qarşıdır. Onlar anti-Qərb ritorikasına bir an öncə pauza verməyin, Vaşinqton və Brüssellə münasibətləri qismən yumşaltmağın tərəfdarıdırlar. Təkcə Qarabağa görə yox, elə birinci hakimiyyətin öz maraqlarına görə.