“Xəbərdaram işindən, Qurtarmaram dişindən!” (veriliş üçün deviz)
İqtidarda olan bir qrup adam 20 ili neftin puluyla yola verdi və çox simvolikdir ki, “Əsrin müqaviləsi” adlandırılan 1994-cü il 20 sentyabr müqaviləsinin ildönümündə təzə bir milyardlarla dollar dəyəri olan qaz müqaviləsi bağladılar.
Əslində Azərbaycanın itirdiyi torpaqlara və şanslara görə əvvəlki müqaviləni “Əsirin müqaviləsi” adlandıra bilərik, çünki o müqaviləni bir növ, ölkəmizi diz üstdə çökdürüb məcburən imzalatmışdılar. Nəticə də, yuxarıda qeyd elədiyim kimi, itirilmiş şanslardan, perspektivi olmayan bir ölkədən ibarətdir. Ayağı tutanın xaricə qaçdığı bir yerə çevirdilər ölkəni… Ortada absurd şəkildə uzadılan bulvarlar, uzun bayraq dirəkləri, ənlik-kirşan vurulmuş binalar qalıb.
İndi imzalanan qaz müqaviləsinin qazıyla da dəxi 20 il azərbaycanlıları boğub yaşamaq olar. Ondan sonra Allah kərimdir… Nə biləsən bu torpağın altında üstündə yaşayanların evini yıxmaq üçün daha nələr var. Hətta ola bilər Kürdəmir tərəflərdən uran yataqları çıxsın, camaatımız radioaktiv şüalanıb tarixə qovuşsun. Buna bəlkə sevinmək də olar: heç olmazsa xalq bu yolla aktivləşər.
Hələlik kədərli şərhlərə ehtiyac yoxdur, yeyib-içib mümkün qədər dombalaq aşmalıyıq. Dünya praktikasından da yaxşı şeyləri götürüb pis şeyləri atmalıyıq. Misal üçün, Putin müəllimin şimalda tətbiq etdiyi yeniliklər və başqa köhnəlikləri burda bircə-bircə yaratmalıyıq. Bu günlərdə mən Rusiyadan çox ləzzətli informasiya oxudum. Orda hələ SSRİ-dən qalma bir uşaq verilişi var, adı yanılmıramsa “Spokoynoy noçi, malışi” – “Gecəniz xeyrə qalsın, balacalar” olmalıdır, donuz, dovşan, qarğa kimi heyvanlardan obrazlar qayırıblar, hərəsinə bir ad qoyublar, bu heyvanlar səfeh söhbətlər eləyib uşaqları yatızdırmağa çalışırlar.
Burda bir haşiyə çıxım ki, şəxsi təcrübəmdən bilirəm, balaca uşaqları yatızdırmağın ən düzgün yolu doğrudan da əcaib, məntiqsiz, loru dillə desək, “gicgicə” söhbətlər etməkdir. Nağıllar əsasən belə yaranmışdır. Uşaqların beyni saf olduğu üçün bu məntiqsiz söhbətləri həzm edə bilmir, başları yorulub uyuyurlar. Bizim yapist iqtidarımız təmiz ürəkli azərbaycanlıları məhz bu üsulla yatızdırıbdır. Bir babat Cırtdan da olmayıb ki, oyaq qalsın. Hələ barmağını kəsib yaraya duz basan, yatmayan Məlikməmmədi demirəm. Hardadır bizdə o bəxt… Biz ilk növbədə bir Cırtdan yetişdirməliyik. Sonra böyüdü bəlkə Məlikməmməd oldu. Ancaq qorxuram Cırtdan böyüyüb Təpəgöz olsun. Axı biz böyüyənə qədər onun bir gözünü çıxardacağıq! Qəsdlə, pis mənada yox, elə-belə, maraq üçün.
Uzun sözün qısası, həmin “Gecəniz xeyrə qalsın, uşaqlar” verilişində təzəlikcə maraqlı bir hadisə olub: verilişə yeni qəhrəman, personaj daxil edilib. Bu personaj Mur adlı pələng balasından ibarətdir.
Deyə bilərsiniz burda maraqlı nə var, uşaq verilişinə pələng kuklası qatıblar, nə olsun? Demək siz Rusiyanı yaxşı tanımırsınız. İşin tragikomik tərəfi ondadır ki, həmin personajı verilişə… Putin soxuşdurub! Mədəni dillə yazsaq, verilişə yeni personaj daxil etmək üçün guya müsabiqə olub, namizədlər arasında canavar, meymun, zürafə-filan təklifləri varmış, ancaq telekanal rəhbərliyi Rusiya prezidentinin təklifini qəbul edibdir.
Bu da sənə dünyanın altıda biri, nüvə dövləti, nə bilim, BMT TŞ-nin üzvlüyü… Adam uşaq verilişinə qədər əl uzadır. Daha totalitarizmin buynuzu olmaz ki…
İndi sözümün canı odur ki, bizim çiçəklənən respublikamıza da bu cür uşaq verilişləri lazımdır. Qoy yetişməkdə olan gənc nəsil həmin verilişlərə baxsın, düz yolda olsun, xaricdən maliyyələşən qara qüvvələrin təsiri altına düşməsin.
Vallah!.. Nə var axı xarici maliyyədə!? Lazım gəlsə hökumətimiz prezidentin ehtiyat fondundan hər bir layihəni maliyyələşdirməyə hazırdır. İstər “Şirvan şəhərində YAP-a təzə qoşulanların sünnət mərasimlərinin təşkili” layihəsi olsun, istər “Qarabağın azad edilməsində mina təmizlənməsi üçün qaçqınlara kitab yardımının innovasiya və məşğulluq konsepsiyalarının daxili bazara təsiri üzərində monitorinqlərin təşkilində milli mentalitetin qorunması” proyekti olsun. Təki sən sözə bax, dikbaşlıq eləmə, əyil deyəndə əyil, uzan deməmiş uzan.
Veriliş açılandan sonra orda hansı heyvan qəhrəmanlar olsun, bax, bu yöndə təklifləri biz respublika rəhbərliyindən ümidlə gözləyirik.