Qaradağ rayonunda Xəzər dənizində boğulan şəxsin meyiti tapılıb. Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Qulamov Qalib İsabala oğlu Qaradağ rayonu, Ələt qəsəbəsində dənizində çimərkən boğulub. Hadisə sentyabrın 15-dən 16-na keçən gecə saat 3-4 radələrində baş verib. Q.Qulamovun meyiti sudan çıxarılıb.
Facebok sosial şəbəkəsində Q.Qulamovun Milli Təhlükəsizlik Nazirliyinin şöbə müdiri olması haqda məlumat var. “Azərbaycanın kriminal həyatı” adlı istifadəçinin yaydığı məlumatda deyilir: “Bakıda Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxsinin meyiti tapılıb. MTN-in İmişli rayon şöbəsinin rəis müavini 48 yaşlı Qalib Qulamovun meyiti Ələt qəsəbəsi ərazisində Xəzər dənizi sahilində aşkar edilib. Q.Qulamov çimərlik geyimində olub. Avtomobili və paltarları isə meyitdən xeyli aralıda olub. Hadisədən əvvəl Bakıda yaşayan ailə üzvləri ilə danışıb və onların yanına gəldiyini deyib. Sonra isə ailə üzvlərinə onun ölüm xəbərini çatdırıblar. Onu da əlavə edək ki, Q.Qulamov bir müddət əvvəl isə MTN-in Biləsuvar rayon şöbəsinin rəisi olub”.
Bəzi məlumatlara görə, Q.Qulamov MTN-in Hacıqabul şöbəsinin rəisi olub, bu ilin aprelində təqaüdə göndərilib.
Məsələ ilə bağlı MTN-in ictimaiyyətlə əlaqə mərkəzi ilə əlaqə saxladıq. Mərkəz rəhbəri Arif Babayev bir qədər sonra məsələ ilə bağlı açıqlama verəcəyini bildirdi.
Musavat.com