Bakı Ağır Cinayətlər Məhkəməsində 1 yaşlı körpəni öldürməkdə təqsirli bilinən Tovuz rayon sakini, 27 yaşlı Ziyafət Məmmədovanın məhkəmə prosesi yekunlaşıb.
Prosedə hökm oxunub. Məhkəmənin hökmü ilə Z.Məmmədova 11 il müddətinə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs 1 yaşlı Elmir Mehdiyevin bədən nahiyələrinə yumruq, şillə, başına isə televizorun pultu ilə zərbələr endirib, sonra da uşağın ayağını və qollarını alışqanla yandırmaqla onun ölümünə səbəb olub.
Xatırladaq ki, 2012-ci il, fevralın 29-da Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına ağır xəsarətlərlə daxil olmuş 1 yaşlı Elmir Mehdiyev orada keçinib. Körpənin bədənində və başında olan güclü zərbə, yanıq izləri ona əzab və işgəncə verilməkə öldürüldüyünü ortaya qoyub. Buna görə də körpənin vəziyyəti araşdırılıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmasından sonra müəyyən edilib ki, ölümlə nəticələnən xəsarətləri uşağa dayə yetirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Z.Məmmədova şübhəli şəxs qismində müəyyən olunub. Onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən Z.Məmmədova dayəlik təcrübəsi olmadığını, kafe-restoranlarda ofisiant işlədiyini deyib. Qadının sözlərinə görə, kirayədə birlikdə qeyri-qanuni yaşadığı Elçin adlı şəxs ona kafelərdə işləməyi qadağan edərək dayəliklə məşğul olmağı məsləhət görüb.
Z.Məmmədovanın sözlərinə görə, Elçin bir qadının 2 uşağına dayə axtardığını deyib: “Elçinin mənimlə tanış etdiyi Fərqanə Qurbanova ilə danışıb görüşdük. 4 yaşlı qızı Ayşə və 1 yaşlı oğlu Elmirə baxmaq üçün aya 200 manata razılaşdıq. Razılaşmaya əsasən, uşaqlar gecə-gündüz mənim yanımda qalmalı idi. Fərqanə 200 manatın 100 manatını tez verdi. Qalan 100 manatı isə danışdığımız vaxtda verəcəyini dedi. İlk baxışdan sakit uşaqlar idi. Özləri də bir az xəstə idi. Xüsusilə də Elmir. Möhkəm soyuqdəyməsi vardı. Ona dərman aldım, qayğı göstərdim. Bir sözlə, yaxşı baxırdım. Bir həftədən sonra Elmirin ad günü oldu, 1 yaşı olurdu. Həmin gün anası Fərqanə bazarlıq etdi, meyvə, şirniyyat, tort alıb bizə gəldi. Uşağın ad gününü bizdə qeyd edəndən sonra çıxıb getdi”.
Z.Məmmədovanın sözlərinə görə, ilk günlər hər şey öz qaydasında davam etsə də sonradan Elmirin mütəmadi olaraq ağlaması onu əsəbiləşdirib: “Tez-tez ağlayıb nadinclik edirdi, məni ev işləri ilə məşğul olmağa qoymurdu, hövsələdən çıxarırdı. Mən də onu döyürdüm. Bədəninin müxtəlif yerlərinə yumruq və şillə vururdum. Sonuncu dəfə televizorun pultu ilə başına zərbələr endirdim. Daha sonra qulağını burdum, qulağının aşağı hıssəsi cırıldı. Ara-sıra bu şəkildə döyürdüm”.
Qadının sözlərinə görə, bir gün mağazaya çörək almağa gedib. Elmiri isə 4 yaşlı bacısı Ayşə ilə öz qızına tapşırıb. Elmirin tez ayaq açıb yeriməsi üçün onlar uşağın əlindən tutub gəzdirirdilər. Bunu onlara həm də Elmirin anası Fərqanə tapşırmışdı: “Uşaq yeriməyə öyrəşdiyi üçün bir yerdə dayanmırdı. Ya iməkləyə-iməkləyə, ya da divardan tuta-tuta evdə quraşdırılan sobanın üstünə çıxırdı. Hətta bir neçə dəfə oradan yıxılmışdı. Mən də onu döymüşdüm, hətta qışqırmışdım ki, qorxsun və bir də belə eləməsin. Amma xeyri yox idi. Gördüm ki, Elmir yenə sobanın üstünə çıxıb. Mən də alışqanı yandırıb uşağın ayaq hissəsinə tərəf tutdum ki, qorxsun. Beləliklə, alışqanla ayaqlarını və qollarını yandırdım. Düşündüm ki, tok vurmaqdansa, alışqanla yandırsam yaxşıdır”.
Lakin bir gündən sonra Z.Məmmədova balaca Elmirin bədənində, əlində və ayağında yanıq izləri aşkarlayib. Sonra da dərman alıb, azyaşlının suluq bağlamış hissələrinə çəkib. Lakin uşağın getdikcə artan narahatçılığı ona bunların zərbənin təsirindən olmasını sonradan xatırladıb.
Elmirin nadincliyinə dözmədiyini deyib, özünə haqq qazandırmağa çalışan Z.Məmmədova özünün də müəyyən problemi olduğunu, başında ağrılar müşahidə edildiyini bildirdi: “Əsəbi olduğuma görə beynim səs götürmür. Bütün bunları etməkdə məqsədim uşağı sakitləşdirmək olub. İstəyirdim ki, bir az sakit olsun. Bütün günü ağlayırdı. Gah həyətə düşürürdüm, gah yatmağa aparırdım. Amma səsini kəsmirdi. Səhərə qədər ağlayırdı, ya da sakitcə oyaq qalırdı, oynamaq istəyirdi. Bilmirdim ondan acığımı necə çıxım. Mən də vaxtında yatmalı idim ki, səhər vaxtında oyanıb işlərimlə məşğul olum. Amma ağlıma da gətirə bilməzdim ki, Elmirin bədənini alışqanla yandırmaqla və yumruqla vurmaqla o, ölə bilər”.
1 yaşlı körpəyə verilən bu əziyyət və işgəncələrdən sonra onun halı birdən-birə pisləşib. Z.Məmmədova Elmirin temperaturunun yüksəldiyini müşahidə edib. Onu qonşusu ilə birlikdə Xırdalan Şəhər Xəstəxanasına aparıb. Lakin həkimlər Elmirin vəziyyətinin daha ağır olduğunu əsas gətirərək təcili yardım maşını ilə 2 saylı Qara Qarayev adına Uşaq Xəstəxanasına göndəriblər.
Zərərçəkmiş şəxs qismində ifadə verən Fərqanə Qurbanova işləmək məcburiyyətində qaldığından azyaşlı uşaqlarını dayəyə etibar etdiyini deyib: “Hər dəfə ora gedəndə görürdüm ki, uşaqlarla yaxşı rəftar edir, onlara yaxşı baxır. Baş verənləri fevralın 29-da öyrəndim. Həmin gün mənə xəstəxanadan zəng elədilər ki, Elmirin vəziyyəti ağırdır. Özümü xəstəxanaya çatdırdım. Gözlərimə inanmadım. Təxminən 10 gün əvvəl gördüyüm uşaqdan əsər-əlamət yox idi, tanınmaz hala düşmüşdü”.
Körpənin anası təqsirləndirilən şəxsə ömürlük cəza verilməsini tələb edib.
Məhkəmənin hökmü ilə Z.Məmmədova 11 il azadlıqdan məhrum edilib. Onun himayəsində olan azyaşlı qızı isə körpələr evinə təhvil verilib
(publika.az).