Modern.az saytının 5 yaşı tamam olur. Əslində 5 yaş bir o qədər də böyük rəqəm deyil. Amma bu yaş məsuliyyətli dövrdü. İnsan ömrü ilə müqayisə etsək bu yaşda olan uşaqlar növbəti il üçün orta təhsil almağa hazırlaşır. Bu müqayisədə fərqli cəhət odur ki, Modern.az orta təhsilini, hətta ali təhsilini də başa vurub yolları çox da rəvan olmayan zirvələrə doğru irəliləyir.
Modern.az-ın sevilməyinin və seçilməyinin sirri nədir? Sözsüz ki, ilk növbədə dürüst və qərəzsiz xəbər, yazıların hazırlanmasına yaradıcı yanaşma, maraqlı müəllif yazıları, mükəmməl və peşəkar şərhlər. Ən başlıcası isə oxucu marağını və tələbatını nəzərə almaq.
Modern.az təkrarlamağı sevmir, bu sayta istinad olunmamış xəbərlərin qoyulması yolverilməzdir. Çünki Modern.az həm oxucularına, həm də digər informasiya saytlarına hörmətlə yanaşmağı özünə borc bilir.
Təbii ki, bu 5 il ərzində saytın fəaliyyətində müəyyən çətinliklər, problemlər də yaşanıb. Sevindirici haldır ki, saytın rəhbəri Elşad Eyvazlı və kollektiv problemləri aradan qaldıraraq çətinliklərdən çıxa biliblər. Bu isə Modern.az kollektivinin həmrəyliyinin nəticəsidir.
Yubiley münasibətlə mən ilk növbədə cəmiyyətimiz üçün dəyərli vətəndaş, vətənpərvər jurnalist Elşad Eyvazlını, üst-başından ən çox sevdiyim qoxu olan Qarabağın, Cəbrayılın iyisi gələn Əfqan Qafarlını, həmişə axtarışlarda olan, kompüterinin mausunu tez-tez Azərbaycan Milli Elmlər Akademiyasının və Yazıçılar Birliyini dəhlizində “gəzdirən” Elmin Nurini, maraqlı yazıları ilə oxucularını intizarda qoymayan Vüqar İsmayılovu, öz xoşbəxtliklərini Modern.az-ın redaksiyasında tapan Aqşin bəyi və Namidə xanımı, Azərbaycanın təhsil sistemində özünəməxsus yeri olan Gəncə Dövlət Universitetinin məzunu, saytda həmişə izi görünən Pərvin Arzuqızını, Misranə xanımı, Gülşən Raufqızını, Gültəkin Quliyevanı, Ulduz İbrahimovanı və saytın digər bütün əməkdaşlarını təbrik edirəm.
Böyük məmnunluq hissi keçirirəm ki, arabir öz imzama da saytın xəbər axarında rast gəlirəm, hərdən Kreml məmurlarını qəbirdən “çıxarıb” Modern.az-a “qonaq” gətirə bilirəm.
Bir daha 5 yaşınızı təbrik edir, ən səmimi arzularımı çatdıraraq VAR OLUN deyirəm.
İlham Cəmiloğlu